BAKI, 7 iyul — Sputnik. Belarus Respublikasının Brest vilayətində Mercedes GL markalı avtomobil meliorasiya kanalına düşüb, beş nəfər həlak olub.
Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı respublikanın DİN mətbuat katibi Olqa Çemodanova Telegram-kanalında yayıb.
Onun sözlərinə görə, avtomobildə 10 nəfər varmış. Bunlardan 5-i kişi, 2-si qadın və 3-ü uşaqmış. Qəzada bir kişi, bir qadın və uşaqların hamısı həlak olublar. Bunlardan dördü yerindəcə keçinib, beşinci qurbanın - qızcığazın cansız bədənini isə xeyli sonra tapıblar.
Avtomobildəki şəxslərin vətəndaşlığı barədə məlumat verilmir.
Hadisə yerində dövlət avtomobil müfəttişliyinin əməkdaşları və xilasedicilər işləyirlər, müstəntiqlərin gəlişi gözlənilir. 1988-ci il təvəllüdlü sürücü sükan arxasına sərxoş halda əyləşibmiş. Çemodanovanın sözlərinə görə, o, 10 il əvvəl nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyinə görə sürücülük vəsiqəsindən məhrum edilibmiş.