CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Leninin kostyumunun lənəti və ya məşhur şoumeni fəxri addan necə uzaq saldılar

"Təqsirim onda oldu ki, o məktubları oxumadım. Gərək oxuyaydım"
Sputnik

BAKI, 7 avqust — Sputnik. Aktyor, şoumen, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan estrada sənətinin banisi Qorxmaz Əlilicanzadə bu yaxınlarda “Əməkdar artist” fəxri adı ilə təltif olunub. Sputnik Azərbaycan tanınmış aktyorun ölkə mədəniyyətindəki çoxsaylı xidmətlərinə rəğmən gec yaşda fəxri ada layiq görülməsi ilə bağlı müsahibəsini təqdim edir.

Xəstəlikdən əziyyət çəkən aktyor: "Evimi də sataram"

- Qorxmaz müəllim, əvvəlcə, gec də olsa, fəxri ad aldığınıza görə sizi təbrik edir, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq. Telekanalların birində bu adı almağa sevinmədiyinizi dilə gətirdiniz. Səbəbi nədir?

- Təbrik üçün təşəkkür edirəm. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və xanımı birinci Vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığımı bildirmək istəyirəm. Mənim yaradıcılığıma dəyər veriblər. Efirdə mənim gileylənməyimə görə çoxları elə bildilər ki, mən onlardan şikayət edirəm. Bir şeyi başa düşmək lazımdır ki, əgər mənim təqdimatımı 10-15 il bundan əvvəl versəydilər, cənab Prezident mütləq qol çəkəcəkdi. Çünki onun mənimlə heç bir şəxsi-qərəzliliyi yoxdur. O həmişə istəyər ki, bir ailə sevindirsin, bir sənətkar sevindirsin. Neçə-neçə insanlara fəxri adlar təqdim etməklə onlara dəyər və stimul verib. Sadəcə təqdimatı vaxtında verən lazım idi.

- Bəs bu təqdimat niyə vaxtında verilmirdi? Siz 10-15 il əvvəl hər gün efirdə olurdunuz. Ad almağınıza nə əngəl olurdu?

- 1994-cü ildə yenicə təyin olunmuş Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev kabinetində mənə demişdi ki: “Nə qədər mən bu vəzifədəyəm, sənin işin "xod" getməyəcək!” Əgər bilsəniz ki, səbəbi nədir, məətəl qalacaqsınız.

- Hamı o səbəbi bilmək istəyir...

- 1991-ci ildə Ədalət Vəliyev Akademik Milli Dram Teatrında direktor müavini vəzifəsində çalışırdı. Mən həmin il “Oxşarlar festivalı” adlı ilk şou-proqramımı hazırlamışdım. Hazırlıq ərəfəsində "Nizami" kinoteatrının qarşısında mərhum sənətkarımız, Xalq artisti Lütfi Məmmədbəyovla rastlaşdım. Soruşdu ki: “Aləmi qatmısan bir-birinə. Reklamlarda deyirlər ki, sən “Oxşarlar festivalı” edirsən. 

"Nəm-nəm"dən baş rejissorluğa gedən yolun yolçusu: "Aktyorlar canavara çevrilib"
Nə olan şeydir?” Mən də proqramın tərkibini izah etdim. Soruşdu ki: “Nə çətinliyin var? Kömək edim!” Bildirdim ki, heç bir çətinliyim yoxdur. Bircə Lenin kostyumu lazımdır, onu da gedib dostum Ədalət Vəliyevdən götürəcəyəm. Lütfi Məmmədbəyov mənə dedi ki: “O kostyum mənə məxsusdur. Mənim icazəm olmadan onu heç kimə verməzlər. Sabah səhər 11:00-da gözləyəcəyəm. Gəl teatra. Ədalətə tapşırım, kostyumu sənə versin”. Dedim, yaxşı. 3-4 gündən sonra getdim teatra ki, Lütfi ilə üzbəüz gəlməyim. Çünki mən Ədalətlə dostluq edirdim. Dəfələrlə oradan nə istəmişəm, heç vaxt mənə imtina etməyib. İstədiyimi verib. Günorta 15:00-da getdim. Gördüm ki, qapıda Lütfi dayanıb. Məni görən kimi dilləndi ki: “A kişi, haradasan? Üç gündür ki, səni gözləyirəm!” Dedim: "Vallah, çox sağ olun. Ədalətlə dostuq. Özüm deyərəm, siz əziyyət çəkməyin". Dedi: “Nə danışırsan? Sənin atanın çörəyini yemişik. Müəllimimiz olub. Düş qabağıma!” Qolumdan tutub güclə məni aparıb saldı Ədalətin kabinetinə. Ədalət bizi görən kimi heyrətləndi. Lütfi dedi ki, “Qorxmazın atası bizim müəllimimiz olub, bizə çörək verib. Ədalət müəllim, xahiş edirəm ki, Leninin kostyumunu Qorxmaza verəsiniz”. Ədalət mənə tərəf çevrilib dedi: “Mən sənə indiyəcən nədəsə imtina etmişəm?” Dedim, yox. Dedi: “İndi isə imtina edirəm. Vermirəm!” Lütfi tutuldu. Mən məcbur oldum hadisəni danışmağa ki, Lütfi ilə necə görüşmüşük, 3 gün gec gəldim ki, Lütfi ilə rastlaşmayım. Gəldim gördüm qapıdadır və məcburən içəri gətirdi. Mən ha çalışdım başa salım ki, Ədalət dostumdur, dedi, mənsiz Ədalət kostyum verə bilməz. Bu əsnada Lütfi dedi ki: “Ədalət müəllim, mən sizdən xahiş edirəm”. Ədalət dedi ki: “Lütfi müəllim, nəslimi söysən də, verməyəcəyəm”. Lütfi pərt halda mənimlə otaqdan çıxdı.

Kiçik bir videonun bütün TV və mediaya verdiyi ibrət dərsi>>

Üstündən 3-4 il keçəndən sonra Ədaləti nazir müavini təyin etdilər. 1994-cü ilin sentyabrında növbəti “Şou-Əlili” adlı əyləncəli estrada proqramının yeni sezonunu başlayırdım. Sirkin direktoru məndən soruşdu ki: “Sənin Ədalətlə nə ədavətin var?” Dedim, heç nə. Dedi: “Dəfələrlə mənə deyib ki, bağla proqramı! Mən də Ədalətə dedim ki, sən nə danışırsan? Dörd ildir ki, sirkin bütün planını Qorxmaz verir. Onun hesabına mən kollektivə maaş verirəm. Get yanına, gör, nə məsələdir?” Mən getmədim. Dedim, mənim onunla ədavətim yoxdur ki, niyə gedim? 1995-ci ilin yanvar ayında növbəti xeyriyyə konsertimi verirdim. Yığılan pullardan qocaman incəsənət xadimlərinin adına banka pul qoyurdum ki, ayda faizini alıb, dolansınlar. Yanvar ayının 10, 11, 12-si tarixlərində konsertlərim vardı. Ayın 10-u – ilk konsret günündə  səhər saatlarında Ədalət Vəliyevin əmri gəldi ki, konsertlər dayandırılsın. Mən məcbur oldum ki, gedəm onun yanına. Öz otağında danışdıq. Baş verənlərin səbəbini soruşdum. Dedi ki: “Cənab Prezidentin əmri var ki, 20 Yanvarla əlaqədar bir həftə əvvəlcədən əyləncəli proqramlar dayandırılsın. Dedim, bilirəm. Amma ayın 13-dən 20-nə qədər olan bir həftə nəzərdə tutulub.  10-u, 11-i, 12-si olan konsertlərin qərara dəxli yoxdur. Dedi ki: “Səndən çox şikayətlər gəlir. Sən konsertlərdə göbək rəqsləri göstərirsən”. 7-8 ədəd məktub atdı qabağıma. Təqsirim onda oldu ki, o məktubları oxumadım. Gərək oxuyaydım. Mən dedim ki: “Mənim nəslimdə göbək rəqsi oynayan olmayıb!” 

Gənc aktyor: "Biletin qiymətini 2 manat edəndə dedilər varlanmaq istəyirsiz?"
Dedi: “Yox, e! Rəqqasələri deyirəm”. Dedim, necə olur ki, Rəşid Behbudovun konsertində rəqqasələr göbəyi açıq ərəb rəqsləri oynayanda danışmırdınız, mənə gələndə olmaz? Nəzərinizə çatdırım ki, mən ərəb rəqslərini göbəyiaçıq nümayiş etdirmirəm. Geyim ədəb-ərkan qaydalarına uyğun olur. O ki qaldı məktublara, istəsən, 100 məktub yazdırıb sənə göndərərəm ki, bu şou-proqramların tayı-bərabəri yoxdur”. 

