TƏHLİL

Ağılları qarışdıran suallarla üz-üzə və ya Türkiyədə yeni "xəstəlik"

Yaşanan qalmaqallar, rəqibinin qalibiyyətini qəbul etməmək bəlası ölkəni qarşısı alınmaz gərginliklərə sürükləyə bilər
Sputnik

BAKI, 7 may — Sputnik. Türkiyə Yüksək Seçki Komissiyası (YSK) martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. Bununla da İstanbulda təkrar seçki keçiriləcək. 

Əkrəm İmamoğlu YSK-nın taleyüklü İstanbul qərarına münasibətini bildirdi

Müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) YSK-nın İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvinə dair qərarının müzakirəsinə həsr olunmuş yığıncaq keçirilib. İclasa CHP sədri Kamal Kılıçdaroğlu, partiyadan İstanbul bələdiyyəsinin sədr seçilmiş Əkrəm İmamoğlu ilə yanaşı, rəhbər şəxslər, CHP-nin deputatları, rayon təşkilatlarının sədrləri qatılıb.

Yığıncaqda partiyanın bundan sonra hansı addımlar atacağına dair müzakirələr aparılıb. Müzakirələrin nəticəsində iyunun 23-də İstanbulda keçiriləcək təkrar seçkidə iştirak etmək barədə qərar qəbul olunub.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. YSK Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib. YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

Beləliklə də 1 aydan çoxdur davam edən mübahisələrə son qoyuldu və proses iqtidarın istədiyi istiqamətə yön aldı. AKP seçkidə FETÖ (Fətullahçı Terror Təşkilatı) barmağı olduğunu iddia edir. Siyasi təhlilçilər bildirirlər ki, əgər seçkidə həqiqətən də FETÖ-nün barmağı varsa, onda bir çox suallar meydana çıxır. 

Qaynayan İstanbulla bağlı kritik toplantı başa çatdı, qərar açıqlandı

Seçki bir ölkənin həyata keçirdiyi ən önəmli tədbirdir və o ölkədə iqtidarda olan hökumət seçkinin təhlükəsiz və şəffaf keçirilməsinə görə məsuliyyət daşıyır. Bu dərəcədə önəmli bir seçkiyə terror təşkilatı müdaxilə edirsə, bunu qabaqcadan bilmək ölkə kəşfiyyatının, daha açığı Milli İstihparat Təşkilatının (MİT) vəzifəsi deyilmi?

Bunun ölkənin ən böyük kəşfiyyat xətalarından biri olduğunda razılaşa bilərik. Bəli, həqiqətən də elədir. İqtidarın tələbindən belə çıxır ki, MİT-də xeyli FETÖ-çü var. Onlar niyə təmizlənmir? Öz vəzifəsinin öhdəsindən gələ bilməyən MİT rəhbəri niyə istefaya göndərilmir?

Digər tərəfdən, seçkinin düzgün keçirildiyini bəyan edən və mandatı Əkrəm İmamoğluna verən YSK niyə sonradan öz qərarını dəyişdi? Bu dərəcə məsuliyyətli bir işin öhdəsindən gələ bilməyən, Türkiyəni beynəlxalq aləm qarşısında başıaşağı edən YSK başqanının o vəzifədə oturmağa nə qədər haqqı var?

Araşdırmaçılar onu da xatırladırlar ki, "müxalifət seçki düzgün keçirilməyəcək" deyəndə, "elə şey ola bilməz, hər şey nəzarətimiz altındadır" deyən daxili işlər naziri Süleyman Soylunun təmsil olunduğu iqtidar seçkiyə terrorçu müdaxiləsini iddia edir. Terrorçular içəridə yüz oyundan çıxanda, seçkinin təhlükəsiz keçirilməsinə cavabdeh olan Soylu və onun əməkdaşları hara baxırdı?

Əgər FETÖ içəri girib seçkiləri saxtalaşdırırsa, məntəqələrdə də partlayış edib insanların həyatına da son qoya bilər. Əgər belə bir biabırçılıq baş veribsə, Ərdoğan Soylunu istefaya göndərməli deyilmi?

