Teymur Tuşiyev, Sputnik Azərbaycan
BAKI, 24 iyun - Sputnik. Bu gün dünyada özümdən güclü boks məşqçisini tanımıram. İraqın boks üzrə millsinin baş məşqçisi, 2004-cü il Afina Olimpiadasının iştirakçısı, azərbaycanlı idmançı Cavid Tağıyev belə bir bəyanatla çıxış edib. Azərbaycanlı mütəxəssis artıq 6 aydan çoxdur ki, İraq yığmasını çalışdırır və müəyyən uğurlara imza atıb. Onun yetirməsi Səhm Qədim Bakıda keçirilən "Böyük İpək Yolu" beynəlxalq turnirində mükafat qazanıb. Sputnik Azərbaycan-a müsahibəsində Tağıyev İraqa necə gedib çıxdığından, oradakı şəraitdən və Azərbaycan boksunun səviyyəsindən danışıb.
- İraqa necə gedib çıxmısınız?
- Bizi boks üzrə Azərbaycan yığmasından kənarlaşdırandan sonra kurs keçərək məşqçi lisenziyası aldım. 33 yaşımda boksda ən yüksək məşqçi kateqoriyası olan üç ulduz alan ən gənc mütəxəssis oldum. Mənə iki təklif gəldi - Bosniya və Herseqovinadan, bir də İraqdan. Nəticədə İraq federasiyasının təklifini qəbul etdim.
- Niyə Bosniya və Herseqovinanı yox, İraqı seçdiniz?
- Mənə İraq xalqının tarixi, onların nələrə qadir olduqları yaxşı məlumdur. Bundan əlavə, İraq yığması ilə işləyərək məşqçi kimi nəyə qadir olduğumu sübut etmək istəyirəm. Bu günədək heç bir iraqlı boksçu dünya çempionatının mükafatçısı olmayıb və Asiya çempionatının finalına da çıxmayıb.
Sizə açıq deyə bilərəm ki, hazırda dünyada özümdən güclü məşqçi görmürəm. Bu bəyanat kiminsə xoşuna gəlməyə bilər, lakin bu gün mən bunu deyirəm, sabah isə bunu işdə, yetirmələrimin nəticələri ilə sübut edəcəm.
- Həmin bölgədəki qeyri-sabit vəziyyəti nəzərə alaraq, İraqa getməkdən ehtiyat etmədiniz?
- Mən ilk dəfə İraqa yola düşəndə evdə hamı narahat idi, deyirdilər ki, orada hər gün partlayışlar baş verir. Lakin mən həmişə döyüşçü kimi yaşamışam və heç vaxt ölümdən qorxmamışam. Ölüm bizi harda olsa tapacaq. Qismətdən qaçmaq mümkün deyil.
Orada mənə həm işləmək, həm də yaşamaq üçün yaxşı şərait yaradıblar. Villa, sürücü ayırıblar. Sərbəst surətdə hərəkət edə bilirəm, lakin yalnız Bağdadın ərazisi ilə. Açıq desəm, bütün vaxtım məşqlərə gedir, ona görə də gəzintiyə elə də vaxtım olmur.
- Təhlükəsizliklə bağlı məsələlər nə yerdədir?
- Ümumilikdə sakitlikdir, təhlükəsizliyi silahlı qüvvələr təmin edir. Burada olduğum müddətdə hər hansı fövqəladə halla qarşılaşmamışam.
Hətta İraqa getməkdən qorxsaydım belə, mənim seçimim yox idi. Mən 11 il ərzində Azərbaycan boksunun birinci siması idim, lakin karyeramı bitirdikdən sonra burada heç kim mənə iş təklif etmədi, milli komandaya çağırmadı.
Doğma ölkəmdə məni qiymətləndirmədilər, ona görə də İraqa getməyə məcbur oldum. Hazırda Azərbaycanda mütəxəssislərin 85%-i öz həmkarlarından geri qalırlar. Onların çoxu dünya boksundakı son tendensiyaları izləmir.
- İraq yığmasının baş məşqçisi kimi hansı uğurlara imza atmısınız?
- Son uğurlardan yetirməm Səhm Qədimin Bakıdakı "Böyük İpək Yolu" beynəlxalq turnirində qazandığı bürünc mükafatı qeyd edə bilərəm. Dörddəbir finalda o Azərbaycan yığmasının kubalı legioneri, Rio-2016-nın gümüş mükafatçısı Lorenzo Sotomayor üzərində qələbə qazanıb.
Bundan əlavə, İraqın gənclərdən ibarət yığması bu yaxınlarda ərəb ölkələrinin çempionatında səkkiz bürünc medal qazanıb. Nəzərə alın ki, bundan əvvəl İraq boksçuları bu yarışlarda medal qazanmayıblar. İraqda mənim işimi qiymətləndirirlər, milli federasiyanın rəhbərliyindən təşəkkürlər almışam. İndi əsas vəzifəmiz Olimpiadaya lisenziya qazanmaqdır.
- Azərbaycanlı məşqçilərlə əlaqə saxlayırsız? Məsələn, Azərbaycan yığmasının baş məşqçisi Vaqif Şirinovla?
- O çox təcrübəli məşqçidir və ondan çox şey öyrənmək olar. Lakin boksun inkişafı bir adamın işi deyil. İndi Azərbaycan boksunun inkişafı arzuolunan səviyyədə deyil. Bütün boks Bkıdadır, bölgələrdə faktiki olaraq yoxdur. İlk növbədə, boksu bölgələrdə inkişaf etdirmək lazımdır, uşaqlara forma pulsuz verilməlidir, yarışlarda iştirak da pulsuz olmalıdır, Azərbaycan çempionatının qaliblərinə maaş verilməlidir.
Məsələn, Azərbaycan güləşində 2000-ci illərin əvvəllərindən dəqiq inkişaf sistemi qurulub. Bu sistem indiyədək öz bəhrəsini verir. Azərbaycan güləşçiıləri çıxış etdikləri istənilən turnirdən medalla qayıdırlar.
Azərbaycan boksunda təəssüf ki, belə bir sistem yoxdur. Ölkədə indi bölgələrdən olan güclü boksçular yoxdur. Rusiya, Kuba, Qazaxıstan, Özbəkistan yığmalarına baxın. Onların hər birində bölgələrdən olan çoxlu sayda boksçu var. Bizdə isə əgər bölgədən hansısa boksçu irəli çıxsa, onu hər yarışda sıxacaqlar və ciddi cəhdlə yığmadan kənarlaşdırmağa başlayacaqlar.
- Azərbaycan yığmasına başçılıq etmək təklifi gəlsə, necə reaksiya verərsiniz?
- Əgər təklifi qəbul etsəm, şərtim bu olar ki, Federasiyanın rəhbərliyi işimə qarışmasın. Məsələn, İraqda federasiyanın rəhbərliyi mənim hərəkətlərimə heç cür qarışmır. Mənim yığmaya bu və ya digər boksçunu cəlb etmək barədə qərarlarıma heç kim qarşı çıxmır. İstənilən halda, hələ ki İraq yığmasının məşqçisiyəm və məqsədim bu yığma ilə nəticələr əldə etməkdir.