İDMAN

İkinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək karateçilər məlum oldu

Karateçilərimiz əsasən ötən günlərdə İspaniyada son qitə çempionatında qazandıqları reytinq xalları ilə Avropa Oyunlarında iştirak etmək hüququ qazanıblar.
Sputnik

BAKI, 11 aprel — Sputnik. Bu ilin yayında Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunlarına və payızda Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərində ANOC Dünya Çimərlik Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları açıqlanıb.

Karate milli yığması əsas məqsədini açıqladı

Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, 21-30 iyun tarixlərində 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı yarışda 6 karateçimiz iştirak edəcək. Kumite turnirində Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev (+75 kq), Asiman Qurbanlı (+84 kq) eləcə də Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq), kata yarışlarında isə Roman Heydərli təmsil edəcək. Qeyd edək ki, karateçilərimiz əsasən ötən günlərdə İspaniyada son qitə çempionatında qazandıqları reytinq xalları ilə Avropa Oyunlarında iştirak etmək hüququ qazanıblar. 2-ci Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

Son Avropa üçüncüsü Roman Heydərovun nəticəsi ona həm də ANOC Dünya Çimərlik Oyunlarında ölkəmizi təmsil etmək şansı verib. San Dieqoda 9-15 oktyabr tarixlərində mötəbər yarışın karate turniri isə 10-11 oktyabrda keçiriləcək.