Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 19 oktyabr — Sputnik. İçib, oğurlayıb və həbsxanaya düşüb. Polis əməkdaşları Bakıda “Mercedes” qaçıran kişini tutublar. Bu barədə Sputnik Azərbaycan-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Nizami RPİ-nin 25-ci polis bölməsinin əməkdaşları kişini oğurladığı 90 HM 25 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə birlikdə 18 oktyabr saat 18:30-da Tbilisi prospektində, 27 saylı yaşayış binasının qarşısında saxlayıblar.
Məlum olub ki, saxlanılan şəxs əvvəllər oğurluq üstündə AR Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olmuş Bakı sakini, 1987-ci il təvəllüdlü Ağacanov Roman Oruc oğludur.
Araşdırma zamanı məlum olub ki, Ağacanovun oğurladığı avtomobil onun tanışı, 1964-cü il təvəllüdlü Həsənov Yunis Şəmistan oğluna məxsusdur. Ağacanov maşını oğurlayarkən sərxoş vəziyyətdə olub. Hadisə oktyabrın 16-da baş verib. Həsənovun maşını Azər Manafov küçəsindəki 23/47 nömrəli yaşayış binasının qarşısından oğurlanıb. Ağacanov oğurluq avtomobildə iki gün gəzib. Lakin Roman Ağacanovun oğurluq maşınla bağlı romantikası cəmi iki gün — polis onu saxlayana qədər çəkib.