BAKI, 23 yanvar — Sputnik. Azərbaycanın 3 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb. Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, cəzalandırılan idmançıların iksi (Cəlal Süleymanov və Umar İsrailov) güləşçi, biri isə (Qadir Mustafayev) velosipedçidir.
Onların qanında "metabolit", yaxud "marker" mövcudluğu təsbit edilib.
Süleymanov iki səbəbdən cəzalandırılıb. Belə ki, diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulmasına görə onun ikinci cəzasıdır. Cəlal Süleymanovun qanında "oksandrolon metaboliti" maddəsi tapılıb və idmançı 18 yanvar 2018-ci ildən 96 aylıq - 18 yanvar 2026-cı ilə qədər idmandan uzaqlaşdırılıb.
Umar İsrailovda isə "drostanolon metaboliti" maddəsi aşkar edilib və o, 48 ay yarışlarda iştirak edə bilməyəcək. Onun cəzası 28 mart 2018-ci ildən hesablanmağa başlanıb.
Sonuncu cəzalandırılan idmançı Qadir Mustafayevin də cəzası 48 aydır. Orqanizmində "metamfetamin" (D-) maddəsi aşkarlanan velosipedçinin cəzası 19 noyabr 2018-ci ildən qüvvəyə minib.
Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 39 idmançıya sanksiya tətbiq etmişdi. Bununla cəzalandırılan idmançıların sayı 42-yə çatıb.