Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 27 iyun — Sputnik. İyul ayı yaxınlaşdıqca "S-400" zenit raket komplekslərinə görə Türkiyə - ABŞ münasibətləri daha da gərginləşir. Artıq ABŞ tərəfi raketlər Türkiyəyə gələcəyi təqdirdə bu ölkəyə qarşı sanksiyaların tətbiq olunacağını, Ankaranın "F-35" qırıcıları ilə bağlı proqramdan çıxarılacağını bəyan edir.
Sputnik Azərbaycan məsələ ilə bağlı türkiyəli professor, Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztək ilə həmsöhbət olub.
İbrahim Öztək qeyd edib ki, Türkiyə və Birləşmiş Ştatlar arasında münasibətlər Koreya müharibəsindən sonra daima Vaşinqtonun lehinə, Ankaranın əleyhinə inkişaf edib: "Kipr hərəkatında Amerika Türkiyənin yolunu kəsmiş və ona qarşı embarqo tətbiq etmişdi. NATO üzvü olmağımıza baxmayaraq Alyansın təlimlərində ABŞ-a məxsus "Saratoga" gəmisindən atılan iki raket Türkiyəyə məxsus "Muavenet" gəmisini vurub. Körfəz hərəkatı, Suriyada baş verənlər həmişə Türkiyənin əleyhinə işləyib. Türkiyənin önəmli hərbi araşdırma və istehsal mərkəzi olan "ASELSAN"da rütbəli texniki mütəxəssislərin şübhəli ölümləri, ordu generalı Əşrəf Bitlisinin təyyarəsinin vurulması, Suriyada Amerikanın PKK, PYD və hətta İŞİD-lə əlaqələri həmişə Türkiyənin əleyhinə inkişaf edib. NATO ilə ABŞ-ın birlik, bütünlük təşkil etdiyi nəzərə alınaraq hazırda Türkiyə - ABŞ arasında baş verənlərin NATO-ya da təsir etdiyini demək olar".
Professor vurğulayıb ki, Türkiyədə İncirlik hərbi bazası olduqca böyük əhəmiyyətə malikdir: "Malatya rayonunun Kürəcik adlı ərazidə yerləşdirilən raket batareyaları ABŞ-ın maraqlarını və İsraili qorumağa yönəlib. Bundan əlavə, Türkiyədə bir sıra NATO bazaları və ya ortaq bazalar da var.
Suriya daxilində qarşıdurmalar başlayanda Türkiyənin bu ölkə ilə sərhədlərinə ABŞ, Hollandiya və Almaniyadan "Patriot" hava hücumundan müdafiə sistemləri gətirildi. "Patriot"lar Suriyadan Türkiyə ərazisinə atılan raketlərin heç birinin qarşısını almadı. Daha sonra Türkiyəni qorumaq üçün göndərilən bu sistemlər ABŞ tərəfindən geri aparıldı.
1998-ci ildə Yunanıstan Rusiyadan "S-300" raket əleyhinə sistemləri alıb Krit adasına yerləşdirdi. 2013-2014-cü ildə Yunanıstan və Rusiyadan olan texniklər ortaq təlimlər keçirdilər. Bununla bağlı NATO Yunanıstana heç bir səs çıxarmadı".
İbrahim Öztək qeyd edib ki, Türkiyə Cümhuriyyəti ərazi və əhalisinin sayı baxımından böyük ölkədir: "Onun ətrafında təbii olaraq düşmənlər də var. Müstəqil və suveren dövlət olaraq Türkiyənin istədiyi silahı istehsal etməsi və ya əldə etməsinin qarşısını heç bir qüvvə ala bilməz. Türkiyə NATO-da böyük bir gücdür. Amerikanın ən sonuncu nəsil təyyarəsi "F-35"in 900-dən çox hissəsi, parçası Türkiyədə istehsal edilir. Rusiya ilə "S-400" zenit raket komplekslərinə dair razılaşma yekunlaşdırılıb. Yaxın günlərdə bu komplekslər Türkiyəyə gətiriləcək. "S-400"lərin "Patriot"lardan üstünlüyü heç müqayisəyə də gəlməz. Rusların sistemi bu tip silahlar arasında ən mükəmməlidir. Bu silahın qarşılığında isə hazırda ABŞ daha əvvəl işə yaramayan "Patriot"ları satmaq niyyətindədir. Vaşinqton Türkiyəni eyni zamanda müqavilədən imtina etməyəcəyi təqdirdə "F-35" proqramından çıxarmaqla da hədələyir".
Professor vurğulayıb ki, lap əvvəldən sözdə strateji ortaqları olan Amerika Koreya müharibəsindən bu günə qədər Türkiyəni daima öz maraqları doğrultusunda aldadıb: "Pentaqon rəhbərinin səlahiyyətlərini icra edən Patrik Şanahan (Patrick Shanahan) Türkiyə Müdafiə nazirinə göndərdiyi məktubda NATO ortaqlığı və strateji ortaqlığa yaraşmayan bir dildən istifadə edib. Bu məktuba Milli Müdafiə Nazirliyimiz və Xarici İşlər Nazirliyimizdən verilən cavab eyni üslubda olub. NATO-nun Avropa Müttəfiq Qüvvələrinin rəhbəri, general Tod Uolters isə ABŞ silahlarının olduğu bir ölkədə Rusiya istehsalı olan silahların ola bilməyəcəyini vurğulayıb. Keçmişdə də ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq etməyə çalışanda İncirlik bazası da daxil olmaqla bir sıra ortaq bazalar Türkiyə tərəfindən bağlanmışdı. ABŞ və ya NATO hər zaman Türkiyəyə möhtacdır. Bu gün ABŞ artıq dünyada tək güc deyil".