Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 29 iyul — Sputnik. Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlı uşaqların təhsil problemi son günlər mediada tez-tez gündəmə gəlir. Məlumatlara görə, Azərbaycandan Türkiyəyə işləmək üçün gedən ailələrin uşaqları bu ölkədə təhsildən kənarda qalırlar. Onlar arasında Azərbaycanda doğulan uşaqlar da var, Türkiyədə dünyaya göz açanlar da...
Sputnik Azərbaycan-ın əməkdaşı bu problemin həlli yollarını araşdırıb.
Türkiyədə “Milli Qəhrəman Mübariz İbrahimov adına Azərbaycan məktəbi”nin direktoru İxtiyar Abdal Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, hazırda Türkiyənin müxtəlif bölgələrində təhsildən kənarda qalan 1000-dən çox azərbaycanlı uşaq var. Onlar əsasən Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa, Bayrampaşa, Sultanpaşa ərazilərində yaşayanlardır.
İxtiyar Abdalın sözlərinə görə, Türkiyədə qeydiyyatsız yaşayan məktəbyaşlı uşaqların təhsilsizliyi illərdir ki, onları narahat edən ciddi bir problemə çevrilib. Həmsöhbətimiz bildirir ki, qardaş ölkədə icazəsi olmadan yaşayan azərbaycanlı ailələrdə 18-25 yaşında oxumaq-yazmaq bilməyən vətəndaşlarımız var. İ. Abdal deyir ki, bu uşaqların Türkiyədə təhsildən kənarda qalmasının səbəbi azərbaycanlı ailələrin bu ölkədə müvəqqəti yaşama icazəsi almamasıdır: “Bu gün yüzlərlə ailə var ki, onlar Türkiyədə yaşama icazəsi olmadan çalışırlar. İşsizlik səbəbindən Türkiyəyə üz tutan ailələrin çoxu Naxçıvandandır. Türkiyədə yaşama icazəsi aldıqda 200 ABŞ dolları məbləğində rüsum və sığorta xərci tələb olunduğundan onların çoxunun bu məbləği ödəməyə maddi imkanı çatmır. Bu səbəbdən də həmin ailələr uşaqları ilə birgə Türkiyədə qeydiyyatsız yaşamaq məcburiyyətində qalırlar. Türkiyədəki qaydalara görə, həmin uşaqların təhsil alması üçün onların yaşamaq icazəsi alması şərtdir. Əks halda, belə qeydiyyatsız yaşayan ailələrin uşaqları məktəblərə bir neçə aylıq “müsafir öyrənci” kimi götürülürlər. Biz bu problemi görüb “Azerbaycan Eğitim ve Kültür Derneği”nin (Təhsil və Mədəniyyət Dərnəyi) rəhbəri Aygün Həsənoğlu ilə birgə Türkiyədə qeydiyyatsız yaşayan uşaqların təhsil alması üçün bir məktəb açdıq. Yavaş-yavaş ailələrlə söhbət edib təhsil almayan uşaqları bir araya toplamağa başladıq. Onların arasında 11-12 yaşları olmasına baxmayaraq heç vaxt məktəbə getməyənlər, 18 yaşlılar arasında hərf tanımayan uşaqlar var... Bu gün bizim məktəbdə 250-yə yaxın şagird təhsil alır”.
İxtiyar Abdalın sözlərinə görə, Türkiyədə “Milli Qəhrəman Mübariz İbrahimov adına Azərbaycan məktəbi”ndən əlavə, “Hüseyn Cavid adına orta ümumtəhsil məktəbi” də fəaliyyət göstərir:
""Zəhra ana" məktəbi də vardı və orada təxminən 150 uşaq təhsil alırdı. Məsciddə fəaliyyət göstərən həmin məktəb sonra bağlandı. "Hüseyn Cavid adına orta ümumtəhsil məktəbi"ndə isə 250-yə qədər Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlı uşaq təhsil alır".
Amma İ. Abdal deyir ki, bu məktəblərin heç biri tam orta təhsil vermədiyindən attestat vermək hüququ da yoxdur: “Bu məktəblərdə təhsil 4 və 9-cu siniflərə qədərdir. Bizim məktəblərimiz Türkiyənin Təhsil Nazirliyi tərəfindən məktəb kimi qeydiyyata götürülməyib. Türkiyədəki Azərbaycan dərnəklərinin nəzdindəki məktəblərin işi müəyyən sinfə qədər azərbaycanlı uşaqları öyrədib Türkiyənin dövlət orta təhsil müəssisələrinə yönəltməkdir. Türkiyədəki qaydalara görə, uşaqlar məktəbə qəbul olunarkən imtahan edilir, bilikləri hansı sinfə uyğundursa, o sinfə də götürülürlər”.
İ. Abdalın sözlərinə görə, əsas məqsəd azərbaycanlı uşaqların savadsız böyüməsinin qarşısını almaqdır: “Biz istəyirik ki, Türkiyəyə işləmək üçün gələn ailələrdə böyüyən, doğulan uşaqlar, heç olmasa, oxumaq, yazmaq bilsinlər”.
