HADİSƏ

İki rayonumuzda eyni gündə eyni bədbəxt hadisə yaşandı

Qaxda uşağı at vurdu, Bərdədə dişlədi
Sputnik

Şahpəri Abbasova, Musa Muradlı, Sputnik Azərbaycan

BAKI,  27 oktyabr — Sputnik. Qax rayonunun Qaratala kəndində bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Yaqub Qəhramanovun nəvəsi Yaqub Qəhramanlı at vurması nəticəsində xəstəxanaya düşüb.

İnsanın ən etibarlı dostuna xidmət və ya kişinin atı nallı olar

Kənd sakini atı arabadan ayıran zaman nəvəsi arxa tərəfdə olub. Bu zaman at qəflətən təpik atıb. Ağır bədən xəsarəti alan 5 yaşlı uşağın vəziyyəti ağır olduğundan Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti orta-ağır olaraq qalır.

Atla bağlı daha bir olay Bərdənin Lənbəran kəndində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Kəlbəcər rayon sakini, 2002-ci il təvəllüdlü məcburi köçkün Aslanov Ayxan Qorxmaz oğlunu at dişləyib. Ailəsi ilə birgə müvəqqəti Lənbərənda məskunlaşan 16 yaşlı yeniyetmə sağ qolunun çiyin nahiyəsindən ağır xəsarət alıb, yaxınlarının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralıya tibbi yardım göstərilib.

Hal-hazırda həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.