CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nə köhnəni bəyənirik, nə yenini qəbul edirik – Amma tövsiyə də var

"O, adların bir qismi yaxşı səslənmədiyi üçün həmin adları daşıyan uşaqlar böyüdükdən sonra o adları dəyişdirmək istəyirlər"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Son günlər uşaqlara verilən adlarla bağlı məsələ yenidən gündəmə gəlib. Bu məsələnin gündəmə gəlməsinin əsas səbəbi isə ötən bir neçə ildə, o cümlədən yaxın bir neçə ayda yeni doğulan uşaqlara qəribə adların qoyulması olub. 

Gürcüstanda ən populyar üç soyaddan ikisi azərbaycanlılara məxsusdur
Təkcə son bir neçə ay ərzində yeni doğulan uşaqlara Arena, Jozef, Mənsə, Lavin, Dina, İmeda, Lekat, Mənasarə, Sürü, Casim, Romas, Miran, Adrenalin, Kumeyl kimi adların qoyulmasının qarşısı alınıb.

Adlarla bağlı məsələ Milli Məclisdə də bir neçə dəfə müzakirəyə çıxarılıb. Milli Məclisin Mədəniyyət komitəsinin üzvi Nizami Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında adlarla bağlı problemə toxunaraq tövsiyələrdən söz açıb: "Çalışmaq lazımdır ki, adlar milliliyi əks etdirsin və bir-iki sözdən ibarət olsun. Üç-dörd sözdən ibarət adlar qoyulmamalıdır. Həddindən artıq arxaik adlara üstünlük verilməməsi tövsiyə olunur. Sadə, xoş səslənən, mümkün qədər ahəng qanununa tabe ola adların qoyulması məsləhətdir".

Millət vəkili qoyulan mürəkkəb adlara da münasibət bildirib: "Azərbaycanda valideynlərin öz ata-analarının adlarını övladlarına verməsi adəti mövcuddur. Əksər hallarda bu cür adların xeyli hissəsi köhnəlmiş və mürəkkəb quruluşlu olur. O adların bir qismi yaxşı səslənmədiyi üçün həmin adları daşıyan uşaqlar böyüdükdən sonra adlarını dəyişdirmək istəyirlər. Ona görə də valideynlər çalışmalıdır ki, həmin mürəkkəb adların daha mənalı hissələrini övladlarına qoysunlar".

Həmsöhbətimiz adlarla bağlı son zamanlar yayılan mənfi tendensiyalardan da danışıb: "Ümumiyyətlə son zamanlar beynəlmiləl adlara meyllilik həddindən artıq artıb. Bunun da qarşısı alınmalıdır. Çünki bizim müəyyənləşmiş milli ad sistemimiz var və mümkün qədər o sistemdən kənara çıxmamağa çalışmaq lazımdır. Son zamanlar Alpər, Altay, Atilla, Aysel kimi adlar da çox populyarlıq qazanıb".

"Ümumiyyətlə iki cür dindən yayınma var. Onlardan biri xurafat, digəri isə ateizmdir. Din bizim mənəvi sərvətimizdir. Düşünürəm ki, belə adların qoyulması bizim islama qayıdışımızla bağlı oldu. Son zamanlar çox müraciət edilən adlardan biri olan Zəhra bizim üçün əlamətdar addır. Çünki böyük ədibimiz Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinin baş qəhrəmanı olan Zəhra əsərdə dilimizin müdafiəçisi kimi çıxış edirdi. Lakin bir auditoriyada 25 uşaqdan 10-nun adının Aysel, yaxud da Zəhra olmasını da düzgün hesab etmirəm. Bu qədər təkrarçılığın olması bir millətin ad sistemi, mədəniyyəti üçün qüsurdur" – deyə millət vəkili əlavə edib.

Təklif olaraq isə milli kökə aid yeni adların yaranması, Türkiyəyə məxsus adlardan istifadə edilməsi tövsiyə edilir: "Belə adların bir qismi artıq ənənəvi ada çevrilib. Toğrul adını buna misal olaraq çəkmək olar. Tövsiyə olunur ki, Önər, Odər, Ucal kimi yeni adlar yaratmaq olar. Bundan başqa, bizim yazılı abidələrimizdə olan adları qoymaq məqsədəuyğun olardı. Eyni zamanda da qazax, qırğız və türkmənlərdən müxtəlif adlar götürmək olar. Hətta çuvaş, yakut, altaylardan da müxtəlif adları götürərək qoymaq olar". 

Azərbaycanlı soyadını dəyişsə də ələ keçdi

N.Cəfərov ənənəviləşmiş ərəb mənşəli adların qoyulması məsələsinə də toxunub: "Bizim ənənəvi olan ərəb mənşəli adlarımız da var. Əhməd, Məhəmməd, Məmməd, Hüseyn, Həsən, Fatma kimi adları buna misal olaraq çəkmək olar. Bu cür adlar da qoyulmalıdır".

"Müsəlman, ərəb adlarının bir çoxu, əslində daha qədim dövrlərdən, Bibliyadan gəlir. Məsələn, Yusif adı öncədən İosif olub. Amma biz bu adı ərəb mənşəli bilirik. Etiraf edək ki, bu gün ərəbcə olan adlar da milli hesab edilir. Çünki bu adlar artıq bizim ənənəmizə daxildir. Bundan başqa, Avropa mənşəli olan bir sıra adlar da artıq bizim üçün milliləşib. Bu səbəbdən də kimsə övladına Hamlet, Ofeliya adını qoysa, belə addım etirazla qarşılanmaz" – millət vəkili əlavə edib.

Xatırladaq ki, təxminən, 10 il öncə Azərbaycan Milli Elmlər Akademiyasında xüsusi komissiya yaradılmışdı. Həmin komissiya tərəfindən adlar və soyadlarla bağlı prinsip işlənərək hazırlanmışdı. Sonradan isə adlarla bağlı bu məsələlər Milli Məclisin Mədəniyyət komitəsi tərəfindən müzakirəyə çıxarılıb.