TƏHLİL

Əhali böyük sual qarşısında: Əgər bu fakt isbatını taparsa...

Payız və qış mövsümlərini birləşdirən yeni-köhnə bir "paz"la üz-üzəyik
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Məişətdə eyni problem haqqında dəfələrlə deyinəndə, adama "çürükçü" deyirlər. Hansısa ictimai, sosial neqativi ikinci dəfə dilə gətirsən, "aha, kampaniya aparır" maneəsi ilə üzləşirsən.

"Qaynar xətlər" zəng əlindən dolub-daşır: Təəssüf, çox təəssüf...

Yaxşı, neynəməli? Gördüyün problem həllini tapmırsa, "mən sözü bir dəfə deyirəm" deyə qapılıb yerində oturmalı? Üstəlik, cəmiyyətə sıxıntı yaşadan həmin zad, heç 2-3 dəfəynən də əmələ gəlmir, axı. Gərək, boğazın yırtılanadək deyinəsən, söylənəsən, şikayət edəsən, yazasan-pozasan ki, bəxtin oyana.

Baxın… "Hər mövsümün öz gözəllikləri var" deyirlər ha, doğrudur, var. Bir də öz qayğıları, dərd-səri, azar-bezarı var (Ən azından bizdə, başqalarının adına danışa bilmərəm).

Məsələn, payız öz qədəmlərini yurdumuza çox sərt şəkildə basdı. Yağdı, əsdi, coşdu, gurladı. Biz də şəhər küçələrində üzdük, titrədik, inildədik, hürkdük və s. Bunlar bir yana (mövzuya təkrar qayıtsaq, adımızı kampaniyaçı çıxararlar).

İndi ölkəmizdə payız və qış mövsümlərini birləşdirən dəyər olan başqa bir (yeni-köhnə) "paz"la — qazla üz-üzəyik. Bəlli olduğu kimi, havalar soyuyan kimi, bizdə tərs mütənasib proses başlayır. Yəni, mənzillərə verilən təbii qazın təzyiqi artmaq əvəzinə azalır. Bu fakt 10 milyona yaxın əhalinin özünü qanan heç bir nəfərinə sirr deyil. Amma gəl, qarşı tərəfi buna inandır!

Deməli, bir qrup Sumqayıt sakini Sputnik Azərbaycan-ın redaksiyasına şikayət məktubu (təbii ki, o şikayətlərin birbaşa ünvanı olan aidiyyatı qurumların "başı qarışıq" olanda, vətəndaş məcburən mətbuata üz tutur) göndərib. Məktubda diqqətə çatdırılıb ki, mənzillərə qaz verilişi tez-tez dayandırılır, yaxud da təzyiqi aşağı salınır.

Əhalinin köhnə dərdi təzələnməyə başlayıb, rəsmi qurum isə iddiaları təkzib edir

"Qaz plitəsinin üstündə çaydanı qaynatmaq praktiki olaraq mümkün deyil. Hamamda isə yalnız gecəyarısı, qonşular şirin yuxuda olan zaman yuyunmaq mümkündür. Çünki yalnız həmin vaxtlarda qazın təzyiqi bir qədər artır və su qızdırıcısı suyu nisbətən çimmə temperaturuna qədər isidə bilir" – deyə şikayətçi sakinlərdən biri bildirib.

Sözügedən iddiaya (ki, yenə deyirik, ölkədə kimsəyə sirr olmayan faktdır) "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayevin də cavabı gecikməyib. Elə həmin gün sayta açıqlama verən cənab Kərbəlayev vurğulayb ki, bu cür söz-söhbətlər əsassızdır və təbii qaz mövsümdən asılı olmayaraq, istehlaka uyğun verilir.

"Azəriqaz" yetkinlisi əminliklə bəyan edib ki, tələbatın artmasına uyğun olaraq qaz verilişi də artırılır: "Əgər yay vaxtı qaz istehlakı 5-10 milyon kubmetr çərçivəsində dəyişirsə, qışda qaz xərcləri iki dəfə artır. Hazırda respublika ərazisində qaz verilişində heç bir problem yoxdur. Əhali tələbata uyğun olaraq tam surətdə qazla təchiz edilir".

Rəsmi qurumun bu cavabı kiməsə təəccüblü gəldi? Heyrətdən gözləriniz bərəlmədi ki, "axı, belə deyil…" deyə? Heç üzünüzdəki məna ifadəsi də dəyişmədi, doğrudur? Başqa bir cavab da gözləmirdiniz, deyilmi? Bəli, elə biz də!

Başqa nə cavab gözləyə bilərik ki?! Vətəndaşın şikayətini hansı quruma yönəldirsən, üzünə dirəşir ki, "elə bir fakt yoxdur, sübut eləsin!". Nəyi sübut eləsin, ay yoldaş? Məsələn, qazın təzyiqinin azalıb-azalmadığını sübut eləmək üçün səni evindəmi gecələtsin? Yoxsa, ürək ritmini 24 saat izləyən aparat kimi öz canınamı yapışdırsın səni? Ki, 24 saat nəbzini nəzarətdə saxlayasan…

Əşşi, nəysə. Bir lətifə ərz edək, keyfimiz açılsın (adımız çürükçüyə çıxıb, onsuz da):

Dükanın qarşısında ayaqqabının dabanlarını mismarlayan bir pinəçi qəfildən göyə tullanır, bir-iki dəfə göydə mayallaq aşıb yerə düşür. Sonra başlayır işinə davam etməyə. Bunu görən bir əcnəbi fotoqraf qaçır ustanın yanına ki, "mən bayaqkı qeyri-adi hərəkətinizi qaçırdım, xahiş edirəm, onu təkrarlayın, lentə alım".

Pinəçi burunaltı mızıldanır:

- İşim-gücüm var.

- Xahiş edirəm…

- A kişi, əl çək yaxamdan!

- Yalvarıram, həmin hərəkəti təkrarlayın, ələdüşməz kadrlar olacaq. Bu, mənim karyeram üçün çox vacibdir.

- İndi nə deyirsən? Deyirsən ki, sən karyera quracaqsan deyə mən öz naməhrəm orqanıma bir çəkiş də ilişdirməliyəm? Yeri get o yana!