BAKI, 13 oktyabr — Sputnik. Qara dənizdə Panama bayrağı altında üzən və metal daşıyan gəmi batıb. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Rosmorreçflot”un nümayəndəsi bildirib.
Azov limanından çıxan gəmi sahildən 50 mil aralıda, 1,9 kilometr dərinlikdə batıb.
“Gəmi kapitanından onun böyrü üstə əyilməsi barədə sos siqnalı daxil olub. İki Türkiyə və altı Azərbaycan vətəndaşından ibarət bütün ekipaj üzvləri xilas ediliblər” – deyə mənbə bildirib. Ekipaj üzvləri qəza baş verən zaman bərəyə eniblər.
Hazırda Yunanıstana məxsus tanker dənizçiləri Novorossiysk limanına təxliyə edir. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Agentliyin mənbəsi bildirib ki, hələlik qəzanın səbəbləri barədə danışmaq mümkün deyil: “Onun metal daşıdığı nəzərə alınsa, yükün gözlənilmədən bir tərəfə aşaraq, gəminin batmasına səbəb olmasını ehtimal etmək olar”.