BAKI, 21 iyul – Sputnik. İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Müsabiqəyə 56 KİV-dən 142 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib, ümumilikdə, 111 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Milli Mətbuatının 144 illiyi münasibətilə media işçilərini təbrik edib. Azərbaycan mediasının inkişafından danışan Əli Həsənov bildirib ki, mətbuatımızın 144 ilinin 27 ili müstəqillik dövrünə aiddir. Bu, bir reallıqdır ki, 27 illik tarixə malik müstəqil mediamız ölkəmizi dünyada layiqincə təmsil edir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Müstəqil mediamızın inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətlərini xatırladan Əli Həsənov deyib ki, 1998-ci ildə Ümummilli Liderin Fərmanı ilə Azərbaycan mətbuatı üzərindən senzura strukturları, eləcə də medianı tənzimləyən dövlət qurumu olan Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Beləliklə, Azərbaycan mediasına özünü ictimai tənzimləyə bilməsi üçün şərait yaradıldı. Jurnalistlərin dəstəyi və iştirakı ilə Mətbuat Şurası təsis olundu. Bu Şura mətbuatın, o cümlədən jurnalistlərin problemlərini mütəmadi araşdırır, dövlət qarşısında təşəbbüslərlə çıxış edir və müvafiq olaraq, dövlət tərəfindən o təşəbbüslərin ən mütərəqqilərinə dəstək verilir. “Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının təməlini qoymuşdusa, ulu öndər Heydər Əliyevin adı azad medianın banisi kimi tariximizə düşdü. Ümummilli Lider media ilə bağlı bütün tənzimləmə və senzura mexanizmlərini ləğv edərək Azərbaycanda azad mətbuat üçün lazımi şəraiti yaratdı. Ulu Öndərin 2003-cü ilə qədər bilavasitə özünün iştirakı ilə davam etdirilən media siyasəti həmin dövrdən etibarən Prezident İlham Əliyev tərəfindən dönmədən, ardıcıl, prinsipial şəkildə həyata keçirilir və medianın bugünkü inkişafında dövlətimizin başçısının xüsusi xidmətləri var”, - deyə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib.
Mətbuatımızın bugünkü reallığının Azərbaycan dövlətinin mediaya, jurnalistlərə dəstəyinin tam şəffaflaşdırılması, sistemləşdirilməsi və ardıcıl olaraq həyata keçirilməsindən ibarət olduğunu vurğulayan Əli Həsənov deyib: “2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu, sonra o konsepsiyanı reallaşdıracaq KİVDF yaradıldı. O gündən bu günə qədər Fond bilavasitə jurnalistlərin iştirakı ilə özünün Müşahidə Şurasını formalaşdıraraq Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən ayrılan yardımları media ictimaiyyətinə çatdırır, mətbuatımızın ictimailəşmiş problemlərini təhlil edir, araşdırır, dövlət qarşısında bu və ya digər təkliflərlə çıxış edir və o təkliflərə də dövlət tərəfindən dəstək verilir. Bu müddətdə Azərbaycan mediasına 50 milyon manata yaxın yardım göstərilib. Qəzetlərimiz bilavasitə və qismən dövlət tərəfindən maliyyələşdirilib.
Əli Həsənov sonda müsabiqədə qalib gələn jurnalistləri təbrik edərək, Milli Mətbuat Günü münasibətilə media işçilərinə xoş arzularını çatdırıb.