İDMAN

Londondakı səfirimizdən Mxitaryana çağırış: “Futbol oynamaq istəyirsənsə, Bakıya gəl”

London "Arsenal"ı Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək finalına gəlişi ilə bağlı yekun qərarını bu gün açıqlayacaq
Sputnik

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Əgər Henrix Mxitaryan Avropa Liqasının finalında futbol oynamaq istəyirsə, qoy Azərbaycan paytaxtına gəlsin. Sputnik Azərbaycan "The Times!"a istinadla xəbər verir ki, bunu Mxitaryana müraciətində Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə bəyan edib. 

"Arsenal" final matçının Bakıda keçirilməsindən narazılıq edib

"Mənim Mxitaryana müraciətim belədir: "Sən futbolçusan, futbol oynamaq istəyirsən? Bakıya gəl. Sən orada təhlükəsizlikdə olacaqsan. Əgər istəyirsənsə..." - Tağızadə deyib.

Britaniya nəşri qeyd edib ki, London "Arsenal"ı Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək finalına gəlişi ilə bağlı yekun qərarını bu gün - mayın 21-də açıqlayacaq. Klubda ehtimal edirlər ki, erməni yarımmüdafiəçinin "Arsenal"ın heyətində Bakıdakı oyunda iştirakı onu riskə atmaqdır. Eyni zamanda bu, komandanın əməkdaşlarını və oyunçularını qarşıdakı final matçında əsas məqsəddən yayındıra bilər.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi də bəyan etmişdi ki, Mxitaryanın təhlükəsizliyinə dövlət tərəfindən zəruri zəmanət verilir.

Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Yarış İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında olacaq.