Dedi: “Sən proqramları gərək bizə göstərəsən. Biz yoxlamalıyıq!” Dedim, sizin nazirlikdə şou sənətindən başı çıxan var ki, gəlib mənə baxıb, qiymət versin? Mən o qədər ifaçıları – Nəsibə Zeynalova, İlhamə Quliyeva, Mirzə Babayev, Mübariz Tağıyev, Sərxan Sərxan və s. adamları necə bir gün əvvəlcədən yığıb sizə konsert göstərim? Zalda həmişə iki yer nazirlik üçün boş qalır. Siz gəlib baxmalısınız, hansı nömrə xoşunuza gəlməsə, səhər deməlisiniz ki, o nömrəni çıxaraq. Dedim, mənə sənin haqqında dedilər ki, get, Ədaləti gör, sənə mane olmasın. Ədalət dedi ki: “Hansı vicdansız o sözü deyib? Mən burada indiyəcən 1 manat pul almamışam. Səbəbini açıq bilmək istəyirsənsə, niyə konsertlərini bağlatdırdım? Yadına gəlir, 1991-ci ildə Lütfi Məmmədbəyovu üstümə xahişə gətirmişdin?” Mən də dedim ki, Ədalət, mən atamı qabağıma salıb heç kimin üstünə xahişə aparmamışam. Axı sənə danışdım vəziyyət necə olub. Bunu deyəndən sonra vəziyyəti bir də danışdım, Lütfi Məmmədbəyovla bağlı hadisə necə olub. Bundan sonra Ədalət dedi ki: “Dəxli yoxdur e! Mən kinli adamam. Nə qədər mən bu vəzifədə oturmuşam, sənin işin "xod" getməyəcək!” Mən dedim ki, Ədalət, sirkdən çıxarsanız, gedib klublarda konsert verəcəyəm. Klublardan çıxarsanız, gedib stadionlarda konsert verəcəyəm. Oradan çıxarsanız, gedib meydanlarda tamaşalar oynayacağam. Onun da qabağını kəssəniz, gedib xalqımın toylarında onları sevindirib, xeyir-duamı verib, pul qazanacağam. Sən mənə heç vaxt mane ola bilməzsən! Sonra da durub, çıxdım otaqdan.

Azərbaycan və türkiyəli aktyorların müştərək işi: "Hərəkət səkkiz"

Bu hadisədən 24 il keçib. Allah onun canını sağ eləsin. O, etdiyini etdi. Zamanında Ulu öndərimizin, yaxud İlham Əliyev cənablarının masasına mənim fəxri adla bağlı təqdimatım getsəydi, yüz faiz əminəm ki, onlar qol çəkəcəkdilər. Çünki onlar sənətə və sənətkara həmişə dəyər veriblər. Bu səbəbdən deyirdim ki, artıq gecikmiş fəxri ad mənə lazım deyil. Çoxları elə bildilər ki, mən möhtərəm Prezidentimizdən incimişəm. Amma onun heç bir təqsiri yoxdur. Təqdimat gələn kimi dərhal qol çəkib. Bir daha Prezidentimizə və xanımına özümün və ailəmin adından minnətdarlığımı bildirirəm. Yəqin ki, bu məqalədən onların xəbəri olacaq. Bundan əlavə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmova minnətdarlığımı bildirirəm ki, fəxri adlarla bağlı mənim təqdimatımı verib.

- Belə çıxır ki, kiçik bir anlaşılmazlıq sizin fəxri ad almaq arzunuzu ürəyinizdə saxladı...

- Mən bu sənətə gələndə fəxri ad almaq arzusu ilə gəlməmişəm. Mən gəlmişəm ki, atamın sənətdə qoyduğu yolu davam etdirim. Xalqımı sənətimlə sevindirim, xidmətində dayanım. Bütün maneələrə baxmayaraq, bu işimi də davam etdirirəm.

- Soyadınızla bağlı bir neçə dəfə mətbuatdan şikayətlənmisiniz ki, sizin soyadınızı düzgün təqdim etmirlər. Bu barədə nə demək istəyirsiz?

- Bəzi saytlar və orada çalışan bəzi jurnalistlər öz savadsızlıqları ilə məni təəccübləndirirlər. Yazırlar ki, “Qorxmaz Əliliyə fəxri ad verilib”. Altından da Prezidentin sərəncamını verirlər. Məgər sərəncamı oxumağa savadları çatmır, görsünlər ki, soyadım orada necə qeyd olunub? Çətinliyə düşən kimi o dəqiqə deyirlər ki, camaat səni bu soyadla tanıyır. Nəzərinizə çatdırmaq istəyirəm ki, xalq artistləri İlham və Cəfər qardaşlarını 40 il ərzində Əhmədov soyadı ilə tanıyırdım.

Azərbaycanlı aktyorun ixtira etdiyi musiqi alətləri – qeyri-adi səslər... – VİDEO
 Bir neçə il əvvəl dəyişdilər soyadlarını və Namiq Kamal etdilər. İndi mən hər dəfə İlham, Cəfər Əhmədovlar deməliyəm və deməliyəm ki, bağışlayın, mən sizi belə tanıyıram? Ən azından, bu mənim onlara qarşı ədəbsizliyim olar. Məsələn, Respublikanın Əməkdar artisti Aygün Bəylər. Mən hər dəfə onu elan edəndə deməliyəm ki, Aygün Hümbətova? Sonra da gülə-gülə deməliyəm ki, biz səni belə tanıyırıq? Onların şəxsiyyətinə və soyadlarına ehtiramla yanaşmaq mənim borcumdur. Bunu ya qəsdən belə yazırlar ki, mən əsəbləşim, ya da ki, öz savadsızlıqlarını və laqeydliklərini göstərirlər! Mənim soyadımı dəqiqliklə yazıb məni təbrik edən saytlara və onların əməkdaşlarına, sənət dostlarıma, küçədə rast gələndə məni təbrik edən tamaşaçılara öz minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, mənim sənətimə məhəbbətlərini bildirib, hörmət göstəriblər.