İDMAN

Alman cüdoçu: “Yenidən dünya çempionu olmağa çalışacağam”

Azərbaycan yığmasının cüdoçularını çox güclü rəqib adlandıran Viçerzak komandanın heyətində dünya səviyyəli idmançıların yer aldığını vurğulayıb
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. “Dünya çempionatının startını səbirsizliklə gözləyirəm. Yarışa çox yaxşı hazırlaşmışam. Bütün gücümü sərf etmişəm və müsbət nəticəyə ümid edirəm”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Almaniya millisinin cüdoçusu Aleksandr Viçerzak Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşərkən deyib. Ötən il Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında 81 kq çəki dərəcəsində qızıl medal qazanmış 27 yaşlı idmançı eyni uğuru təkrarlamağa çalışacağını söyləyib.

Azərbaycan yığmasının cüdoçularını çox güclü rəqib adlandıran Viçerzak komandanın heyətində dünya səviyyəli idmançıların yer aldığını vurğulayıb. Baxmayaraq ki, onun çəkisində azərbaycanlı cüdoçu yer almayacaq.

Qeyd edək ki, Aleksandr Viçerzak “Bakı 2015” I Avropa Oyunlarının bürünc medalçısıdır.