İDMAN

Dünyanın gündəmini tutan döyüş: Həbib bunu etməliydi, yoxsa yox?

Məşqçi: “O cür təşkilata və o cür peşəkar idmançıya belə biabırçılıq lazım deyildi”
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Las-Veqas şəhərində irland əsilli döyüşçü Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında çoxdan gözlənilən qaydasız döyüş baş tutub. Döyüşdən öncə iki idmançı arasında gərgin anlar yaşanıb. Belə ki, idmançıların mətbuat konfransında Konor rəqibini təhqir edib, dininə sataşıb. Həbib Nurməhəmmədov isə təhqir olunsa da, heç bir reaksiya verməyib. Sadəcə bu sözləri deməklə kifayətlənib: “Mən bilirəm, siz bu sözü sevmirsiniz. Əlhəmdülillah, mənə gücü Allah verir. Əlhəmdülillah!”

Müasir əlbəyaxa döyüş növlərinin banisi

Nəhayət, döyüş Bakı vaxtı ilə 7 oktyabrda səhər saatlarında baş tutub. Rusiyalı döyüşçü qarışıq döyüş növündə qələbə qazanıb və yüngül çəkidə "Ultimate Fighting Championship — UFC" (Mütləq Döyüş Çempionatı) titulunu qoruyub. Döyüş bitəndən sonra isə Həbib sakitləşməyib və rəqibinin köməkçilərindən birinin üzərinə cumub. İdmançı bu hərəkəti ilə dünya mediasına səs salmağı bacarsa da, etdiyi hücum birmənalı qarşılanmayıb.

Sputnik Azərbaycan idman mütəxəssislərindən rusiyalı idmançının etdiyi hərəkətin nə dərəcədə doğru olduğunu soruşub.Qaydasız döyüşçü, dəfələrlə yarışların qalibi Taleh Nəcəfzadənin fikrincə, döyüşdə hər şey aydın olmuşdu: “Həbib tam üstünlüklə döyüşdə qalib gəldi və rəqibin başını aşağı elədi. Bunun ardından rinqdən kənarda olan insanlara hücum eləməsi idman prinsiplərindən kənardır. Bir peşəkar idmançıya yaraşmayan hərəkətdir”.

Taekvando üzrə beynəlxalq hakim Tural Vəlibəyov məsələyə hakim tərəfdən fikir bildirib: “Mediadan gördüyümüz qədəri ilə idmançı döyüşə böyük aqressiya ilə çıxmışdı. Çünki döyüşə kimi böyük təhqirlərə məruz qalmışdı. Əvvəla, təşkilat komitəsi bu cür təhqirlərə imkan verməməliydi.  Amma Həbib Nurməhəmmədov qələbəsi ilə artıq hamıya kim olduğunu sübut etmişdi. Gərək o əsəblərinə sahib çıxıb, artıq hərəkət etməyəydi. Onsuz da Həbib Nurməhəmmədov qalib idi”.

“Düşünürəm ki, döyüşdən çıxıb, azarkeşlər arasında dayanan istənilən kəsə əl qaldırmaq çempiona yaraşmayan hərəkət idi. Hətta Həbib özü də hər kəsdən üzr istəyib və düzgün addım atmadığını qeyd edib. Şəxsən mənim hakimlik etdiyim döyüşdə belə bir hal baş versə, həmin idmançını cəzalandıraram” – hakim əlavə edib.

Məşhur futbolçunun əlbəyaxa davasının video-görüntüsü yayıldı

Kikboksinq üzrə qadınlardan ibarət milli komandasının baş məşqçisi və kikboksçu Anar Süleymanovun sözlərinə görə ki, yarışdan öncə baş verənlər döyüşün şou hissəsi idi: “Həvəskar rinqdə idmançı qalib gəlməyi düşünür. Peşəkar rinqdə isə vəziyyət bir qədər fərqlidir. Peşəkar rinqdə idmançı həm şou göstərməlidir, həm də döyüşməlidir. İdmançı şou göstərməsə, təşkilatçılar tərəfindən növbəti döyüşlərə çağırılmır. Təbii ki, təşkilatçılar adətən aqressiya yaradırlar, araya söz ataraq idmançıları qıcıqlandırırlar ki, döyüş daha maraqlı olsun”.

“Təbii ki, bu da döyüşə qədər olmalıdır. Konorun etdiyi məhz peşəkar rinq üçün nəzərdə tutulan şou idi. Bircə söyüşü çıxmaq şərti ilə. Amma döyüşdən sonra Həbib Nurməhəmmədin etdikləri isə lazımsız idi. Eyni zamanda peşəkarlıqdan uzaq bir hərəkət idi. O cür təşkilata və o cür peşəkar idmançıya belə biabırçılıq lazım deyildi” – məşqçi vurğulayıb.