"S-400"dən qorxanların sayı artır: Türkiyəyə daha bir çağırış

Ulrike Demmer Rusiyadan silah idxalına görə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edə biləcəyini xatırladıb
Sputnik

BAKI, 15 iyun — Sputnik. ABŞ-ın ardınca Almaniya da "S-400"lərdən narahat olub.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Almaniyanın hökumət sözçüsünün müavini Ulrike Demmer Türkiyənin Rusiyadan aldığı "S-400" müdafiə sistemi ilə bağlı açıqlama verib.

Ulrike Demmer bildirib ki, Almaniya hökuməti "S-400" ilə bağlı Türkiyəyə çağırış edib. Çağırışda vurğulanıb ki, Almaniya Türkiyənin qərarını NATO mövqeyi çərçivəsində bir daha nəzərdən keçirməsindən şad olacaq.

Ərdoğan: “Biz S-400 işini bitirmişik”

U.Demmer Rusiyadan silah idxalına görə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edə biləcəyini xatırladıb.

Türkiyə ABŞ-ın təhdidlərinə baxmayaraq, Rusiyadan "S-400" müdafiə sistemini alıb və o, 2 ay içərisində Türkiyəyə təslim ediləcək.

Qeyd edək ki, ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan məsələ ilə bağlı şərh verib: "Türkiyə "S-400" müdafiə sistemlərini alacaq demirəm. Artıq alıb. Bu işi bitirmişik. Türkiyə "S-400" sistemlərinin uyğun qiyməti ilə yanaşı, gələcəkdə onların birgə istehsal edilə biləcəyinə dair vədi nəzərə alaraq razılaşmaya imza atıb. İnşallah, "S-400"lər gələn ay təhvil veriləcək".

O, həmçinin vurğulayıb ki, Türkiyə F-35 təyyarələrinin yalnız müştərisi deyil, eyni zamanda onları istehsal edən tərəflərdən biridir.

"Bu günə qədər biz F-35 layihəsinə 1 milyard 250 milyon dollar ödəmişik", - Ərdoğan deyib.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da deyib ki, Birləşmiş Ştatlar Rusiyadan alınan "S-400" zenit-raket komplekslərinin alışı ilə bağlı Türkiyəyə sanksiya tətbiq edərsə, onda Ankara da cavab tədbirləri görəcək.

"S-400" ətrafında daralan dairə: Siyasi oyunlar hələ çox baş ağrıda bilər

Xatırladaq ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaraya Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alacağı təqdirdə "ciddi mənfi nəticələrin olacağı" barədə xəbərdarlıq edib.

O, əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.

Mayın 22-də ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.