BAKI, 11 dekabr — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013-2018-ci illərə olan hesabat-seçki konfransı keçirilib. Hesabatı təqdim edən Cəmiyyətin sədri Məhluqə Rəhimova görülən işlər barədə ətraflı məlumat verib.
O bildirib ki, ƏQC yarandığı vaxtdan bəri çox böyük işlər görüb. Görülən işlərin nəticəsi olaraq yüzlərlə qadın cəmiyyətin həyatında aktiv rol oynamağa başlayıb. Regionlarda əlillərə göstərilən qayğılar nəticəsində onlar müxtəlif təlimlərə cəlb olunub. Yeni regional mərkəzlər tikilib.
ƏQC dünyanın müxtəlif ölkələrində mövcud təcrübələrdən faydalanaraq onların ölkəmizdə tətbiqi üçün Azərbaycan dövlətiylə birgə fəaliyyət mexanizmi yaradıb. Müxtəlif bölgələrdə icma əsaslı reabilitasiya mərkəzləri yaradılıb. Görülən işlərin nəticəsi olaraq bu mərkəzlərin xidmətlərindən yararlanan şəxslər bir müddət sonra cəmiyyətə inteqrasiya olunub.
"Görülən işlərdən belə nəticəyə gəldik ki, əlil qadınların əmək fəaliyyətinı cəlb olunması üçün işlər həyata keçirək. Bölgələrdəki xanımlara kiçik bizneslərin qurulması üçün təlimlər keçdik. Artıq bölgələrdə qadınlar məşğulluğunun təmin olunması üçün görülən işlər faydalı nəticələrini ortaya qoymağı bacardılar" - Məhluqə Rəhimova qeyd edib.