CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kredit təşkilatından müştəriyə zəng: "Sənin nəslini-kökünü..."

Bir kredit şəbəkəsinin əməkdaşları vətəndaşla bu cür danışmaq ixtiyarını haradan və necə alırlar?
Sputnik

Gülnarə Cəfərova, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Mən, vətəndaş Gülnarə Cəfərova! Azərbaycan mediasının diqqətini ilk baxışda olduqca sadə görünən, lakin əslində böyük problemləri özündə birləşdirən, böyük bəlalara yol aça bilən bir məsələyə yönəltmək istəyirəm.

Problemli kreditlərin həllinə dair qaranlıq məqamlar aradan qalxır - Yeni şərh

Ötən ilin yayında Sumqayıt şəhərində yerləşən "Sulh Electronics" mağazasından kreditlə notbuk götürmüşəm. Bu vaxtacan kredit ödəməsində heç bir problemim olmayıb. Hətta bu mağazanın daimi müştərisi olduğum üçün və ödəmələrimdə gecikmə olmadığı üçün mağaza yeni məhsul almağımı özü təklif etmişdi. Bu ilin aprel ayında bir sıra işlərimin və şəxsi məsələlərimin sıxlığı səbəbi ilə kreditin ödənişini gecikdirmişəm.

"Sulh Electronics" mağazası ilə aramda heç bir problem olmayıb. O mağazadan da, əməkdaşlarından da razıyam. Lakin kredit gecikməsinə görə Bakıda yerləşən "Sky Ekspress"in baş ofisindən mənə zəng edən bir xanımın müştəri ilə danışıq tərzi, işlətdiyi ifadələr məni bir insan kimi səbrimin hüdudlarına çatdırıb.

Zəng edən xanım eyni danışıq tərzi ilə yaşlı anama da zəng edib, etikadan kənar davranışı ilə ailəmə də əsəb problemləri yaşadıb. Bu xanımın müştəri ilə danışıq mədəniyyətinin olmaması barədə şirkətin baş ofisinə zəng edib şikayətimi bildirdim. Şikayətimə baxan başqa bir xanım ondan da betər danışıq tərzi ilə məni tamam təəccübə saldı.

Mənimlə ilk əlaqə saxlayan xanımın işlətdiyi ifadələrin bəzilərini bura olduğu kimi yazıram: "Əlini qulağının dibinə qoyub gözləyirsən, keyfin nə vaxt istəyir, onda ödəyəcəksən?", "Ödənişi etməmək sənin başın üçün deyil!", "Mən sənin nəslini-kökünü yığım, sənin də ağlın başına gəlsin!"

Bu cür ifadələr işlədən, nitq mədəniyyəti, müştəri ilə ünsiyyət qabiliyyəti olmayan bir adamın bu şirkətdə niyə çalışması ilə bağlı şikayət edəndə mənim şikayətimə baxıb mənə zəng edən ikinci xanımın işlətdiyi ifadələrdən də bəzilərini yazıram: "Bizim müdiriyyətimiz deyib ki, söyüş-təhqir olmadan səs tonunuzu qaldıra bilərsiniz, bizim sizinlə bu tonda danışmağa ixtiyarımız var. Siz hara istəyirsiz, şikayət edin, amma sizin üçün yaxşı olmayacaq!" 

Deputat: "Kredit faizlərinin azaldılması üçün iqtisadi təsir mexanizmləri yaratmaq olar"

Bir kredit şəbəkəsinin əməkdaşları bir vətəndaşla bu cür danışmaq ixtiyarını haradan və necə alırlar? Bu xanımlar bir vətəndaşı belə rahatlıqla hədələmək cürətinə necə sahib olurlar? Onların arxasında kim dayanır?

