MƏDƏNİYYƏT

Əsrin şedevri və ya bu boyda istedadmı olar, a zalım?!

Xeyiri təmsil edənlər xoşbəxt olmasalar da, Şəri təmsil edənlər təslim olmurlar
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Gənc Tamaşaçılar Teatrındayıq. Kateqoriyada beşinci yeri tutsa da, mənə görə, könüllərin birincisi olan bu teatrın özünəməxsus ab-havası var. Teatr çöl görünüşündən tutmuş, iç dizaynına qədər, oturacaqlarından projektorlarına, pərdəsinə qədər bütün əzəməti ilə öz tamaşaçılarını ağuşuna alır. Və qarşımızda yüzilin neçə-neçə nəhəng sənətkarlarına evsahibliyi etmiş səhnə - and yeri.

"Pəri Cadu" tamaşasını deyib gəlmişik. 12 ildir repertuarda olan bu tamaşanı 12 dəfədən artıq izləmişəm. Janr etibarı ilə mistik-faciə olan bu tamaşanın insana da mistik təsiri var. Bir dəfə baxırsan, yoluxursan. Hər axşam baxmaq istəyirsən.

Əbdürrəhim bəy Haqverdeyivin "Pəri Cadu" əsəri 2007-ci ildə rejissor Nicat Kazımov tərəfindən səhnələşdirilib. Tamaşada Pəri Cadunu Əməkdar artist Kəmalə Müzəffər, Odunçu Qurbanı Əməkdar artist Elşən Rüstəmov, Şamama Cadunu aktrisa Sevinc Mehrəliyeva, İblisi isə həm də tamaşanın rejissoru olan əməkdar artist Nicat Kazımov canlandırır.

Əsrin şedevri və ya bu boyda istedadmı olar, a zalım?!

İşıqlar sönür. Pərdə açılır. Alim Qasımovun səsi eşidilir: "Mənimlə bu fələyin bilməm iddiası nədir?" Ardınca vahiməli, ritmik, eyni zamanda kədərli musiqi və qarşımızda aktrisa Kəmalə Müzəffər. Bütün ədaları ilə, üz ifadələri, əl-bədən hərəkətləri, yerişi, duruşu, baxışı ilə zamanın teatr mühitinə meydan oxuyan sənətkar tamaşanın ilk dəqiqələrindən bizi heyrətləndirir. Kəmalə Müzəffər səhnədə hərəkət etdikcə tamaşaçının fikrinin başqa səmətə yayılması mümkün olmur. Hamı heyranlıqla gözünü sənətkarın ifasına dikir.

Yer yarılır. Tüstü fısqırır. Az sonra Nicat Kazımov iblisanə baxışlarla, şux qaməti, zəhmi və əzəməti ilə qarşımızdadır. Bu, İblisdirmi? Bəs axı biz iblisləri ya qeybdən var olan, ya da göydən enən görürdük. Bu İblis niyə yerdən çıxdı? Bizə yanlışmı göstərirdilər? Əlbəttə! İblis atəşdir! Atəş yerdən püskürər də. Vulkan kimi, ocaq kimi, yanardağ kimi. Rejissor obrazın mahiyyətinə uyğun mükəmməl həll tapıb!

Hadisələr nizamla cərəyan etməyə başlayır. Hər tərəf İblisin hördüyü hörümçək toruna bürünüb. Xəyanətkar ərindən və bütün kişilərdən intiqam almaq istəyən Pəri Cadu - Kəmalə Müzəffər bütün ecazkar görünüşü ilə hörümçək torunun tən ortasından zala boylanır. Aktrisanın torun içində sərbəst hərəkəti, estetik addımları, kəndirlərin üzərində xəfif sürüşmələri göz oxşayır. Yanımdakı xanım heyrətlə pıçıldayır: "Bu boyda istedad olar, a zalım!?"

Elşən Rüstəmovu görürük. Aktyor Odunçu Qurban obrazında – kəndli, nimdaş qiyafədə, amma hər zaman olduğu kimi yaraşıqlıdır. Səs də o qədər doğmadır ki, o, danışdıqca şüuraltı oyanır. Dublyajlardan eşitdiyimiz o gur səs, səlis danışıq. Adam xoşbəxtlikdən nə edəcəyini bilmir. İlahi, hara düşmüşəm? Bu nə füsunkar ab-hava?! Bu nə möhtəşəm sənət nümunəsi?!

