İDMAN

Erməniyə qalib gələn idmançımız dünyanın ən güclülərindən oldu

Buxarestdə keçirilən güləş üzrə dünya çempionatı başa çatıb
Sputnik

BAKI, 19 noyabr — Sputnik. Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı sona çatıb. Sputnik Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə yığmamızın son 4 üzvü xalça üzərinə çıxıb.

Ruslan Qasımov təsnifat mərhələsində özbək idmançıya qalib gəlsə də, növbəti məthələdə Çin idmançısına məğlub olub.

Digər idmançımız İsmayıl Abdullayev isə öncə qırğız rəqibini məğlub etməyi bacarıb. Ancaq yerli güləşçiylə görüşdə hesab 2:2 olarkən zədələnən Abdullayev yarışı dayandırmaq qərarına gəlib. 

Güləş üzrə milli yığmamız Dünya Çempionatına tam hazırdır

Murad Süleymanov mötəbər yarışa erməni güləşçisi üzərindəki qələbəylə başlayıb. Murad daha sonra gücünü belaruslu pəhləvana göstərib və yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya nümayəndəsinə uduzub. İdmançımız bürünc medal görüşünə çıxıb. Kanadalı rəqibinə aman verməyən Süleymanov vaxtından əvvəl qalib gələrək, dünya 3-cüsü olub.

Şamil Zubairov isə erməni rəqibinə heç bir şans verməyib. O, daha sonra Qazaxıstanlı rəqibini məğlub edərək növbəti mərhələyə addımlayıb. İdmançımız Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb. Ukraynalı güləşçiylə qarşılaşma dramatik keçib. Sona 6 saniyə qalmış həlledici xalı qazanan Zubairov minimal fərqlə qalib gəlib. Yığma üzvü noyabrın 18-də finalda mübarizə aparıb. Həlledici qarşılaşmada da əla mübarizə sərgiləyən təmsilçimiz dünya çempionu olub.