RUSİYA

İran son şansı uğrunda mübarizə aparır

Suriya rejimin çökməsi Tehranın geosiyasi mövqelərinə ciddi zərbə vura bilər
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. İranın cənubunda keçirilən hərbi paradda reallaşdırılan terror aktını Tehranın Hörmüz boğazında başladığı hərbi təlimə cavab kimi dəyərləndirənlər var. Xatırladaq ki, Əhvazdakı terror nəticəsində ölən və yaralananlar var.

İranda hərbi parad zamanı terror oldu, ölənlər var — VİDEO

Bu terrordan dərhal sonra İran Əhvaz teraktının təşkilatçılarına və onların Suriyada Fərat çayının şərq sahilində yerləşən obyektlərinə raket zərbələri endirib. Raket zərbəsi nəticəsində çox sayda terrorçunun öldürüldüyü bildirilib.

Əsədə üsyançıları əzməyə yardım edən Tehran Suriyada raket fabrikləri şəbəkəsi yaratmağa cəhd etdi. Bütün bunlar Qüds qvardiyasının lideri Süleymaninin İran prezidenti Ruhani əleyhinə apardığı eqo savaşı təsiri bağışlayır. Süleymani "Qüds" qüvvələrinin vəkilləri vasitəsilə dörd ərəb paytaxtına: Şam, Beyrut, Bağdad və Sənaya az-çox nəzarət edir. İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bəyan edib ki, "bu, bir başlanğıc idi, davamı gələcək".

Beləliklə, İran Suriya məsələsində əsas söz sahiblərindən olduğunu və danışıqlar prosesində bunun nəzərə alınmasının vacibliyini vurğulayır. Tehran Bəşər Əsəd hakimiyyətini açıq şəkildə dəstəkləyir. Belə ki, Suriya rejimim çökməsi Tehranın geosiyasi mövqelərinə ciddi zərbə vura bilər. Suriyada gedən vətəndaş müharibəsinin belə bir sonu İranın ərəb dünyasında mövqelərini zəiflədər, onun regionda cərəyan edən proseslərə təsir etmək və Livandakı "Hizbullah" şiə hərəkatına dəstək göstərmək imkanını azalda bilər.

Qətər qaz kəmərinin tikintisi ilə bağlı planları da nəzərə alaraq, qeyd etmək olar ki, Əsədin məğlubiyyəti İranın iqtisadi maraqlarına da ciddi zərbə vurardı. Bu baxımdan, ehtimal edə bilərik ki, İran Əsəd rejiminə dəstək verməkdə davam edəcək. Onu da unutmaq olmaz ki, Suriyada baş verənlər İran — Səudiyyə Ərəbistanı qarşıdurmasının da dərinləşdirir. Bölgədəki situasiyanın əsas amillərindən birinə çevrilən bu ziddiyyətlər hər an hərbi qarşıdurma ilə sonuclana bilər.

Hal-hazırda Suriyadan başqa İraq, Livan, Yəmən və Bəhreyndə də qarşıdurma geniş vüsət almaqdadır. Məsələ ondadır ki, ərəb dövlətlərinin dağılması prosesi şiə İranın sünnilərin üstünlük təşkil etdiyi Yaxın Şərqdə mövqelərini gücləndirir. ABŞ-ın müdaxiləsi nəticəsində ərəb dünyasının əsas dayağı olan Qahirə-Dəməşq-Bağdad üçbucağı dağıdıldı. 2003-cü ildə Amerikanın işğal etdiyi İraq faktiki olaraq bir neçə hissəyə bölündü. Misirdə oxşar hadisələr yaşandı. Suriya dünya siyasətindəki gücünü itirdi.

İran ordusu əks-hücuma keçdi

Belə bir şəraitdə Yaxın Şərqdə İran və Türkiyə kimi oyunçular ön plana çıxdı. Yaranmış vəziyyətdən istifadə edən İran bölgənin fövqəldövləti statusunu möhkəmləndirmək niyyətindədir.

Bəllidir ki, Suriyadan sonra Qərbin hədəfi İran və Türkiyə olacaq. Qərb Kürdüstan dövlətinin qurulmasına cəhd göstərir. ABŞ-ın vassalı kimi nəzərdə tutulan Kürdüstan Rusiyanın geosiyasi maraqlarına da ziddir. Bu baxımdan İran — Türkiyə — Rusiya üçbucağı ilə yanaşı, digər formatlar da qurulmaqdadır.

Rusiya və Çin ABŞ-ın cızdığı təhlükəli geosiyasi planlara qarşı çıxır. Rusiya Türkiyə və Misirdən sonra Səudiyyə ilə anlaşsa da, hələ ki durum çox kövrəkdir. Bölgədə risklərin sayı artarsa, Rusiya bu prosesdən boyun qaçıra və Ər-Riyada köməklik göstərməyə bilər. Çünki Səudiyyə açıq-aşkar ABŞ və İsraillə müttəfiqlik münasibətlərini qorumaq fikrindədir. Əgər bu müttəfiqliyin taktiki hədəfi İrandırsa, strateji hədəfi Rusiyadır.

Bu baxımdan hesab edirəm ki, Kreml vəziyyəti yaxından monitorinq edərək çox ehtiyatlı davranacaq. Bununla belə, Ər-Riyad Suriyada İranla müharibə məsələsində nüfuzlu müttəfiqlər tapa bilməsə, Səudiyənin ölkə daxilindəki vəziyyəti ağırlaşa bilər. Əgər, ABŞ İranla münasibətlərini normallaşdırar və öz neft hasilatını artırarsa, Vaşinqtonun səudilərin neftinə olan ehtiyacı aradan qalxa bilər.

Burada bir məsələyə də diqqət yetirək. İstənilən halda, bu prosesin nəticəsində qazanan tərəf ABŞ və İsrail olacaq. Səudiyyənin İranla qarşıdurması İsrailin marağındadır. Amerika isə maddi qazanc əldə etməyi planlaşdırır. Bir sözlə, müsəlman ölkələrinin qanlı savaşından ən çox qazanan iki ölkə var – ABŞ və İsrail…