Hamımıza məlumdur ki, kreditlə bağlı problemi olan çoxsaylı insan intihar edib. Baş verən bu hadisədən sonra intiharların səbəbinin təkcə maddi çətinlik olduğunu düşünmürəm. Hesab edirəm ki, onların intiharının bir səbəbi də krediti verən şirkət əməkdaşlarının bu cür təhqirləri, şərəf və ləyaqəti alçaltmaları, insanların qürurunu sındırmaqları və onları açıq-aşkar hədələmələridir. Ona görə də belə adamların tərbiyədən, mədəniyyətdən, etikadan kənar davranışları, müştərinin şərəfini, ləyaqətini təhqir etmələri, müştəriyə hədə-qorxu gəlmələri qanuni səviyyədə cəzalandırılmalıdır.

Nəzərinizə onu da çatdırım ki, mənə birinci zəng edən xanımın mədəniyyətsiz danışığından sonra onlara bildirdim ki, "Mənə zəng edən kimi bu tonda danışmağa ixtiyarınız yoxdur, hər şeyin hüquqi bir yolu var. Ödənişi gecikdirmişəm, cəriməsi ilə birlikdə ödəyəcəyəm. Siz hansı hüquqi tədbir görsəniz, mən ona riayət edərəm. Amma hüquqdan, qanundan, qaydadan kənar olan bu davranışa görə sizdən üzr gözləyirəm. İşlətdiyiniz ifadələrə görə və danışıq tonunuza görə üzr istəməyincə, heç bir ödəniş etməyəcəyəm."

Digər təhqir və hədə-qorxular mənim bu tələbimdən sonra başladı. İndi də media vasitəsi ilə bütün ictimaiyyətə bildirirəm ki, mənə zəng edən bu xanımlar məndən üzr istəməyincə və çalışdıqları müəssisə tərəfindən cəzalandırılmayınca, heç bir ödəniş etməyəcək, hətta şirkəti məhkəməyə verəcəyəm.

Azərbaycan mediasını bu məsələni gündəmdə saxlamağa çağırıram. Bank, kredit təşkilatı, kredit şəbəkələri tərəfindən əməkdaşların sərt rəftarına, təhqirinə, hədə-qorxusuna tuş gələn bütün vətəndaşları mənimlə bir olmağa, bu adamların hökmranlığına, qanundan kənar davranışına, dərəbəyliyinə qanuni yolla son qoymağa səsləyirəm.

Qeyd: Telefonumda bütün danışıqları qeydə alan proqram olduğu üçün, telefon danışıqlarının hamısının səsyazması məndə var. Zəng edən nömrələri də qeyd edib, saxlamışam.

Redaksiyadan əlavə:

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı “Sky Express” adından Gülnarə Cəfərovaya zəng gələn telefon nömrəsi ilə əlaqə saxlayıb. Zəngə cavab verən, lakin adını açıqlamayan bir xanım baş verənləri təkzib edib və belə bir hadisənin yaşanmadığını söyləyərək, telefonu söndürüb. 

"Banklarda depozitlərlə kreditlər arasında 20 faizədək fərq var"

Maraqlıdır, belə olan halda müştəri hüquqlarının müdafiəsi üçün hansı addımları atmalıdır? Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu suala cavab verib.

O bildirib ki, kredit təşkilatının zəng edərək ödənişi tələb etmək hüququ var: "Lakin onların gecikməyə görə kimisə təhqir etmək hüququ yoxdur. Müştərinin sübutu varsa, o təhqirə görə vurulan mənəvi ziyanı tələb etmək üçün məhkəməyə də şikayət edə bilər".

Mütəxəssisin sözlərinə görə, "Sky Express" kredit təşkilatıdırsa, o zaman müştəri Maliyyə Bazarlarına Nəzarət Palatasına da bununla bağlı şikayət ünvanlaya bilər: “Bu şirkət kredit təşkilatı deyilsə, o zaman müştəri İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edə bilər. Belə olan halda isə mənəvi zərər borcun bir hissəsi ilə əvəzlənəcək”.