YAZARLAR

Təkqütblülük siyasətinin iflası - Artıq köhnə dünya olmayacaq

2030-cu il etibarilə Çin HHQ-nin hərbi güc və texnologiya baxımından ABŞ-a çatacağı, hətta onu ötəcəyi proqnozlaşdırılır
Sputnik

BAKI, 11 may — Sputnik. ABŞ hökuməti 200 milyard dollar dəyərində idxal olunan Çin mallarına tətbiq olunan gömrük rüsumunu 10%-dən 25%-dək qaldırıb. Araşdırmaçılara görə, Çinin əks addım atması gözlənilir. Çin baş nazirinin müavini Lyu Xe Vaşinqtona gələrək amerikalı həmkarları ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Robert Laythayzerlə danışıqlar aparıb.

Xatırladaq ki, 5 may tarixində Tramp Çinlə iqtisadi danışıqların çox zəif getməsi üzündə rüsumların qaldırılacağını demişdi.

Tramp yeni iqtisadi müharibəyə başladı: Çinə 300 milyardlıq zərbə

Çin Xalq Respublikası Qərbin liberal qayda-qanunlarından faydalanaraq onların bazarına rahat şəkildə daxil olub, texnoloji şirkətlərini satın alırdı. Digər tərəfdən, Çin kəşfiyyatı ABŞ başda olmaqla, adıçəkilən ölkələrin texnoloji sirlərini, innovasiyalarını əllə keçirmək üçün aqressiv kiberəməliyyatlar aparır. Təsadüfi deyil ki, hazırda ABŞ-Çin rəqabətinin ən gərgin cəbhələrindən biri məhz texnoloji sahədir. Çin bu sahədə liderliyi ələ keçirməyə, ABŞ isə liderliyini qorumağa çalışır. Bütün bu səbəblərə görə, ABŞ-ın ötən ilin dekabrında elan olunan yeni milli təhlükəsizlik strategiyasında son 15 ildə təhdid sıralamasında ilk yerdə olan beynəlxalq terrorizmi böyük dövlətlərin rəqabəti əvəz etdi. Elan olundu ki, Çin, eləcə də Rusiya ABŞ-ın qlobal liderliyini, onun dəyərlərini təftiş etmək istəyən rəqib dövlətlərdir. Strategiyada etiraf edilir ki, ABŞ-ın Çinlə bağlı bundan əvvəlki siyasəti səhv olub və iflasa uğrayıb.

İndi Vaşinqton çalışır ki, Çin mallarına tətbiq etdiyi yüksək rüsumlar vasitəsilə həm qarşılıqlı ticarətdəki zərərini, həm də Çinin inkişaf tempini mümkün qədər azaltsın. Çinin ABŞ-ın texnoloji sirlərini ələ keçirməsinə qarşı da tədbirlər görülür. Ötən müddətdə Tramp Çin şirkətlərinin ABŞ texnoloji şirkətləri ilə ortaqlıq qurmasına mane olub, "Huawei", ZTE kimi Çin texnoloji sektorunun liderlərinin ABŞ bazarında fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Düzdür, əksər iqtisadçılar, analitiklər ticarət savaşının kimsəyə fayda verməyəcəyini, ABŞ-ın bu işdən qazanclı çıxmayacağını bildirirlər. Amma güman edilir ki, ABŞ üçün hazırda prioritet məsələ özü zərər çəksə belə, Çinin yüksək inkişaf tempi əldə etməsinə mane olmaqdır. 

"Foreign Policy": ABŞ-ın dünyadakı hərbi üstünlüyü keçmişdə qalıb
Hazırda Çin iqtisadiyyatında 7 faiz həcmində böyümə var və müəyyən durğunluq əlamətləri müşahidə olunur. Halbuki əvvəllər ölkə 10 faiz böyümə rəqəminə nail olmuşdu.

