TƏHLİL

Yeni Suriya düyünü: Bölgədə növbəti qarşıdurmanın işartıları görünür

Yeni Suriya düyünü: Bölgədə növbəti qarşıdurmanın işartıları görünür
Sputnik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər terrorizmə qarşı ən sərt şəkildə mübarizə aparılmasının və Suriyada siyasi prosesin dəstəklənməsinin vacibliyini vurğulayıblar. Bundan əlavə, T.Ərdoğan və D.Tramp ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini müzakirə ediblər.

Ağ Evin mətbuat katibi Sara Sanders Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon görüşündən sonra ABŞ ordusunun Suriyadan çıxma prosesi ilə bağlı bəyanat yayıb. S. Sanders 200 nəfərlik hərbçidən ibarət sülhməramlının Suriyada daha bir müddət qalacağını bildirib.

Trampdan Suriya ilə bağlı vacib qərar

Məsələ ilə bağlı detalları açıqlamayan Sandersin bəyanatının Ərdoğan-Tramp görüşündən sonra açıqlanması diqqət çəkib.

Vurğulayaq ki, bu gün Suriya-Türkiyə sərhədinin təxminən 90 % PYD və YPG-nin, qalan kiçik bir hissə isə Azad Suriya Ordusunun (ASO) nəzarətindədir. Hazırda ASO-nun nəzarətində olan ərazilər 2016-cı ildə Türkiyə ordusunun həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatından azad edilən ərazilərdir.

Ankara üçün Afrinin terrorçuların ələ keçirdiyi digər bölgələrdən təcrid olunması əsasdır. Belə ki, Afrin şimaldan Türkiyə ilə, şərqdən və qərbdən ASO-nun nəzarətində olan bölgələrlə, cənubdan isə Suriya hökumət qüvvələrinin nəzarət etdiyi ərazilərlə əhatə olunub. Afrinin PYD və YPG-nin nəzarət etdiyi digər bölgələrdən təcrid olunması buranı daha tez azad etmək üstünlüyü verir.

Prezidentlər Suriya məsələsində niyə razılığa gələ bilmirlər - Politoloq şərhi

Digər tərəfdən Türkiyə kəşfiyyatının məlumatına əsasən Afrində terrorçuların nəzarət etdiyi bölgələrdən fərqli olaraq ağır silahlar yoxdur. Lakin Afrində mülki vətəndaşların olması ərazidə Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat keçirməsini çətinləşdirən amillərdən biridir.

Hərbi əməliyyatların Afrindən başlamasının başqa bir səbəbi isə Türkiyənin Kilis və Hatay şəhərlərinin davamlı olaraq bu bölgədən atəşə tutulmasıdır. Son bir il ərzində Kilis və Hatay Afrin bölgəsindən 12 dəfə raket atəşinə tutulub.

PYD və YPG birliklərinin ABŞ tərəfindən davamlı olaraq silahlandırılması Suriyanın bir ölkə kimi parçalanmasına aparan amillərdən biridir ki, bu da nə Türkiyə, nə İran, nə də Rusiyanın maraqlarına xidmət etmir. Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində PYD və YPG-nin ABŞ tərəfindən silahlandırılmasının Suriyanın parçalanmasına gətirib çıxaracağını bildirib.

Türkiyənin Afrindəki hərbi əməliyyatlarda yeganə müttəfiqi ASO olacaq. Bunu prezident Ərdoğan da bəyan edib. Afrində hərbi əməliyyatların yaxın günlərdə başlayacağı istisna edilmir. PYD və YPG terrorçularının Vaşinqton tərəfindən silahlandırıldığını nəzərə alaraq demək olar ki, Türkiyə Afrində dolayı yolla ABŞ ilə savaşacaq.

Hərbçilərimiz Suriya və İraqdan çıxmayacaq – Fransa prezidenti

Türkiyə bölgədə güclənir. Neft və qaz kəmərlərinin Türkiyə ərazisindən keçməsi Ankaranın geosiyasi və iqtisadi gücünü önəmli dərəcədə artırır. Nəticədə İsrailin maraqları ciddi maneələrlə üzləşməkdədir. ABŞ və İsrailin birgə layihəsi olan "Böyük Kürdüstan" probleminin hədəfləri içərisində birinci yerdə, şübhəsiz ki, bölgədə İsrailin maraqlarının gerçəkləşməsinə maneələr törədən İran və Türkiyə kimi dövlətləri parçalayaraq, daxildən zəiflətmək durur. Əsas hədəflərdən biri də Kərkük neftini Türkiyədən yan keçməklə Aralıq dənizinə çatdırmaq və bu yolla İsrailin enerji təhlükəsizliyini təmin etməkdir. Türkiyənin bölgədəki gücünün zəifləməsində maraqlı olan ABŞ və İsrailin, eləcə də İngiltərə, Fransa və Almaniyanın kürd terrorçularını dəstəkləməsinin əsas səbəbləri sırasındadır. ABŞ və müttəfiqlərinin havadan bombardımanlarla verdiyi dəstək nəticəsində kürd terrorçuları irəliləməyə başlayanda dövriyyəyə girən və kürd terrorçularına zərbələr endirməyə başlayan da məhz Türkiyə oldu.

Bölgədə ABŞ və Türkiyə işbirliyindən danışmaq qəliz görünür. Lakin hər iki dövlət Rusiyanın Aralıq dənizində hərbi mövcudluğunun yox olmasında maraqlıdır. Sözügedən dənizdə Rusiyanın yeganə hərbi istinad nöqtəsi Suriya, daha doğrusu Suriyanın Lazakiyə və Tartus limanlarında bulunan hərbi bazalarıdır. Bu baxımdan, Ankara Moskva ilə əməkdaşlıq edə bilər. Vaşinqtonun həddən ziyadə şişən iddiaları bölgə üçün ciddi problemlər yaradır...

Azər RƏŞİDOĞLU