İDMAN

ABŞ-da yaşayan cüdoçu: "Azərbaycan yeganə ölkədir ki, idmançıya dəyər verir"

Zaur Cəlil: "Təəssüf ki, idman ilə bağlı arzularımın çoxu həyata keçmədi"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. O, 1991-ci ildən idmanla məşğul olmağa başlayıb, bir müddət sonra sambo üzrə Sumqayıt şəhər çempionu olub. 2006-cı ildən isə ABŞ-da yarışlara qatılıb. Güləş üzrə bir çox beynəlxalq yarışların qalibi olub. İki dəfə cüdo üzrə ABŞ çempionu olan Zaur Cəlil Amerikada yaşayır. O, ABŞ-dakı həyatı və idman karyerası haqqında Sputnik Azərbaycan-a danışıb.

- Zaur bəy, niyə ABŞ-a köçmək qərarına gəldiniz?

- Ailəmiz ABŞ-da yaşadığı üçün mən də hərbi xidmətimi başa vurub onların yanına köçməli oldum. Azərbaycanda ailəm olmadan qalmaq mənə bir az cətin olardı.

İki qolu olmayan idmançımızın evini alt-üst etdilər

- Azərbaycanın idman tarixinə baxsaq görərik ki, ən güclü idmançılar Sumqayıt şəhərində doğulub böyüyənlərdir. Sumqayıtın yetirməsi olaraq deyə bilərsinizmi ki bunun sirri nədir?

- Yəqin ki, sumqayıtlı idmançıların məşqlərə davamiyyətli yüksək olduğundan və həvəslə məşq etdiklərindən çox zaman uğur qazanırlar. Bütün idmançılar məşq edirlər, amma Sumqayıt uşaqları daha güclü olur. Qarşılarına məqsəd qoyub ona çatana kimi hər zəhmətə qatlaşırlar. Mən Sumqayıtda məşq edən zaman bir məqsədim var idi, güclü idmançı olmaq və ancaq qələbə qazanmaq. Var gücümlə məşq edirdim. Təəssüf ki, idmanla bağlı arzularımın çoxu həyata keçmədi. Azərbaycanda yaşayıb, Avropa, Dünya, Olimpiya çempionu olmaq istəyirdim. Sadəcə, ABŞ-a köçdüm və arzularım reallaşmadı.

- Yarışlarda Azərbaycanın milli komandasının üzvləri ilə qarşılaşmısınız?

- Xeyr, qarşılaşmamışam. Amma idmandır, qarşılaşa bilərəm.

- Yarışda azərbaycanlı idmançı ilə finalda qarşılaşsanız rəqibinizə güzəştə gedərdiniz? 

Dopinqə düşən idmançı: “8 illik cəza verdilər, mən də idmanı atdım”

- O anı yaşamamışam. Amma yəqin haradasa edərdim ki, qoy öndə Azərbaycanımızın bayrağı olsun.

- Olimpiadanın finalında da bayrağımızın ucalması üçün qızıl medaldan imtina edərdiz?

- Hər bir idmançı Olimpiya çempionu olmaq istəyir. Ona görə bu suala dəqiq cavab verə bilmərəm. O anda qərar verə bilərdim. Mən finalda doğma qardaşıma qalibiyyət vermədim. Çünki məni qardaş kimi yox, rəqib kimi görürdü. Ona görə bu suala da dəqiq cavab verə bilməyəcəm.

-  ABŞ-da milli komandaya düşmüsünüz?

- Burada milli yığmaya düşmək çətindir. İdman siyasəti güclüdür. Orada işləyənlər çalışırlar ki öz adamları milli komandada olsun və yarışlara göndərsinlər. Eyni zamanda onlar çalışırlar sponsorlu idmançılara üstünlük versinlər. Burada sponsorsuz idmanda qalmaq çox çətindir. Azərbaycanda bəzi müğənnilərin sponsoru olur, ABŞ-da isə idmançıların da mütləq şəkildə sponsoru olmalıdır. Çünki dövlət Azərbaycanda olduğu kimi idmançıları maliyyələşdirmir. Azərbaycan yeganə dövlətdir ki, həm idmançıya dəyər verir, həm də hər bir şəraitlə təmin edir. Bir çox idmançı bunu anlamır, amma mən belə şəraitin idmançı üçün nə olduğunu gözəl anlayıram.