Gərginliyin hara qədər inkişaf edə biləcəyinə gəldikdə isə təhlilçilərin fikrincə, rəqabət əsasən iqtisadi və siyasi sahələrdə gedəcək. Amma hərbi toqquşma riskini də tam istisna etmək olmaz. ABŞ Çin ətrafında, ümumən Hind-Sakit okean regionunda öz hərbi gücünü artırır, Çinin öz qonşuları ilə yaşadığı problemlərdən faydalanmağa çalışır. Cənubi Çin dənizi hazırda planetin potensial münaqişə zonalarından biridir və son illər burada gərginlik hökm sürür. Gərginliyin səbəbi dənizin cənub-qərbində yerləşən Spratli (Nanşa) arxipelaqı ilə bağlıdır. Bu arxipelaqa aid adalar və riflər Çin və ətraf ölkələr - Vyetnam, Malayziya, Filippin, Tayvan, Bruney arasında mübahisə mövzusudur. Dənizdəki digər arxipelaq - Parasel (Sişa) adaları isə Çin, Tayvan və Vyetnam arasında narazılıq obyektidir. 2016-cı ildə Haaqa beynəlxalq məhkəməsi Filippin dövlətinin müraciəti əsasında qərar qəbul edib ki, Çin dənizdəki mübahisəli adalara ərazi iddiası irəli sürmək haqqına sahib deyil. Lakin Çin hökuməti bu qərarı tanımayıb. Pekin Cənubi Çin dənizinin akvatoriyasının 90 faizinə iddialıdır. Bu zona dünyanın ən önəmli dəniz yollarından biridir və il ərzində təxminən 5 trilyon dollarlıq mal daşınır. Dənizin bu hissəsi zəngin təbii ehtiyatlara da sahibdir, orada 11 milyard barel neft və 190 trilyon kubmetr təbii qaz ehtiyatı olduğu təxmin edilir. Bu səbəblə Çin həmin mübahisəli adalarda hərbi bazalar yaratmaq və süni adalar inşa etmək yolu ilə dənizdə mövqelərini möhkəmləndirir, "buranın sahibi mənəm" mesajı verir.

ABŞ-dan gərginliyi artıran qərar: Hərbi gəmilər yola çıxdı
 ABŞ isə bu mübahisədə digər ölkələri dəstəkləyir, onun hərbi gəmiləri mütəmadi olaraq mübahisəli adaların yaxınlığında üzür və Çinin qəzəbinə səbəb olurlar. Bu gərginliyin gələcəkdə böyüməsi və hərbi qarşıdurmaya çevrilməsi istisna deyil.

Ümumiyyətlə, ABŞ və Çin arasında rəqabət çox sahələri əhatə edir. 2030-cu il etibarilə Çin HHQ-nin hərbi güc və texnologiya baxımından ABŞ-a çatacağı, hətta onu ötəcəyi proqnozlaşdırılır. İki ölkə HHQ-ləri arasındakı texnoloji fərq 2030-cu ilədək qapanacaq. Hazırda Çin HHQ daha çox hərbçiyə sahib olsa da, ABŞ HHQ təyyarələrin sayı baxımından Çini üstələyir. Çinin hərbi modernləşmə və avadanlıq tikintisi sürətinə baxsaq, bu ölkə 2030-cu ilədək silahlanmaya 2 mindən çox təyyarə daxil edərək ABŞ HHQ-ni ötə bilər. Tədqiqatçı qeyd edib ki, bu sadəcə say məsələsi deyil. Çin qabaqcıl bacarıqlara malik "Chengdu J-20" və "Şenyang J-31" stelslərini silahlanmaya daxil etməkdədir. Bir tərəfdən isə o, Rusiya istehsalı olan Su-35S "Flanker-E" kimi qabaqcıl qırıcıları satın alır. Təkcə Çin yox, Rusiya da ordunun modernləşdirilməsi sahəsində böyük işlər görür. Tək fərq odur ki, Rusiya daha çox nüvə qüvvələri üzərinə fokuslanıb. Bir sözlə, ABŞ-ın təkqütblü dünya qurmaq siyasəti get – gedə problemə çevrilir...