CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diplom dövrü bitdi!

Artıq kimsə kimsəyə nəinki təyinat, heç işsiz qalmayacağına dair vəd vermir
Sputnik

BAKI, 2 dekabr — Sputnik. Uşaq idim. Bir nəfər gəldi evimizə. Atam (məktəb direktoru idi) onun oğlunu 9-cu sinifdən məktəbdən çıxarmaq istəyirmiş. Belə bir dialoqa şahid oldum:

Məktəb yaşı dəyişdirildi

- Müdir, bizim uşağı çıxarma, qoy məktəbə gəlsin.

- Sənin oğlun oxuyan deyil, heç məktəbə də gəlmir, qayıb qayıbın üstünədir. Üstəlik, geyim-gecimə boşuna xərc çəkirsən, kasıb adamsan. Gəl, onu məktəbdən çıxaraq, mən əlimlə aparıb onu bir ustanın yanına şagird kimi yerləşdirim. Peşə sahibi olsun, gələcəkdə ailəsini dolandırsın.

- Düz deyirsən, müdir. Amma qoy məktəbə gəlsin.

- Yenə deyirəm (əvvəlki izahat təkrar olunur - İ.M.)

- Hmmm... Doğru deyirsən, müdir, amma qoy məktəbə gəlsin.

- Ay qardaş, özünə də, övladına da yazığın gəlsin. Sənin uşağın oxumaq istəmir. 2 il əlavə məktəbə zorla ayaq döydürsək, nə qazanacaqsan? Axı... (və yenə lap əvvəlki izahat təkrar olunur - İ.M.)

- Həəə, elədir, müdir, elədir. Vallah, düz deyirsən. Amma qoy məktəbə gəlsin...

Atam o uşağı güc-bəla məktəbə gətizdirdi və 11-ci sinfi bitirənədək saxladı. Ondan bu yana küçələrdə "it döydüyünü" eşidirəm.

Azərbaycanda peşə məktəbləri ilə bağlı vacib qərar verildi

Özümə aid olan tarixçəni ərz etməkdə məqsədim - peşə sahibi olmağın vacibliyinə diqqət çəkməkdir. Hər hansı bir peşə sahibi olmaq, sənətə yiyələnmək gələcək həyatını və gələcək ailənin həyatını zəmanət altına almaq demədir.

Zehni peşə, fiziki peşə - fərqi yoxdur. Nəyinsə sahibi olmaq lazımdır, palaza bürünüb, elnən sürünmək deyil. Hamı tam orta məktəbi, tam ali məktəbi bitirmək məcburiyyətində deyil. Hamı attestat, diplom sahibi olmalı deyil.

Daha doğrusu, hamının diplomu, attestatı olmamalıdır, qətiyyən olmamalıdır. Belə olarsa, tulla getsin o cəmiyyəti Koroğlu körpüsündən aşağı.

Və hamı diplom sahibi olmamalı olduğu halda, hamı hansısa peşənin sahibi olmalıdır, buna məcburdur, özü, ailəsi və cəmiyyət qarşısında borcludur. Həm də nəsil artırdıqlarını cəmiyyətin boynuna yüklədiyinə görə borclu və məcburdur.

İş axtaranların nəzərinə - Müraciət edin

Bu gün xeyli sayda insan işsizlikdən şikayətlənir. Axtarsan, həmin şikayətçilərin böyük əksəriyyətinin, hansısa dolabda kiflənmiş, hansı universitetə məxsus olduğunu və nə zaman aşağısına imza atıldığını özünün də unutduğu diplomu var. Hələ o diplomların hədər getmiş hansı valideyn əziyyətləri, xərcləri sayəsində ərsəyə gəldiyindən danışmırıq.

İndi həmin insanların diplomları qətiyyən köməklərinə çatmır, qarınlarını doyurmur, övladlarının əyin-başına geyim olmur, sabaha ümid yaratmır. Belə mənzərə qarşısında dönüb keçmişə baxmaq, xətalarına görə üzülmək, onlardan dərs çıxarmaq, heç olmasa, onlardan sonra gələnlərin bu cür xəta qurbanları olmaması üçün çalışmaq əvəzinə, giley-güzar, ağlaşma-şüvən edirlər.

Diplom dövrü bitdi!

Kimə lazımdır bu qara qışqırıq? Zamanında bir dərzinin, bir bərbərin, bir avtomobil təmirçisinin, bir aşpazın, bir bənnanın, bir İT mütəxəssisinin, bir dizaynerin... yanında şagird olsaydınız, bu gün ən sıxıntılı zamanınız günortayadək olardı. Boşuna deməyiblər ki, "Usta günortaya qədər ac qalar".

Bütün bunların bir səbəbi şəxsi eqodan (qonşu uşağını instituta düzəltdi, mənim nəyim əskikdir), digər səbəbi tənbəllikdən qaynaqlanırsa, başqa bir və həm də mühüm səbəbi keçmişin havasından ayıla bilməməkdən doğur - Şura hökuməti hamıya təyinat verəcək.

Bağlayaq da artıq bu söhbətləri! Sevgili həmvətənlər, ayılaq bu xülyadan. Bir şeyi unutmayaq, artıq kimsə kimsəyə nəinki təyinat, heç işsiz qalmayacağına dair vəd də vermir. Çünki bazar iqtisadiyyatıdır və hər bir sahibkar mütəxəssis axtarır. Hər bir müəssisə ona fayda gətirəcək işçinin axtarışındadır, sizin heç kimə lazım olmayan diplomlarınızın deyil.