BAKI, 6 noyabr - Sputnik. "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmalar" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, konfransda millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvi Sədaqət Vəliyeva çıxış edib. O bildirib ki, vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmaların işlənib hazırlanmasında əsas məqsəd bu xəstəliklərdən ölənlərin sayının azaladılmasıdır. Əsas hədəf 2035-i ilə qədər vərəmdən ölüm hallarının 95 faizədək aşağı salınmasıdır.
Deputat onu da qeyd edib ki, bu istiqamətdə Səhiyyə Nazirliyi tərəfindən bir çox işlər görülür. Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığın aparılması da bu işə müsbət töhfə verəcək.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Sayohat Həsənova isə çıxışında Avropa regionundakı vərəm xəstəliyi ilə bağlı son vəziyyətdən danışıb. O qeyd edib ki, təkcə 2016-cı ilin statistikasına görə, 290 min vərəmli xəstə qeydə alınıb və onların 32 mini uşaq, 87 mini isə qadındır.
S.Həsənova vurğulayıb ki, regionda hər 20 dəqiqədə 1 nəfər dünyasını dəyişir. Hər gün 13 uşaq isə məhz vərəm xəstəliyindən dünyasını dəyişir: “Avropada vərəmli xəstələrin sayına nəzər yetirdikdə, burada 100 minə 32 vərəmli xəstənin düşdüyünü görə bilərik. Vərəmlə bağlı hazırlanan xəritəyə nəzər yetirdikdə regionumuzun həm qalib, həm də bəzi məsələlərdə məğlub olduğunu deyə bilərik. Avropa ilə müqayisədə regionumuzda vərəmin azalma tempi daha yüksəkdir”.
“Əsas uğurlardan biri isə vərəmli xəstələrin daha tez aşkarlanmasıdır. Regionda vərəm xəstəliyinin aşkarlanma tempi Avropa ilə müqayisədə yüksəkdir” – deyə o vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi regionda QİÇS xəstələrinin də sayının artdığını bildirib: “Hər il regionda QİÇS xəstələrinin sayı artır. Regionda hər il, təxminən, 12-13 faiz artım nəzərə çarpır. Xəstələrin sayının artması ilə əlaqədar olaraq ölüm hallarında da 12 faiz artım nəzərə çarpır”.
Daha sonra deputat Sədaqət Vəliyeva regionlardakı vəziyyətdən danışıb. Bildirib ki, regionlarda əldə olunan nəticələr vəziyyətin heç də yaxşı olmadığını deməyə əsas verir: “Bu sırada Xocavəndi xüsusi ilə qeyd etmək olar. 2017-ci ildə rayonlar üzrə Xocavənddə epidemioloji vəziyyət gərgin olub. Bundan başqa, xəritədəki digər regionlarda, o cümlədən də Oğuz və Qaxda da göstəricilər heç də ürəkaçan deyil. Bu isə onu deməyə əsas verir ki, regionlarda vərəmlə mübarizə lazımınca aparılmır”.
Regionların vərəm xəritəsini nümayiş etdirən S.Vəliyeva 2013-cü ildə ARV-yə cəlb olunanların 60, 2017-ci ildə isə 83 faiz olduğunu söyləyib. Bildirib ki, geniş saylı dərmanlara davamlı vərəm xəstələrin 325 nəfəri müalicəyə cəlb olunub: “2017-ci ildə aşkar olunmuş 3871 vərəmli xəstələrin 373 nəfəri 0-17 yaş uşaq və yeniyetmələr olub. Uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəricisi 15 faiz olub”.
Deputatın sözlərinə görə, bu gün Azərbaycanda təkrar müalicə olunanlar 74 faiz təşkil edir. “2012-2013-cü illərdə Azərbaycanda çoxsaylı dərmanlara davamlı vərəmlər 13 faiz təşkil edib. Son bir ildə bu faiz 12-yə düşüb. Azərbaycanda uğurlu müalicə 59 faiz təşkil edir”.
S.Vəliyeva 2013-2017-ci illəri əhatə edən vərəmli xəstələrin İİV müayinəsinə ARV terapiyaya cəlb olunması üzrə göstəricilərin dinamikası ilə bağlı statistikaları da açıqlayıb. Qeyd edib ki, “2016-cı ildə bu faiz 79, 2017-ci ildə 81 olub. İİV-ə görə müayinədən keçənlərin faizi 2016-cı ildə 79, 2017-ci ildə 83 nəfər təşkil edib.