BAKI, 22 iyul — Sputnik. 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar iyulun 28-dək tədbirlərin keçirildiyi ərazi üzrə küçə və prospektlərdə yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib.
O, tövsiyə edib ki, bu mötəbər beynəlxalq tədbirin keçirildiyi ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və Bakı şəhərində süni sıxlığın yaranmaması məqsədilə yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara tövsiyə edilir ki, müvəqqəti olaraq, yəni iyulun 28-dək şəhərin mərkəzi istiqamətində yük maşınlarından istifadə edilməsin.
Belə ki, Xırdalan dairəsi Beynəlxalq Avtovağzal Kompleksi yanından, Lökbatan dairəsindən yük avtomobillərinin şəhərin mərkəzinə doğru hərəkətinə məhdudiyyət tətbiq edilir və istiqamət dəyişdirilir.
Yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılarına mövcud vəziyyəti nəzərə alıb alternativ variantlar üzrə hərəkət etmələri tövsiyə olunur.