YAZARLAR

Türkiyə fırtına öncəsi çalxalanır – Bu yay çox isti keçəcək

Maraqlı məqam isə bütün baş verənlər, xüsusi ilə "S-400"-lər Türkiyəyə gətirilməsinə dair yayılan məlumatlar fonunda rəsmi Vaşinqtonun səssizliyidir
Sputnik

BAKI, 11 iyul — Sputnik. Bu həftənin Türkiyə, onun tarixi üçün olduqca əhəmiyyətli olacağı əvvəlcədən bəlli idi. Çünki məhz bu həftə uzun müddətdir ölkənin, eləcə də dünyanın böyük marağına və ciddi müzakirələrinə səbəb olmuş "S-400" məsələsi öz kulminasiya nöqtəsinə çatacaq. Gözlənilən də baş verir. Həftənin əvvəli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, "S-400"-lər artıq Türkiyəyə gətirilməsi üçün təyyarələrə yüklənir və Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargahı hazırda bu komplekslərin ölkənin hansı bölgəsində yerləşdirilməsi üzərində iş aparır. Düzdür, Türkiyə prezidenti "S-400"-lərin gətirilməsi ilə bağlı konkret tarix verməsə də, hər şeyin Rusiya ilə razılaşdırılmış planla getdiyini bildirdi.

Ərdoğanın mətbuat katibi: "S-400"-dən sonra "S-500"-ləri almağı düşünürük

Lakin planla getməyən bir şey var idi. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından və onun ən tanınmış simalarından biri, keçmiş Xarici İşlər naziri Əli Babacan da bu həftə istefa ərizəsi yazaraq partiya sıralarını tərk etdi. Bu istefanın Türkiyə üçün bu qədər əhəmiyyətli bir vaxtda baş verməsi təsadüf kimi görünmür. Adətən siyasətdə təsadüf belə olmur. Bunu Babacanın istefası ilə bağlı yazılı açıqlamasına diqqət yetirəndə də aydın sezmək olur: "Son illərdə bir sıra sahələrdə atılan addımlarla inandığım dəyər və fikirlər arasında dərin fərqliliklər formalaşıb. Bu dönəmdə də Türkiyə yeni sınaqlarla qarşı-qarşıya qaldı. Ölkəmizdə isə parlaq bir gələcək vəd edən, bambaşqa gözləntiləri olan dinamik, yeni nəsillərimiz var. İçərisində olduğumuz şərtlərdə Türkiyə üçün yeni bir gələcək baxışa ehtiyac var. Ölkəmizdə hər sahədə doğru analizlər, yenidən düşünülmüş strategiyalar, planlar, proqramlar mövcuddur. Cəmiyyətin müxtəlif təbəqələri ilə apardığımız məsləhətləşmələr də bunu təsdiqləyir. Hamımızın məqsədi ölkəmizin etibarını yüksəltmək, xalqımızın rifah və xoşbəxtliyini artırmaq, Türkiyəni haqq etdiyi gözəl çatdırmaqdır. İnsan haqları, azadlıqları, demokratiya və hüququn üstünlüyü vazkeçilməz ilklərimizdəndir. Siyasətə girdiyim gündən bu yana bunlar üçün canla başla çalışdım. Allah sağlıq və ömür verdiyi müddət də bundan sonra da işləməyə davam edəcəyəm".

Açıqlamadan da aydın görünür ki, Əli Babacan AKP sıralarını tərk etsə də, siyasətdən getməyi düşünmür. Türkiyə KİV-i daha əvvəl də yaydığı məlumatda qeyd edirdi ki, Əhməd Davudoğlunun rəhbərliyi ilə yeni partiya yaradılacaq və bu prosesdə Baş nazirin sabiq müavini Əli Babacan da iştirak edəcək.

Ankara istəyinə çatdı, "S-400"lər gəlir

AKP-də baş verənlər isə İstanbul Böyükşəhər Bələdiyyəsi sədri seçkilərində "Cümhur" İttifaqına (CHP və İYİ partiyası formalaşdırıb) məğlubiyyəti fonunda həyata keçir. Onsuz da, İstanbul seçkiləri Türkiyədə Ərdoğan və AKP-nin seçkidə məğlubiyyətsizlik anlayışını aradan qaldırıb. Bu istefa və Davudoğlu-Babacan tandeminin yeni partiya qurması ilə bağlı söz-söhbət formasında gəzən məlumatlar AKP-yə olan təzyiqi bir qədər də artırır. Artıq Türkiyə prezidenti öz keçmiş silahdaşları - Abdullah Gül, Əhməd Davudoğlu və Ali Babacan arasında inciklik olduğunu gizlətmir. Vəziyyət o yerə çatıb ki, Türkiyə prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) Baş Qərargahında ölkənin 26 vilayətində 79 millət vəkili ilə görüşüb. Görüş mətbuata qapalı şəkildə keçirilsə də mediaya sızan məlumatlarda Ərdoğanın millət vəkilləri ilə Ali Babacanın istefasını və yaradıla biləcək yeni partiyanı müzakirə etdiyi məlum olub.

Türkiyə müxalifəti CHP və İYİ partiyaları isə sabiq AKP üzvlərinin yarada biləcəyi potensial partiyanı dəstəkləyib və bunun həmin partiyalar üçün təhdid olmaması qənaətindədir.

AKP-nin İstanbul seçkilərindən sonra kadr islahatlarına getməməsi, üstəlik mediada Binalı Yıldırımın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi vəzifəsinə gətirilməsinə dair məlumatlar vəziyyəti bundan sonra daha da mürrəkkəbləşdirə bilər. Yeri gəlmişkən, yerli media yazır ki, Ərdoğan Yıldırımın təyinatını bu həftə - Bosniya və Herseqovina səfərindən sonra həyata keçirməlidir.

Maraqlı məqam isə bütün baş verənlərin, xüsusi ilə "S-400"-lərin Türkiyəyə gətirilməsinə dair yayılan məlumatlar fonunda rəsmi Vaşinqtonun səssiszliyidir. 

İstanbul seçkilərinin verdiyi dərs – Siyasi iflas uzaqda deyil
Çünki Yaponiyanın Osaka şəhərində keçirilən "G-20" sammiti çərçivəsində Türkiyə və ABŞ liderləri bu məsələni müzakirə edərkən Türkiyənin Rusiyadan S-400 raketləri almaq planının "problem olduğu" qeyd edilib. Birləşmiş Ştatların Ankaraya "S-400" raketlərinin satışını və bu komplekslərin Türkiyə ərazisində yerləşdirilməsini belə asan həzm edəcəyi gözlənilmir. Vaşinqton artıq iyul ayında bu ölkəyə qarşı üç yeni sanksiya paketini tətbiq etmək imkanını nəzərdən keçirməsi də heç kimə sirr deyil. ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin rəsmiləri tərəfindən hazırlandığı bildirilən sanksiyalar paketi çətin dövrünü yaşayan Türkiyə iqtisadiyyatı, türk lirəsinin kursuna təsirsiz ötüşməyəcək.

Türkiyə müxalifətinin isə baş verə biləcəkləri öz lehinə çevirərək ölkə hakimiyyətinə olan təzyiqi artıracağı da istisna edilmir. Bütün bunlar isə 2023-cü ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinin daha erkən tarixdə keçirilməsi nəticələnə bilər. Görünən budur ki, bu yay qardaş Türkiyədə həm hava, həm də siyasi baxımından çox isti keçəcək.