İ. Abdal deyir ki, Türkiyədə fəaliyyət göstərən Azərbaycan məktəblərinin şəraiti heç də yaxşı deyil: “Biz Türkiyədə bir neçə otaq kirayələyərək fəaliyyət göstəririk. Azərbaycan dövlətindən isə heç bir dəstək göstərilmir. Valideynlər məktəbə nə kömək etsələr, onun ümidinə fəaliyyət göstəririk. Bircə bizə dəstəyi Türkiyənin bələdiyyələri və Təhsil Nazirliyi verir. Otaq kirayələməyə, parta və kitab məsələlərinə dəstək göstərirlər. İmkan daxilində nə xahişimiz olsa yerinə yetirirlər”.
Həmsöhbətimiz deyir ki, Türkiyədə azərbaycanlı uşaqlar üçün türk dili və ədəbiyyatı dərsi türk müəllim tərəfindən tədris edilir. Onun əmək haqqını isə yerli bələdiyyə ödəyir: “Mən özüm də müəllim kimi fəaliyyət göstərirəm. Yerdə qalan fənlər üzrə müəllimləri isə əmək haqqı müqabilində işə dəvət edirik. Valideynlərin dəstəyi ilə biz onların əmək haqqını çətinliklə də olsa ödəyirik”.
İ. Abdal bildirir ki, Türkiyədəki Azərbaycan məktəblərində Azərbaycan dərsliklərindən istifadə edilir. O dərslikləri isə Bakıdan pulla alıb aparırlar:
“Biz Təhsil Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, Türkiyədəki Azərbaycan Səfirliyinə Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlı uşaqların təhsil probleminin dövlət səviyyəsində həlli üçün dəfələrlə müraciət etmişik. Hətta Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri bizim məktəbin fəaliyyəti ilə tanış olublar. Lazımi dəstək göstəriləcəyi deyilsə də, indiyədək nə itirən var, nə də axtaran”.
Əməkdar müəllim Asif Cahangirov problemin Türkiyə qanunları ilə bağlı olduğunu söyləyir: “Azərbaycan dövləti bu məsələdə necə yardım edə bilər axı? Türkiyənin qayda-qanunları var ki, ölkəyə işləmək üçün gələn əcnəbilər müvəqqəti yaşamaq icazəsi alsınlar. Bu qayda bizdə də var. Gərək həmin insanlar öz övladlarının gələcəyini düşünsünlər. Onların təhsildən kənar qalmaması üçün vaxtında yaşamaq icazəsi alsınlar. Mən burada Təhsil Nazirliyini və digər qurumları günahkar görmürəm”.
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, Türkiyədə təhsildən kənarda qalan uşaqların probleminin həlli ancaq və ancaq nazirlik səviyyəsində həll oluna bilər: "Söhbət 1-5 uşaqdan getmir, yüzlərlə uşaq var ki, təhsildən kənarda qalıb. Bu uşaqlar Türkiyəyə qazanc dalınca gedən ailələrdəndir. Fikrimcə, bizim Təhsil Nazirliyi qardaş ölkənin müvafiq qurumu ilə birgə əməkdaşlıqda bu məsələni həll edə bilər. Belə ki, bu qəbildən olan uşaqlar ibtidai məktəblərdə (ana okullarda) türk dilində təhsil ala və yaxud da orada Azərbaycan məktəblərinin sayını artıra bilərlər. Məsələn, İstanbulda H.Cavid adına və digər bir özəl məktəb var, amma yetərincə şagirdi əhatə etmir. Bu problemin həllində İstanbuldakı konsulluq da səy göstərməlidir.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Türkiyədə miqrasiya məsələləri üzrə qayda-qanunların çox sərt olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, Azərbaycanın miqrasiya qanunvericiliyinə görə, iki illik ölkədə yaşama icazəsi alanlar heç bir problem olmadan uşaqlarını məktəbə qoya bilirlər:
“Reallıqda bizdə əcnəbilərin uşaqlarının təhsili ilə bağlı Təhsil Nazirliyi sərt qadağalar qoymayıb. Türkiyədə isə uşağın valideyninin mütləq yaşamaq icazəsi olmaldır. Türk mənbələrinin məlumatına görə, hazırda bu ölkədə 40-50 minə qədər azərbaycanlı ailə qeydiyyatsız yaşayır. Onlar qeydiyyata düşməyincə həmin ölkənin orta təhsil müəssisələrində təhsil ala bilməzlər. Ona görə də düşünürəm ki, çıxış yolu Türkiyədə Azərbaycan məktəblərinin fəaliyyət göstərməsindədir. Bu yolla Türkiyədə qeydiyyatsız yaşayan uşaqlara tam orta təhsil vermək, eləcə də attestatla təmin etmək olar. Amma sözsüz ki, bu, iki ölkə arasında dövlət səviyyəsində razılaşdırılaraq mümkün ola bilər”.
Təhsil Nazirliyindən bununla bağlı sorğumuza cavab veriləcəyini bildirdilər. Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxlamaq cəhdlərimiz isə uğursuz oldu. Mövzunu davam etdirəcəyik.