CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alış-verişdə bir Azərbaycan nümunəsi – Analoqu axtarılır

Niyə bizim məmləkətdə nəyisə vermək doğuş sancısı kimi ağrılı, uzun, tərəddüdlü, bunun əksinə, almaq göz açıb-yummaq qədər rahat və qısa prosesdir?
Sputnik

BAKI, 18 fevral — Sputnik. Pul çəkmək üçün yaxınlaşırsan bankomata. Baho, bankomatı dərd götürür. Şifrəni yığırsan, bölməni seçirsən. Bankomat fikrə dalır: Verim-verməyim, verim-verməyim, verim-verməyim?

Bankomatlardan pul çıxararkən diqqətli olun: dövlət qurumu bütün banklara məktub göndərib

Sonra başlayır səni imtahana çəkməyə. Qabağına test variantları çıxarır:

1) Bəlkə kredit götürəsən?

2) Pulun hamısını çıxarmaq istəyirsən ki...?

3) Hansı valyutada?

4) Hansı məzənnədə?

5) Neçə manatlıq əsginaslar olsun?

6) Çek gərəkdir, ya yox?

7) "İmtina" düyməsi də var ha, lazım deyil?

8) Bəlkə yenidən düşünəsən?

Arada da bir az dığıt-duğut, xar-xur səslər çıxarır ki, yəni çalışıram, yatmamışam. Sanki prosesi saqqız kimi dartıb uzatmaqla səni bezdirməyə çalışır, "əşşi, cəhənnəm ol o yana, istəmirəm pulunu" deyib, kartını da götürüb çıxıb gedəsən deyə.

Amma gözünə döndüyüm ödəmə terminalları elədirmi? Xeyr! Çətini onun qarşısına keçənə kimidir. Əlacı olsa, heç bölmə seçimi də istəməz. Az qalır desin ki, "sən əziyyət çəkmə, özüm əlimi atıb sənin cibindən pulu çıxararam".

Əsginasın ucunu gördüyü an sümürüb aparır. Bir balaca cəld tərpənməsən, barmaqların da gedər. Elə bil, göz qırpımında qurbağanın ağzından bir dil çıxdı, havadakı milçəyi qapdı və geri qayıtdı.

Çox qəribədir, niyə bizim məmləkətdə nəyisə vermək doğuş sancısı kimi ağrılı, uzun, tərəddüdlü, bunun əksinə, almaq göz açıb-yummaq qədər rahat və qısa prosesdir?

Arayış almaq üçün günlərlə "JEK"-ə ayaq döyürsən, dil açırsan, minnət edirsən. Ya müdir yerində olmur, ya yerində olsa da, yanında adam olur. Ya, guya kağız tapa bilmirlər, ya da kağız var, amma arayışı dolduracaq xanım işə gəlməyib.

Artıq internet provayderlər də cərimələnəcək

Amma elə ki, kommunal ödəmənin vaxtı çatır, haradansa mobil nömrəni tapırlar, süpürgəçidən müdirədək gündə 50 dəfə zəng edirlər, gah hədələyirlər, gah yalvarırlar. Deyirsən "vaxtım yoxdur", 10 manatın dalına düşüb özləri qapına gəlirlər. Lazım olanı səndən qoparmamış da əl çəkmirlər.

İnternetin kəsilir, zəng edirsən "qaynar xətt"ə, növbəyə yazırlar, hansısa günə vaxt təyin edirlər. İki gündən sonra bir texniki işçi ərinə-ərinə yaxınlaşır, modemin başına bir-iki qapaz vurur və internetin düzəlir.

Provayderə deyirsən ki, "bəs sizin ucbatınızdan iki gündür internetsiz qalmışam, işlərim axsayıb, bunu necə kompensasiya edəcəksiniz?" Qəzəbdən gözləri bərəlir, bircə o qalır desinlər ki, "ə başın xarab olub sənin, ikidən-birdən kompensasiya üzü görmüsən, yoxsa bizim kiməsə vurduğumuz ziyana görə kompensasiya ödədiyimizi eşitmisən?"

Amma gəl ki, ödənişin vaxtını bircə gün gecikdir. Şah Abbas qəbirdən qalxıb minnətə gəlsə də, xeyri yoxdur, xətti bağlayacaqlar. Üstəlik Avropa Konvensiyasından üzü bu yana, aranızda bağlanmış müqaviləyə qədər, bütün qanunvericilik aktlarını başına çırpacaqlar ki, "bir də belə qələt eləsən, daha ciddi tədbir görüləcək".

Bax belə bir məmləkətin çocuqlarıyıq biz. Həmişəmi belə olmuşuq, yoxsa sonradan xislətimiz dəyişib – ayrıca araşdırma mövzusudur.

P.S.

Günlərin bir günü kəndin mollası çaya düşür. Hay-haray salıb camaatı köməyə çağırır. Hamı tökülüşüb gedir. Başlayırlar qışqırmağa: "Molla əlini ver, səni çəkib çıxaraq". Molla əlini uzatmır. Adamlar bir ağızdan qışqırışırlar: "A kişi, əlini ver, səni xilas edək". Molla suyun içində çırpınır, lakin əlini uzatmır.

Bu zaman Molla Nəsrəddin ərazidən keçir. Tez yaxınlaşır, camaatı aralayıb qabağa keçir və nə deyirsə, suda boğulmaqda olan molla əlini ona tərəf uzadır, çəkib adamı çıxarırlar.

Adamlar Molla Nəsrəddini dövrəyə alırlar:

- Ey nurani kişi, biz bayaqdan nə illah ediriksə, adam əlini uzatmır. Sən ona nə dedin ki, əlini uzatdı?

- Ay camaat, siz ona "əlin ver, əlini ver" deyirsiniz. O isə, heç vaxt verməyə öyrəşməyib, almağa öyrəşib. Mən "əlimi al" deyən kimi əlini uzatdı...