Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 23 iyul — Sputnik. Bu gün "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 1,19 dollar artaraq 65,34 dollar təşkil edib.
Bunun əksi olaraq ölkədə qızıl və gümüş ucuzlaşıb. Belə ki, qızılın qiyməti iyulun 19-u ilə müqayisədə 25,058 manat azalaraq 1 unsiya üçün 2426,7925 manat təşkil edib.
Gümüş 0,0969 manat ucuzlaşaraq 1 unsiya üçün 27,7878 manata bərabər olub.
Maraqlıdır, buna səbəb olan amillər hansılardır və durum ölkəmizə nə vəd edir?
Bu barədə Sputnik Azərbaycan-a proqnzolarını açıqlayan iqtisadçı-ekspert deyib: "Qızıl və neftlə bağlı hansısa qısa dövrü əhatə edən qiymət dəyişikliklərdən irəli gələn nəticələrdən danışmaq o qədər də doğru deyil. Çünki hər ikisi siyasi vəziyyətə və bəyanatlara bağlı olan əmtəələrdir. Bu səbəbdən də günlük dəyişikliklər normal qarşılanmalıdır. Artıq uzun illərdir ki, bu vəziyyət hökm sürur".
"Lakin son bir ilə nəzər yetirdikdə qızılın qiymətində 16-17 faizlik artımın olduğunu görə bilərik. Hətta qızılın unsiyası 1300-1400 dollardan da yüksək olub. Neftin qiymətində isə oynaqlığı daha çox müşahidə edirik. Bu da siyasi bəyanatlar, hərbi-siyasi gərginliklərlə əlaqədardır. Hətta ABŞ prezidentinin bir "tvit"i belə neftin qiymətində özünü dərhal göstərir", - deyə ekspert əlavə edib.
Ekspert hazırkı duruma səbəb olan amilərdən də danışıb: "Hazırkı gərginliyin iki səbəbi var. Onlardan biri də İran ətrafında gedən proseslərdir.
"İran ətrafında müharibə təhlükəsinin olması neftin qiymətlərinin qalxmasına təsir edən amillərdəndir. Bundan başqa ötən həftə Amerikada neft buruqlarının sayında və neft ehtiyatlarında da azalma olub. Dünyada siyasi gərginlik artdıqca biz neftin qiymətinin artacağını müşahidə edəcəyik. Ümumilikdə neftin bahalaşması isə ölkəmiz üçün faydalıdır. Bu əlavə gəlirlərin gəlməsi deməkdir", - deyə iqtisadçı əlavə edib.