BAKI, 19 oktyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1281-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1281-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
Qeyd edək ki, Azərbaycan Respublikasının "Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda deyilir:
"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268; 2018, № 5, maddə 881, № 7, maddə 1422) aşağıdakı dəyişikliklər edilsin:
1. 68.1-ci maddənin üçüncü cümləsinə "müvafiq" sözündən sonra "ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən" sözləri əlavə edilsin.
2. 171-ci maddə üzrə:
2.1. maddənin adına "şəxslərin" sözündən sonra "cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya" sözləri əlavə edilsin;
2.2. 171.1-ci maddəyə "cəzadan" sözündən əvvəl "cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya" sözləri əlavə edilsin;
2.3. 171.2-ci maddədə "onun" sözündən sonra "cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya" sözləri əlavə edilsin və həmin maddədə "altı ay" sözləri "bir il" sözləri ilə əvəz edilsin".