MƏDƏNİYYƏT

Zərurət iki nəhəng sahənin birləşdirilməsini tələb edir

Elmin sənət nümunəsinə çevriləcək xeyli maraqlı yönləri var
Sputnik

BAKI, 6 dekabr — Sputnik. Tez-tez deyirəm, sənəti elmin səhnəsinə çevirmək lazımdır. Əsrlərdir ki, sənət insanların mənəvi keyfiyyətlərinin yaxşılaşdırılması, problemlərin həlli üsullarının tapılması kimi amallarla inkişaf edir. Lakin artıq müasir dünyanın elə bir yerinə gəlib çıxmışıq ki, bəşərin hər bir fərdinin elmə yiyələnməsi vacib şərt halını alıb.

Maddi sıxıntıdan qeyri-adi sənət doğuldu

Maddi rifahın və bəşəri dəyərlərin yüksəlişi naminə xidmət göstərən sənət, günümüz etibarilə həm də elmi maarifləndirmə, təhtəlşüura bilgi, məlumat yükləmə qabiliyyətinə malik olmalıdır.

Dünya təcrübəsində elmi-bədii, sənədli filmlərin geniş yayılması ona gətirib çıxardı ki, bunu tətbiq edən ölkələr qısa zamanda fiziklər, kimyagərlər, riyaziyyatçılar, astrofiziklər, bioloqlar, kosmonavtlar yetişdirdi. Lakin bu proses təkcə film vasitəsi ilə deyil, gündəlik həyatın bütün anlarında insanların qarşısına çıxmalıdır.

İstər hansısa konsert proqramında, küçə performanslarında, mahnı və kliplərdə, teatr tamaşalarında, film və seriallarda, televiziya verilişlərində olsun, istərsə də adi park gəzintilərində, bir restoran yeməyində olsun – hər yerdə insanlar sənət vasitəsi ilə elm öyrənməlidirlər.

Bir sıra Avropa və Amerika ölkələrində küçə performansları, park səhnəcikləri, restoranlarda teatral nümayişlər artıq tətbiq olunmaqdadır. Lakin müxtəlif elmi məlumatların sənət nümunələri vasitəsilə tamaşaçıya öyrədilməsi bütün dünya təcrübəsində çox azdır.

Elmi-bədii hekayə, roman, kino və serialları çıxsaq, dramaturgiyada, teatrda, ümumiyyətlə, elmi-bədii mövzulara rast gəlinmir. Bu mövzularda teatr əsərlərinin yazılması da teatr səhnəsində elmə qapı açmaq üçün vacib amildir.

Azərbaycanda insanları sehirləyən ağac: Elm onunla bağlı iddiaların yarısını təsdiq edir

Elm adamlarının sənət sevgisi əbəs deyil. Alfred Nobelin öz ixtiralarından gələn gəlirdən elm adamları ilə yanaşı sənət adamlarına da mükafat ayrılmasını vəsiyyət etməsi elmlə sənətin bir-birindən ayrılmaz olmasının mühüm göstəricisidir.

Sənət həyəcanlandırdığı qədər düşündürür. Bir də bu hiss və şüur dünyasına öyrənməyi, yəni zehni əlavə etsək, sənətin təsir gücü və faydası daha da artacaq. Xüsusilə uşaq tamaşalarından, cizgi filmlərindən, uşaq əyləncə mərkəzlərindən və uşaqlar üçün olan digər bütün sənət obyektlərindən onlara sənət vasitəsilə elm öyrədə bilsək, gələcəyin fiziklərinin, kimyagərlərinin, riyaziyyatçılarının yetişməsinə zəmin yaradarıq.

Mən əminəm ki, elmin sənət nümunəsinə çevriləcək xeyli maraqlı yönləri var. Bunu etmək isə, həm elmli, həm də istedadlı olan qələm adamlarının, rejissorların öhdəsinə düşür.