Nə qədər yalançı kübar qadınları oynamaq olar?!

Şamama Cadu obrazını Canlandıran Sevinc Mehrəliyeva "Pəri Cadu" tamaşasının "olmazsa olmaz"ıdır! Aktrisa bütün tamaşa boyunca öz səsini, qamətini obraza uyğun elə məharətlə dəyişir ki, Şamama Cadu qiyafəsində olan bu şəxsin həqiqətdə Sevinc Mehrəliyeva kimi gözəl bir xanım olması ağıla gəlmir. Sənət o zaman müqəddəsləşir ki, həyatın çirkinliklərində də gözəllik tapıb göstərə bilir. Sevinc Mehrəliyevanın istedadı çirkin və məkrli Şamam Cadunu ayaqda alqışlamaq üçün kifayət edir.

Əsrin şedevri və ya bu boyda istedadmı olar, a zalım?!

Çoban obrazında gördüyümüz Manaf Dadaşov cinlər arasında ağlını itirmiş, qoyunlara göz-qulaq olan insan obrazını canlandırır. Nədənsə, Manaf Dadaşovun ifa etdiyi əksər obrazlar o qədər hüznlü olur ki, onu səhnədə görüncə boğazım düyünlənir. Fövqəladə istedadı olan bu aktyor Çoban obrazında kəkələyən, axsaq nitqi ilə, titrək vücudu, ürkək baxışları ilə sözün əsl mənasında mistik-faciəni gözümüzün önünə sərir.

"Pəri Cadu" faciəsinin komik qəhrəmanları olan nökər Əmrahı canlandıran Əməkdar artist İlham Əsədov və Təlxək Əcinnə obrazında izlədiyimiz Əməkdar artist Rasim Cəfər bizi tamaşanın ağır psixoloji və emosional yükündən azacıq ayırır, əyləndirir, güldürürlər. Hər ikisi öz obrazının öhdəsindən ustalıqla gəlir.

12 ildir Gənc Tamaşaçılar Teatrının repertuarında yer alan "Pəri Cadu" mistik-faciəsi təkcə oynanıldığı teatrın deyil, yaşı əsri ötmüş Azərbaycan Teatrının şedevridir. Nə bu tamaşaya qədər, nə də bu tamaşadan sonra (hələ ki) bu mükəmməllikdə teatr əsəri görməmişik. Nicat Kazımovun üstün rejissorluq istedadı, Kəmalə Müzəffər, Elşən Rüstəmov, Sevinc Mehrəliyeva, Manaf Dadaşov, Rasim Cəfər, İlham Əsədov və digər aktyor-aktrisaların peşəkar ifası ilə ərsəyə gələn bu tamaşa teatr tariximizin ən yüksək zirvəsində dayanıb və rəqibi yoxdur.

Əsrin şedevri və ya bu boyda istedadmı olar, a zalım?!

"Pəri Cadu" faciəvi, amma ümidverici sonluqla bitir. Xeyir və Şərin mübarizəsində Şər məğlub olur. Xeyiri təmsil edənlər xoşbəxt olmasalar da, Şəri təmsil edənlər təslim olmurlar. Ölümü daha üstün tuturlar və öz haqq bildikləri əbədiyyətə qovuşurlar. Bu xəyali xoşbəxtlik tamaşanın janrının da ehtiva etdiyi kimi mistik ümid işığı saxlayır tamaşaçılar üçün: bütün maddi və mənəvi iztirablara rəğmən, bir gün hamımız xoşbəxt olacağıq, haqqın dərgahında!

Paklon. Sənətkarlar gurultulu alqış səsləri altında baş əyirlər. Tamaşaçılar ayağa qalxıb dəqiqələr boyunca fasiləsiz alqışlar ünvanlayırlar səhnəyə və onun sənətkarlarına. Tamaşaçılar alqışdan, sənətkarlar da bu rəğbətə baş əyməkdən yorulmurlar. Pərdə bağlanır.