HADİSƏ

Döyməli əl: Rusiya polisi Bakı sirrini açmağa kömək edəcəkmi?

Suraxanı rayonunda törədilmiş iki qeyri-adi və oxşar cinayətin bəzi detalları Sputnik Azərbaycan-a məlum olub
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. 2017-ci ilin sentyabrında Suraxanı rayonunda cəsədin hissələrə bölünməsi ilə müşayiət olunan vəhşicəsinə törədilmiş qətlin bu il avqustun 23-də elə həmin rayonda aşkarlanmış analoji cinayətlə əlaqəsi yoxdur. Bunu Sputnik Azərbaycan-a Suraxanı rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər.

Sputnik Azərbaycan bir müddət əvvəl xəbər vermişdi ki, Bakıda vəhşicəsinə törədilmiş qətl hadisəsi qeydə alınıb. Suraxanı rayonunun Bülbülə qəsəbəsində zibil qutusunda kəsilmiş kişi əli tapılıb. Suraxanı Rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, kişinin sağ əli kəsilib. Bədən üzvünə baxış zamanı əlin balta vasitəsilə kəsildiyi müəyyən edilib. Ekspertlər əlin üzərində döymə aşkarlayıblar. Döymədə nərd oyunu zamanı istifadə edilən 5 nöqtəli zər təsvir olunub. Kriminal aləmdə belə döymələr onun sahibinin həbsxana müddətini təkadamlıq kamerada keçirdiyini ifadə edir. Lakin barmaq izlərinin olduğu məlumat bazasında aparılan araşdırmalar kriminalistlərə heç bir ipucu verməyib. Böyük ehtimalla qətlə yetirilmiş şəxs əvvəllər Rusiyada, Gürcüstanda, ya da digər MDB ölkəsində həbsdə yatıb. 

Avtoritetin əli: Bakıda zibil qutusunda bədən hissələri tapılan şəxs kimdir?

Bu, Suraxanı hüquq-mühafizə orqanlarının praktikada rast gəldiyi ikinci belə "parçalanma"dır. Hələ 2017-ci ilin 5 sentyabrında Azərsu ASC-nin Hövsan Aerasiya Stansiyasının kollektorunda Makarov tapançası ilə qətlə yetirilərək hissələrə parçalanmış kişi meyiti tapılıb. Onun saçları, qaş və kiprikləri qırxılmış başı da aşkarlanmışdı. İstintaq orqanlarının qənaətinə görə, qatil öz qurbanını ona görə bu hala salıb ki, onu tanımaq mümkün olmasın. Öldürülən şəxsin paltarları da tapılmayıb. İndiyədək itkin düşmüş şəxslərlə bağlı məlumat bazasında aparılan tədqiqatlar da bir nəticə verməyib. İstintaq orqanlarına cinayətin izinə düşmək üçün indiyədək heç bir informasiya daxil olmayıb.

Xatırladaq ki, əvvəllər mütəxəssislər qətlin şəhər kənarındakı kimsəsiz yerlədən birində törədildiyini güman edirdilər. Sonra belə versiya irəli sürüldü ki, hadisə Bilgəh qəsəbəsi ərazisində baş verib. Bunu cəsədin hissələrinin tez tapılması da göstərib. Qatil öz qurbanının bədən hissələrini onun tapıldığı yerin yaxınlığında kanalizasiya kollektoruna atıb. Bu qətl hadisəsinin üstü indiyə qədər açıqlmayıb.

Lakin Suraxanı ərazisində baş verən ikinci hadisənin birinci ilə heç bir əlaqəsi yoxdur. Bununla yanaşı, keçən il baş verən cinayəti araşdırarkən istintaq artıq müəyyən qənaətə gəlməyə imkan verən yeni dəlillərə çatıb. 

Dünyanın ən yaşlı canisi edam edildi

Məlum olub ki, o vaxt Bakıda Günəşli qəsəbəsinin sakini (ad hələlik istintaq maraqlarına görə açıqlanmır) itkin düşüb. Həmin şəxs vəhhabiliyin tərəfdarı imiş. Kişi ayfonların satışı ilə məşğul imiş və bu cihazları əsasən kredit yolu ilə satırmış. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyənləşdiriblər ki, çox adamın ona satdığı malla bağlı borcu var imiş. Buna paralel olaraq o, restoran da icarəyə götürüb və öz biznes tərəfdaşı ilə birgə iş qurubmuş. Sözügedən Günəşli sakini bir müddət Dağıstanda yaşayıb. Belə bir məlumat da var ki, o, orada radikal dini təşkilata qoşulub. Elə bu səbəbdən də onun adı AR Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı rayon şöbəsində qeydiyyatda olub.

