İDMAN

AMADA rəhbəri: “İdman qidaları ilə bağlı yoxlamalar keçiririk”

Azərbaycan Milli AntiDopinq Agentliyinin rəhbəri idman qidalarında tapılan dopinqlə bağlı görülən tədbirlərdən danışıb
Sputnik

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Azərbaycan idmanı bu yaxınlarda növbəti qalmaqalla üzləşib: dopinq qəbulu ilə bağlı beş hal aşkarlanıb. Dopinq problemi ilə üzləşən idmançılar arasında ölkənin aparıcı velosipedçisi Kirill Pozdnyakov da var. Onun dopinq qəbulu ilə bağlı müxtəlif diskvalifikasiya tarixləri təyin edilib.

Son dopinq hadisəsinin fərqli cəhəti ondan ibarətdir ki, iki Azərbaycan idmançısı - cüdoçu Rüfət İsmayılov və yüngül atlet Azər Əhmədovun orqanizmində aşkarlanan qadağan olunmuş preparatlar onların yerli mağazadan aldıqları idman qidalarının tərkibində də tapılıb. Azərbaycan Milli AntiDopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli Sputnik Azərbaycan-a müsahibəsində idman qidalarında dopinqin aşkarlanması ilə əlaqədar hansı tədbirlərin görüldüyü və Ümumdünya AntiDopinq Agentliyinin (WADA) velosipedçi Kirill Pozdnyakovu niyə sərt şəkildə cəzalandırdığı barədə danışıb.

AMADA rəhbəri: “İdman qidaları ilə bağlı yoxlamalar keçiririk”

- Bu yaxınlarda Azərbaycanda satılan idman qidalarında dopinq aşkarlandı. Bu, ölkəmizdə ilk belə haldır?

- Bu, həqiqətən, AMADA təcrübəsində idmançıların test nümunələrində aşkarlanan qadağan edilmiş maddələrin idman qidası və bioloji aktiv əlavələrin tərkibində olduğunu ortaya qoyan ilk araşdırma idi.

- Nə qədər idmançı bu idman qidasından istifadə edib dopinqə "yoluxa" bilər?

- Biz hal-hazırda müvafiq strukturlarla birlikdə ölkədə idman qidası və bioloji aktiv əlavələrin istehlak bazarının geniş tədqiqatını aparırıq. Monitorinq başa çatandan sonra onun nəticələri barədə ictimaiyyəti məlumatlandıracağıq.

Daha bir neçə idmançımız dopinq qurbanı oldu

Ümumilikdə isə biz, müntəzəm olaraq, idmançılar, məşqçilər, idman həkimləri, federasiyaların nümayəndələrini idman qidalarının və bioloji aktiv əlavələrin tərkibində qadağan edilmiş maddələrin ola biləcəyi barədə məlumatlandırırıq. Həmçinin onlara bunun nəticələri barədə də xəbərdarlıq edirik. Bildiririk ki, idman qidalarının və bioloji aktiv əlavələrin istehsalçıları öz məhsullarının tərkibi haqqında tam və etibarlı məlumat verməyə bilərlər. Bu isə dopinq testi zamanı həmin qidaları qəbul etmiş idmançıları pozitiv nəticədən sığortalamır və buna görə məsuliyyəti həmin istehsalçı şirkətlər deyil, məhz idmançılar özləri daşıyır.

- Bu qidalar satışdan çıxarılıb?

- AMADA müvafiq dövlət strukturlarını Mega Sport şirkətinin istehsalı olan AMINO Hardcore əlavəsinin tərkibində qadağan edilmiş maddələrin olduğu barədə məlumatlandırandan sonra onun ölkəyə gətirilməsi dayandırıldı və bu əlavə satışdan yığışdırıldı.

- Dopinqə düşən beş idmançı arasında aparıcı velosipedçi Kirill Pozdnyakov da var. Məlumata görə, əvvəlcə AMADA onu 9 ay müddətinə cəzalandırmaq istəsə də, sonra WADA onu iki il müddətinə diskvalifikasiya edib. Niyə WADA cəzanı sərtləşdirib?

- WADA ona görə cəzanı sərtləşdirdi ki, Pozdnyakov eyni antidopinq qaydasını təkrar pozub. Onun dopinq nümunələrində birinci dəfə olduğu kimi yenə də "metabolit metilfenidat" tapıldı.

- Velosipedçi cəza müddətini azaltmaq niyyətindədir və bunun üçün vəkilə müraciət edib. Sizin fikrinizcə, onun şansı nə qədərdir?

- Antidopinq qaydalarına əsasən, Apellyasiya Komitəsinin qərarından sonra idmançı bu qərardan müəyyən edilmiş müddətdə İdman Arbitraj Məhkəməsinə müraciət etmək hüququna malikdir.

Olimpiadada ilk dopinq qalmaqalı baş verdi

- Dopinq "asılılığı" olan başqa azərbaycanlı idmançılar var?

- Hazırda həmin məlumatlar konfidensialdır. Qərar veriləndən sonra onlarla bağlı məlumatlar AMADA-nın saytında yerləşdiriləcək.

- Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalı (EYOF) zamanı AMADA nə dərəcədə fəallıq göstərə bildi?

- AMADA Bakıda keçirilən EYOF-2019-da dopinq nümunələri toplamaq üçün agent rolunu oynadı. Biz həm yarışlar dövründə, həm də yarışlar xaricində idmançıları testdən keçirdik. Dopinq nümunələri festivalın keçirildiyi bütün idman meydançalarında toplandı. Bütün toplanmış nümunələr analiz üçün Kölnə - WADA-nın akkreditə olunduğu laboratoriyaya göndərildi.

Festivalın işinə onlarla dopinq mütəxəssisləri, müşayiətçilər və könüllülər cəlb edilib. Bundan başqa, AMADA və Avropa Olimpiya Komitəsi festival çərçivəsində maarifləndirici tədbirlər keçirib.