Əgər seçkiyə terrorçular müdaxilə edibsə, onlar niyə təkcə böyük şəhər bələdiyyə sədrliyini hədəfə alıblar? Həmin müdaxilə AKP-nin qalib gəldiyi bölgələrdə niyə edilməyib? Əgər YSK seçkini ləğv edirsə, İstanbulda bütün bələdiyyə institutlarına keçirilən seçkiləri ləğv etsə, daha məntiqli olmazdımı?

İndi əsas məsələ "növbəti seçki prosesi necə keçəcək" sualına cavab tapmaqdır. Əsas mübarizə yenidən AKP ilə CHP arasında keçəcək. CHP təbii olaraq seçkiyə İmamoğlu ilə gedir. AKP də yenidən Binəli Yıldırımın namizədliyi üzərində dayanıb (Hərçənd, özünün son dövrlərdə verdiyi açıqlamalardan da hiss olunur ki, Yıldırım özü artıq bu işə könülsüz yanaşır). Qanuna görə, AKP digər namizədlə də çıxış edə bilməz. 

İstanbul seçkilərində "FETÖ izi" axtarılır, 43 nəfər deşifrə edilib

Göründüyü kimi, bir sıra suallar açıq qalır. Üstəlik yeni suallar da meydana çıxır. Məsələn, seçkiyə yenidən FETÖ-nün müdaxilə etməyəcəyinə kim təminat verir? Hökumət verə bilməz, çünki verdiyi ilk təminatla özünün yanıldığını etiraf etdi.

Yaxud kim seçkinin şəffaf keçiriləcəyi zəmanətini verir? Seçkinin saxtalaşdırılacağı barədə kifayət qədər iddialar var. İqtidar cəmiyyəti seçkinin normal keçəcəyi barədə əmin etməlidir. Bu, Türkiyədə müxalifətlə iqtidar arasındakı mübarizəni şiddətləndirib küçə savaşı halına sala bilər.

Seçkilərdən sonra Türkiyəni gözləyən durumu dəyərləndirəcək olsaq, seçkinin qalibinin yenidən Əkrəm İmamoğlu olacağını ehtimal edə bilərik. Lakin Ərdoğan da nəticəsinə əmin olmadığı seçkiyə getmir. Bu dəfə də CHP qalib gələrsə, bu, AKP-nin nüfuzuna ciddi zərbə vura bilər. Seçkinin qalibi bu dəfə iqtidarın namizədi olsa, müxalifət iqtidarı seçkini saxtalaşdırmaqda ittiham edəcək, ölkədə siyasi vəziyyət gərginləşəcək.

Bu hadisə Türkiyədə xalqın səsinə inamsızlığın, seçkilərə şübhəli yanaşmağın əsasını qoydu. Artıq Türkiyədə keçirilən seçkilərdə zaman-zaman uduzan tərəfin səslərin yenidən hesablanması və seçkinin yenidən keçirilməsi barədə tələbinin şahidi olacağıq.

Uzun zamandır hərbi çevriliş xəstəliyi ilə mübarizə aparan və yenicə sağalan Türkiyə indi də bu cür "xəstəliyə" yoluxdu. Bu kimi qalmaqallar, rəqibinin qalibiyyətini qəbul etməmək Türkiyədə gələcəkdə qarşısı alınmaz gərginliklərə səbəb ola bilər.

Yaşananlardan sonra Davudoğlu-Gül-Babacan birliyinin yeni partiya qurmaq planı daha sürətlə işləyəcək. Onların sırası, hətta daha da genişlənə bilər. Çünki bu hadisədən narazı olan xeyli sayda partiya üzvü var. AKP qalib olmasına baxmayaraq, heç də asan olmayan dönəmə qədəm basır. Ümumiyyətlə, Türkiyədə ciddi proseslər məhz bundan sonra başlayacaq...