YAZARLAR

ABŞ Suriyadan çıxır, qaranlıq məqamlar isə hələ də qalmaqdadır

Bu qərarı həm Suriya, həm Türkiyə, həm də Rusiya və İran baxımından qələbə hesab etmək olar
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Həftənin ən mühüm hadisəsi ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı məlumatlar oldu. Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bəyan edib ki, İŞİD üzərindəki qələbələr qlobal koalisiyanın fəaliyyətinin, yaxud kampaniyasının başa çatması demək deyil. "Biz bu kampaniyanın növbəti mərhələsinə keçməklə, ABŞ qoşunlarının evə qaytarılmasına başlamışıq" - deyə o vurğulayıb.

Ərdoğan Suriya ilə bağlı sensasion bəyanat verdi

Məlumatlara görə, ABŞ Suriya ərazisindən bütün hərbçilərinin çıxarılmasını planlaşdırır. Bildirilir ki, bu, Suriya ərazisinin İŞİD terror qruplaşmasından təmizlənməsi üzrə keçirilən hərbi əməliyyatın başa çatması ilə əlaqədardır. Ekspertlər bəyan edib ki, Suriyada azad edilmiş ərazilərə terrorçuların qayıtmasının qarşısını almaq üçün ABŞ hakimiyyətinin bu ölkədə hərbi kontingentin saxlanılmasına dair planına ziddir.

Xatırladaq ki, dekabrın 16-da Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan etmişdi ki, ABŞ Suriyada hərbi kampaniyasını yekunlaşdırmağı planlaşdırır.

Bütün bunlar belə bir sualı aktual edir. ABŞ-ın Suriyadan çıxması nələrə səbəb olacaq?

Yaxın Şərq üzrə təhlilçilər hesab edirlər ki, ABŞ qoşunları Suriyadan çıxarılarsa, ölkədə İŞİD yenidən dirçələ bilər. ABŞ qoşunlarının geri çəkilməsi ilə hökumət qüvvələrinin zəiflədiyini düşünən terrorçular yenidən baş qaldıracaqlar. Onların 2013-2014-cü illərdə necə sürətlə ortaya çıxdığını və Suriya və İraqda böyük əraziləri ələ keçirdiyini unutmaq olmaz. Digər tərəfdən, Bəşər Əsəd Suriyanın ərazi bütövlüyünü təmin edə bilər. ABŞ qoşunları Suriyanı tərk etdiyi təqdirdə, Əsəd ölkənin ərazi bütövlüyünü təmin etmək üçün çalışmağa başlayacaq. Bu isə terrorçuların əks həmləsi ilə sonuclana bilər.

Burada bir fakta da diqqət yetirək. Suriyada savaş başlanandan başlayaraq İran və Rusiya regionda hərbi mövcudluğunu davam etdirir. ABŞ qoşunlarının regiondan çıxması bu ölkələr üçün qələbə hesab ediləcək. Digər bir tərəfdən Rusiya XİN mətbuat katibi Mariya Zaxarovanın "ABŞ qoşunlarının Suriyada çıxması siyasi məsələnin həllini asanlaşdıracaq" açıqlaması Kremlin bu addımdan məmnun olduğunu göstərir. Belə olan təqdirdə, Ankaranın qazancı nədən ibarət olacaq?

Siyasi araşdırmaçılara görə, Türkiyə daxili təhlükəsizliyini təmin edə bilər. Ankara Suriyanın şimalında sərhəd zolağında PKK-ya qarşı hərbi əməliyyatlar təşkil edərək ölkənin daxili təhlükəsizliyini təmin edəcək.

Beləliklə, ABŞ Suriyadan geri çəkiləcəyi təqdirdə, bu qərarı həm Suriya, həm Türkiyə, həm də Rusiya və İran baxımından qələbə hesab etmək olar.

Lakin ABŞ Türkiyə üçün etibarlı bir tərəfdaş deyil. ABŞ-ın strateji məqsədi Suriya-İraq-Türkiyə "üçbucağında" vahid kürd ərazisi yaratmaq, orada süni Kürdüstan qurmaq, sonrakı mərhələdə ondan İran və Türkiyəyə qarşı istifadə etməkdir. Bununla ABŞ Suriyada Rusiyanın da mövqeyini zəiflətməyi düşünür.

Hal-hazırda Türkiyə Suriya məsələsi ilə bağlı olaraq Rusiya ilə müttəfiqlik əlaqəsini saxlayır. Tarix boyu olan münasibətləri nəzərə alsaq Rusiya ilə Türkiyə arasındakı müttəfiqliyin uğurlu olacağına müəyyən dərəcədə şübhə ilə yanaşmaq olar. Lakin dövlətlərarası münasibətlərdə tarix boyu olan dost, qardaş, həmçinin düşmən mövqelərin bu gün elə də önəm daşımadığını İngiltərə ilə Fransanın əlaqələri timsalında görə bilərik.

ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirdi

Bir məqamın da təhlilə ehtiyacı var. ABŞ-ın Suriyada yeganə məqsədinin İŞİD-lə mübarizə olduğu şübhə doğurur. Vaşinqton "kürd kartı"ndan istifadə edərək Suriyanı parçalamağa çalışır. Bu da Türkiyə ilə münasibətlərin gərginləşməsinə səbəb olur. ABŞ Suriyanın cənubundakı qoşunlarını çıxarması Ankara ilə münasibətlərdə gərginliyi nisbətən aradan qaldıra bilər. Lakin ABŞ sözügedən regionda nüfuzunu təmin etməyi öz varlığını davam etdirməklə eyni səviyyədə görür. Bu strategiya ilə ABŞ-ın yaşayış sahəsi Amerika qitəsi çərçivəsindən kənara çıxır. Vaşinqtonlu araşdırmaçılar açıq bəyan edirlər ki, artıq okeanlar ABŞ-ı müdafiə etməyə kifayət etmir. "Böyük Yaxın Şərq" layihəsi də ABŞ-ın bu strateji planının içərisindədir.

ABŞ bugünkü yeni strateji konsepsiyasında Yaxın Şərqi bütün sahələrdə daha sıx şəkildə təsir altında saxlamağı məqsəd güdür. Onsuz da strateji baxımdan amerikalı strateqlər Yaxın Şərqi əvvəlcədən "Mərkəzi Hərəkat Sahəsi" kimi təsvir edib. CENTCOM adlandırdığı və bölgədə yaratdığı komandanlığın fəaliyyət sahəsini də Yaxın Şərq və Afrika kimi müəyyənləşdirib. Belə olan təqdirdə, "ABŞ-ın Suriyadan qoşunlarının çıxarılmasının arxasında nə dayanır" sualı daha da aktuallaşır...