BAKI, 1 avqust — Sputnik. Prezident İlham Əliyev Kərəm Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında əmlak məsələləri sahəsində dövlət idarəetməsinin təşkilində səmərəli fəaliyyətinə görə Kərəm Əvəz oğlu Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Kərəm Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad rayonunda anadan olub.
1992-2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi yüksəlib. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru və nazir müavini kimi vəzifələrdə çalışıb. 16 sentyabr 2001-ci ildən 16 sentyabr 2005-ci ilədək isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin direktoru vəzifəsində çalışıb.
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak marağı sürətlə artır>>
16 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyindən alınaraq onun əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılıb, sədri isə Kərəm Həsənov təyin edilib. O, bu vəzifəni 19 may 2009-cu ilədək daşıyıb. 19 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına əsasən, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilərək onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılıb və sədri Kərəm Həsənov təyin olunub.