BAKI, 17 iyul — Sputnik. Ağ ev Türkiyəyə "F-35" qırıcı təyyarələrinin satışını istisna edir.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu qərarı ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini alması ilə izah edib.
"Türkiyə tərəfindən Rusiyanın "S-400" zenit-raket komplekslərinin alınması ilə Ankaraya ən yeni "F-35" təyyarələrinin tədarükü uyğun gəlmir", - Ağ evin mətbuat katibi Stefani Qrişem bəyan edib.
""F-35" Rusiyanın onun (təyyarənin - red.) qabaqcıl imkanlarının öyrənilməsi üçün istifadə edə biləcəyi kəşfiyyat məlumatlarını toplayan platforması ilə yanaşı mövcud ola bilməz", - Qrişem bildirib.
Mətbuat katibinin sözlərinə görə, ABŞ Türkiyəyə özünün "Patriot" sistemini almaq üçün "sıranın əvvəlinə keçmək" təklifi edib, amma nəticə əldə edə bilməyib.
Xatırladaq ki, ötən həftə "S-400" zenit-raket komplekslərinin birinci partiyası artıq Türkiyəyə çatdırılıb.
ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışıb. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid edib.
İyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib.Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.
Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində "F-35"lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.
Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.