BAKI, 3 iyun — Sputnik. "Bu günün statistikasına görə Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştərilərinə "Azərpoçt" MMC tərəfindən ümumilikdə 62 milyon 940 min 280 manat 11 qəpik ödənilib". Bu barədə Sputnik Azərbaycan-a "Azərpoçt" MMC-dən məlumat verilib.
Xəbərdə bildirilir ki, problemli kreditlərin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri öz kompensasiya məbləğlərini "Azərpoçt" MMC-dən alırlar: "Kompensasiyası 500 manatdan aşağı olan müştərilər 15 milyon 56 min 243 manatı nağd şəkildə, kompensasiyası 500 manatdan yuxarı olan müştərilər isə 47 milyon 884 min 37 manat 11 qəpik vəsaiti kart vasitəsilə əldə edib. Kartların və PİN zərflərin regionlarda müştərilərə təqdim edilməsi prosesi may ayının 31-nə qədər həyata keçirilib.
Növbəti mərhələdə isə, yəni 1 iyun tarixindən aidiyyatı üzrə bölgələrdən öz kompensasiyasını gedib almayanlar, kartlarını və PİN zərflərini AZ1144 indeksli, Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən Şəbəkə Xidmət Mərkəzindən əldə etməlidirlər".
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt" MMC-nin icra etdiyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunur.