İQTİSADİYYAT

Vergilər naziri Oqtay Əsədovun iradına cavab verdi

Mikayıl Cabbarov ticarət mərkəzlərində POS-terminalların işləməməsinə münasibət bildirib
Sputnik

BAKI, 14 iyun - Sputnik. “Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu məsələdə Vergilər Nazirliyi həmkar qurumlarla yaxından çalışır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat idxal vergisindən şikayət etdi: “40 faiz vergi tətbiq olunur”

Nazir bildirib ki, nağd pul kütləsinin çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb:

"Bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci illə müqayisədə pos-terminalların sayında 16%-dək azalma olub. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur”.

M.Cabbarov deyib: "Nağdsız hesablaşmaların aparılmasında ən böyük sual budur ki, tərəflər (sahibkarlar, banklar, vətəndaşlar) nə qədər maraqlıdır? Buna cavab vermək üçün aşağıdakı məsələlərə diqqət yetirmək vacibdir: İlk olaraq komissiya haqları. Hazırda pos-terminallar üzrə ödənilən komissiya haqqı Azərbaycanda 1,29-2,37% arası dəyişir. Müqayisə üçün Gürcüstanda 1,5-2%, İngiltərədə 1,5-2%, İtaliyada 2-2,5%, Rusiyada 2-3% arası dəyişir. Müqayisə üçün deyə bilərik ki, bizdə olan komissiya və tariflər xarici ölkələrdəkindən yüksək deyil. Dövlət bu tarif məsələsinə müdaxilə etmir”.

İnternet nəhəngləri əllərinin uzandığı bütün ölkələrdə vergi ödəyəcək

Vergilər naziri bildirib ki, mövcud qanunvericilik obyektlərdə POS-terminallar vasitəsilə nağdsız ödənişləri qəbuldan imtinaya görə məsuliyyət tədbirləri nəzərdə tutmur: “Nağdsız ödənişlərdən imtinaya görə məsuliyyət tədbirləri müəyyən edilməyib. Bu da bəzi vergi ödəyicilərinə müxtəlif bəhanələr gətirməklə POS-terminallardan istifadədən yayınmağa imkan yaradır.  Vergilər Nazirliyi əvvəllər də bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Lakin qurumlararası razılaşdırma proseduru zamanı bu təşəbbüs dəstəklənməyib. Əgər yenidən bu mövzu gündəmə gələrsə, qanunvericilik təşəbbüsünə malik orqan kimi Milli Məclisə həmin qanun layihəsini yenidən təqdim etməyə hazırıq”.

Qeyd edək ki, Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib. O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşməyin lazım olduğunu deyib.

“Hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əmək haqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın” - deyə Milli Məclisin sədri bildirib.