Hissələrə bölünmüş cəsədin tapılmasından bir müddət keçəndən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşən şəxsin qohumları ilə əlaqə saxlayıblar. Lakin qohumları qətlə yetirilən şəxsin qalıqlarına baxarkən onun öz yaxınları olub-olmadığını müəyyən edə bilməyiblər. Öldürülmüş şəxsin başı uzun müddət suda qaldığından şişib. Üstəlik, onun saqqalı, qaşları və kirpikləri də qırxılıb. Təəssüf ki, hələlik öldürülmüş şəxsin və itkin düşmüş şəxsin qohumlarının DNT ekspertizasının hansı nəticəni verdiyi məlum deyil.

Maraqlıdır ki, itkin düşmüş Günəşli qəsəbə sakininin qohumlarından fərqli olaraq, tanışları qətlə yetirilmiş şəxslə onun arasında bəzi oxşarlıqları müəyyən edə biliblər. O da maraqlıdır ki, İstintaq-əməliyyat qrupunun əməkdaşları onun restoran biznesindəki tərəfdaşını da sorğu-suala çəkiblər. Asayiş keşikçiləri onun əleyhinə dəlillər tapmayıblar. Lakin biznesmen dindirildikdən dərhal sonra daimi yaşayış yeri olan Moskvaya yollanıb. Bu isə onun tərəfdaşının yox olması ilə bir əlaqəsi olduğuna dair şübhələri artırıb.

Ola bilsin ki, ayfon tacirini borc üstündə öldürüblər, ya da onun qətlə yetirilməsinin səbəbi başqadır. Qeyd edək ki, həmin şəxsin itkin düşməsindən 1 ay sonra, onun telefonundan qohumlarının birinə bu məzmunda SMS gəlib: "Mən sağ-salamatam. Mənə görə narahat olmayın". Bu, onunla bağlı axırıncı xəbər olub. İstintaqın versiyasına görə, bu SMS islamçının itkin düşməsində əli olan şəxs və ya şəxslər tərəfindən də göndərilə bilər ki, qohumları daha onu axtarmasın. Bu, ötən ilin sentyabrında aşkarlanmış "parçalanmış cəsəd"lə bağlı hazırda əldə olan məlumatlardır. İstintaq sözügedən qətlin üstünün açılması istiqamətində öz işini davam etdirir. 

"Qanuni oğru"lar toplandılar: Rusiya kriminalının yeni "xaç atası" seçildi
"Qanuni oğru"lar toplandılar: Rusiya kriminalının yeni "xaç atası" seçildi

Bülbülə qəsəbəsindəki zibil qutusundan tapılmış kəsilmiş döyməli ələ gəlincə, rayonun Polis İdarəsi və Prokurorluğu etiraf edir ki, qatil onların qarşısına çətin tapşırıq qoyub. Onların sözlərinə görə, cinayətkarın yalnız döyməli sağ əli tullamaqda xüsusi məqsədi olub. Yoxsa, o, dərhal bütöv cəsəddən və ya onun bütün hissələrindən xilas olmağa çalışardı. Zibilxananı axtarmaq müsbət nəticə verməyib. Bu səbəbdən də hüquq-mühafizə orqanları sözügedən qənaətə gəliblər.

Ekspertlərin kəsilmiş əldəki tatu ilə bağlı qənaətlərinə gəlincə, bu, sadə bir bəzək deyil, müəyyən məna daşıyan döymədir. Bu, onun sahibinin kriminal dünyadan olduğundan xəbər verir. Heç də bütün keçmiş məhkumlar belə döymə ilə lovğalana bilməzlər. Kriminal aləmin təmsilçiləri avtoritetlərdən kimin cəzalandırıldığını bu işarədən başa düşə bilərlər. Bir sözlə, qatilin KİV vasitəsilə yayılan bu mesajı xüsusilə cinayətkar ünsürlərə ünvanlanıb.

Nəhayət, daha bir versiya da üzə çıxıb: son zamanlar "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) adamları fəallaşıblar, onlar xoşlarına gəlməyən adamları aradan götürürlər. Odur ki, sözügedən kəsilmiş əl cinayətində Qulinin rəhbərlik etdiyi klanın əlinin ola biləcəyi istisna deyil.

Ümid edək ki, tezliklə həqiqət üzə çıxacaq. İstintaq orqanları döyməli əlin sahibinin şəxsiyyətini müəyyən etmək üçün AR Daxili İşlər Nazirliyinə və Rusiyanın hüquq-mühafizə orqanlarına barmaq izləri ilə birgə sorğu göndəriblər.