TƏHLİL

"Lavrov planı" münaqişənin həllinin ən optimal variantı kimi

Sputnik

Dövlət başçısı İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bəyan edib ki, Azərbaycan 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edir.

Prezident bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid bəslədiyini dilə gətirib: "Biz bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə edəcəyik. Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək. Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik. Biz bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstəririk. Mən, həmçinin Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı bizim fəaliyyətimizin nəticələrini məmnunluqla qeyd etmək istərdim. Biz bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Müvafiq strukturlar, nəqliyyat qurumları çox məhsuldar işləyirlər. Biz bu il artıq yaxşı nəticələri görürük. Biz digər tərəfdaşlarımızla, qonşularımızla bu layihəni mümkün qədər tez başa çatdırmaq üçün birgə səylərimizi davam etdirəcəyik".

Paşinyanın qarşısında duran iki yol: Hər ikisi ona baha başa gələ bilər

İlham Əliyev həmçinin bildirib ki, "... bu il Ermənistanda çox ciddi dəyişikliklər baş verib. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq".

İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı da Qarabağ münaqişəsilə bağlı bəyanatlar səsləndirirb. Dövlət başçısı deyib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir: "Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni, bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır.

İşğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olmuşdur. O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik".

İrəvan bütün bölgəni məhvə sürükləyir

Dövlət başçısı deyib ki, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olub: "İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapmışdır. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapmışdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki, bizim beynəlxalq nüfuzumuz artır, bunu nəzərdə tuturam. Eyni zamanda Azərbaycan xalqı bunu yaxşı bilir ki, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir və bu, Ermənistanda isterikaya səbəb olur. Dünən Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin növbəti görüşü olmuşdur. Bu, birinci görüş deyil. Bundan əvvəl Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda görüşü olmuşdur. NATO-Rusiya hərbi rəhbərlərinin görüşü də mütəmadi olaraq Azərbaycanda keçirilir. Bu, çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Nəyə görə? Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq. Digər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik. Hesab edirəm ki, bu, ikinci səbəbdir. Üçüncü səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz var. Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz gündən-günə güclənir. NATO ilə bir çox proqramlar əsasında işləyirik, Əfqanıstana sülhməramlı əməliyyatların keçirilməsi üçün böyük dəstək oluruq, yardımlar edirik və digər amillər burada rol oynayıb. Amma bir daha Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək istəyirəm ki, məhz Azərbaycanda bu dünya üçün çox böyük əhəmiyyət daşıyan görüş keçirilir".

Burada bir məqama xüsusi diqqət yetirmək lazım gəlir. Ilham Əiyev Rusiya XİN rəhbəri ilə görüşdə Qarabağ danışıqlarında Moskvanın səylərini təqdir etdiyini bəyan edib. Bu bəyanat danışıqların "Lavrov planı" üzrə getdiyi ehtimalı yaradır.

ATƏT-in Minsk Qrupu getsin, bəs yerinə kim gəlsin...

"Lavrov planı" Kazan şəhərində Prezident İlham Əliyev və Ermənistanın o vaxtki prezidenti Serj Sərkisyanın 2012-ci ildə görüşü zamanı imzalanıb. Bu razılaşma xarici işlər nazirlərinin və prezidentlərin səyləri nəticəsində mümkün olub. "Lavrov planı"nın Azərbaycan və Ermənistan arasında əldə edilmiş digər razılaşmalardan elə də böyük fərqi yoxdur. Sadəcə, bu planda ilk dəfə olaraq 5 rayonun qaytarılması üçün prinsipial olaraq iki ölkənin prezidentləri razılıq əldə edib. Lakin aprel döyüşlərindən sonra Lavrov İrəvanla Bakı arasında müəyyən görüşlər keçirib, problemin həllinə müəyyən cəhdlər edib. Beş rayonun qaytarılması məsələsinə Azərbaycan bir şərtlə razı ola bilər ki, ermənilər Dağlıq Qarabağa keçici status verilməsi ilə bağlı öz israrlarından vaz keçsin. Bu planın həyata keçirilməsində Azərbaycan üçün ən çətin məqam Dağlıq Qarabağa ermənilərin tələb etdiyi aralıq statusun verilməsi məsələsidir. Çünki Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi gələcəkdə onun statusunu daha da yüksəltmək deməkdir. Bu da Dağlıq Qarabağın gələcəkdə Azərbaycanın tərkibində qalıb-qalmayacağını sual altında qoyur. Bu nöqteyi-nəzərdən Azərbaycan bu məsələyə çox ehtiyatlı yanaşır.

Hazırda Dağlıq Qarabağ probleminin həlli yolunda xarici ölkələrin də səyləri xeyli intensivləşir. Bu məsələyə Rusiya və ABŞ-ın diqqəti xüsusi əhəmiyyətə malikdir. ABŞ 5 rayonun dərhal, birmənalı qaydada Azərbacana qaytarılmasının tərəfdarıdır. Lakin Vaşinqton Dağlıq Qarabağa keçici bir status, Dağlıq Qarabağla Ermənistan arasında "Laçın dəhlizi"nə nəzarətin ermənilərə verilməsini istəyir.

Prinsip etibarilə, "Lavrov planı" müzakirəyə çıxarılan ən optimal modeldir. Prezident Əliyevin bəyanatından da belə bir nəticəyə gəlmək olar ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin "Lavrov planı" üzrə tənzimlənməsinə tərəfdardır, lakin aralıq status məsələsində öz mövqeyini qorumaqda da israrlıdır...