BAKI, 16 yanvar — Sputnik. “MDB məkanı da daxil olmaqla, dünyanın istənilən ölkəsində çətin vəziyyətə düşən Rusiya vətəndaşları ilə bağlı məsələlərə ikitərəfli kontaktlar zamanı müntəzəm olaraq toxunuruq”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında erməni jurnalistin Azərbaycanda həbs olunan Rusiya vətəndaşı Marat Ueldanovun ekstradisiyası ilə bağlı sualını cavablandırarkən bildirib.
“Sizi əmin edirəm ki, bu konkret məsələyə də Azərbaycandan olan həmkarlarımızla görüş zamanı toxunmuşuq. Ümid edirəm ki, biz dialoq, hüquq normalarına söykənən qərarlar vasitəsilə hamını qane edən nəticəni əldə edəcəyik və Rusiya vətəndaşı olan bu şəxsi geri qaytara biləcəyik” – deyə Lavrov əlavə edib.
Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.