Nigar Məhərrəmova, Sputnik Azərbaycan
BAKI, 17 dekabr — Sputnik. Artıq bir neçə gündür ki, paytaxtın müxtəlif ərazilərində, xüsusən də metrostansiyaların qarşısında yeni il yarmarkaları təşkil olunub. Sputnik Azərbaycan-ın əməkdaşı "28 May" metrostansiyasının qarşısında təşkil olunan yarmarkaya baş çəkərək, alıcı fəallığı və qiymətlərlə maraqlanıb.
Bayrama sayılı günlər qaldığı üçün yarmarkada böyük canlanma müşahidə edilir. Alıcılarla yanaşı satıcılar da bu vəziyyətdən məmnundurlar.
Satıcı Akif Soltanovun sözlərinə görə, alıcılar daha çox kiçik aksesuar almağa üstünlük verirlər: "Hər il olduğu kimi, bu il də yarmarkada ən çox satılan işıq və oyuncaqlardır. Alıcılıq qabiliyyətinin yüksək olmasının digər səbəbi isə burada qiymətin digər yerlərlə müqayisədə ucuzluğu ilə bağlıdır. Təkcə yeni il ağacının oyuncağı üçün bu yarmarkada 10 qəpik, yaxud da 2-3 manat xərcləmək o qədər də çətin deyil. Yeni il qozalarının qiyməti isə 4-6 manat arasında dəyişilir".
Satıcı Ceyhun Mirzəyev isə Şaxta Baba geyimləri və torbaları haqda məlumat verir: "Geyimlərin qiymətləri yaşından asılı olaraq dəyişir. 7-10 manata uşaqlar üçün istənilən ölçüdə Şaxta baba geyimi almaq mümkündür. Valideynlər övladları üçün Şaxta Baba geyimi ilə yanaşı torbalarını da almağa üstünlük verirlər. Bu torbaların qiyməti 1.50-9 manat arasında dəyişir".
Bazarda azyaşlıların da məhsul satdığı diqqətimizdən yayınmadı. Rauf Ağayev (ad şərtidir - red.) balaca yumşaq oyuncaqlar satmaqla yeni il yarmarkasında gəlir qazanmağa çalışır. Onun satdığı oyuncaqların qiyməti isə standart olaraq 2 manat təşkil edir.
Satıcı Sabir Feyzullayev deyir ki, alıcılar daha çox Şaxta Baba papaqları alırlar: "Şaxta Baba papaqlarının qiyməti 1-5, zınqırovlar 1.50-3.50, qapıların üzərinə yapışdırılan yeni il bəzəkləri isə 2-20 manat arasında dəyişir".
Şaxta Baba maskaları, eynəkləri və bu kimi kiçik aksesuarların satışı ilə məşğul olan Dilavər Rzayev ötən illə müqayisədə alıcılıq qabiliyyətində elə bir dəyişikliyin olmadığını bildirir: "Alıcılıq qabiliyyəti bizi qane edir. Qazancımız ötən ilki kimidir, hər gün fərqli olur. Olur ki, bir gün az, bir gün isə çox qazanırıq. Bəzən günə 15-20, bəzən də 30-50 manat gəlirimiz olur. Qiymətlərdə ildən-ilə bahalaşma baş verir. Hər il olduğu kimi, bu il də yarmarkada, az da olsa, bahalaşma var".
Amil Əlixanov isə bekarçılıqdansa, hər gün bu yarmarkalarda işləyib çörəkpulunu çıxarmağa üstünlük verir: "Yeni il yarmarkalarında daha çox qazanc əldə edirik. Məsələn, ötən ayla bu ayın qazancında fərqlər hiss olunur. Ötən ay indikindən daha az qazanırdım. Hazırda isə günə, ən azı, 15-20 manat qazancım olur".
Satıcının sözlərinə görə, ötən ilin yeni il yarmarkası ilə müqayisədə qiymətlərin artmadığını, alıcılıq qabiliyyətinin isə nisbətən azaldığını demək olar: "Ola bilər ki, insanların gəliri azalıb, ona görə alıcılıq qabiliyyəti müəyyən qədər aşağı düşüb".
Alıcı Leyla Məmmədova yarmarka qiymətlərinin bir-birindən fərqləndiyini deyir: "Dindar ailə olduğumuza görə yeni il bayramını qeyd etmirik. Bu səbəbdən də yeni il yarmarkalarında olmuram. Sadəcə bağçaya gedən oğlum üçün Şaxta Baba forması almalıydım. Artıq bir neçə yarmarkanı gəzmişəm. Eyni geyimin yarmarkalarda qiyməti müxtəlifdir. 9 manata aldığım Şaxta Baba forması iki addım o tərəfdə olan yarmarkada 21 manatadır".
Digər alıcı Dilrubə Əsgərova isə ötən illə müqayisədə qiymətlərdə artımın olmasından narazıdır: "Hər şey bahalaşsa da, camaatın gəlirləri artmır. Qida, ərzaq bazarında olduğu kimi, yeni il yarmarkasında da bahalaşma var. Bahalaşma, az da olsa, hiss olunur".
Qeyd edək ki, yeni il yarmarkasında işıqlar 3-18, zərlər 0.50-3, yeni il ağacları isə 6-140 manata satılır. Bazarda satılan ən ucuz məhsullar isə şarlar, kiçik oyuncaqlar və zərlərdir. Şarlar 20, zərlər 50, kiçik oyuncaqların qiyməti isə 10 qəpikdən başlayır.
Ümumi olaraq, bu nəticəyə gəlmək olar ki, bazarda bahalaşma olsa da, alıcılıq qabiliyyəti ürəkaçan səviyyədədir.