MƏDƏNİYYƏT

Almaniyada Qarabağ "müharibəsi" və halı pisləşən erməni yazıçı

Anna elə sürətli nəfəs alırdı ki, sanki Ermənistandan Almaniyaya qaça-qaça gəlib
Sputnik

BAKI, 30 avqust — Sputnik. Ötən ilin iyul ayında Almaniyanın Berlin, Potsdam və Frankfurt şəhərlərində keçirilən "Next Stage Europe 3" dramaturgiya festivalına qatılmışdım. Festivalda Rusiyadan beş, Gürcüstandan dörd, Ermənistandan iki dramaturq iştirak edirdi. Azərbaycandan isə mən tək idim.

Sputnik Azərbaycan-ın əməkdaşından böyük uğur

Dramaturqlar festivala müxtəlif mövzulu pyeslərlə qatılmışdılar. Mənim pyesim isə "Saçını satan aktrisa" adlanırdı və Azərbaycanda sənət adamlarının maddi-mənəvi iztirablarından bəhs edirdi.

Festivalda on iki dramaturqun hər biri bir pyeslə iştirak etsə də, onların içindən seçilən ən yaxşı dörd pyes Potsdam Hans Otto teatrında səhnələşdiriləcəkdi. Lakin bu dörd pyesin səhnəyə qoyulmasından bir gün əvvəl digər səkkiz pyesin aktyorlar arasında oxunuşu keçirildi. Ermənistandan festivala qatılan Anna adlı dramaturq xanımın indi adı yadımda qalmayan bir pyesində Qarabağ müharibəsindən və türklərin tarix boyunca ermənilərə "zülm" etməsindən danışılırdı. Pyes aktyor və aktrisalar arasında alman dilində oxunsa da, bizə həm rusca, həm də ingiliscə nüsxəsini vermişdilər.

Oxunuş bitdikdən sonra aktyorlar, aktrisalar və rejissorların xanım müəlliflə müzakirəsi başladı. Müzakirə zamanı da Anna tez-tez türklərin ermənilərə işgəncə verdiklərini, onların əllərini, ayaqlarını kəsdiklərini, qızlarını zorladıqlarını, uşaqlarını, hamilə qadınlarını öldürdüklərini deyirdi. O, bunları dedikcə zaldakı hər kəs diqqətlə mənə baxır, sanki məndən nəsə gözləyirdilər. Mən isə qətiyyən danışmır, heç üz ifadələrimlə də münasibət bildirmir və çox soyuqqanlılıqla onları dinləyirdim.

Erməni dramaturqun adi siyasi münaqişəyə saxta-süni donlar geyindirib ədəbi mühitə sırımasını, yaradıcılığa, sənətə bu cür eybəcər münasibət bəsləməsini iyrənclik kimi görsəm də, buna münasibət bildirəcək qədər də boş, bekar, bayağı görünmək istəmədim. Nəticədə mən sənətimi bu dünyada hər şeydən və hər kəsdən çox sevirəm. Ona xəyanət etmək mənim üçün əxlaqsızlıqdır və mənə görə Anna da bu cür əxlaqsızlıq etmişdi. Amma Annanın cavabı çox çəkmədi.

Ertəsi gün Anna beş yüz nəfərlik zalda, tamaşaçıların arasında əyləşib teatrın səhnəsində oynanılan "Saçını satan aktrisa" peysini izləyirdi. Və tamaşanın sonunda məni – azərbaycanlı dramaturqu səhnəyə "Şərqin Şilleri" deyə çağırdılar. Axı Annanın siyasi mövzulu, müharibəni, savaşı alovlandıran pyesi teatrın səhnəsinə yox, səhnəarxasına layiq görülmüşdü.

Bu hadisədən iki gün sonra Berlində yerləşən Maksim Qorki Teatrında dramaturq Olqa Qryaznovanın "Ruslar yeganə millətdir ki, şam ağacını sevirlər" adlı pyesi oynanıldı. Bizi də tamaşaya baxmağa dəvət etmişdilər. Digər dramaturqlar və festivalın təşkilatçıları ilə birlikdə oturub tamaşaya baxırdıq. Tamaşa alman dilində oynanılsa da, biz proyektorda görünən ingiliscə mətni oxuyaraq aktyorların nə dediklərini anlaya bilirdik.

Məni parkda yatmaqdan xilas edən adam...

Tamaşada azərbaycanlı obrazlardan biri eyni ilə belə deyirdi: "Onlar… Ermənilər Qarabağı işğal ediblər. Onlar hamilə qadınların bətnini yarır, uşaqları, qocaları diri-diri yandırırlar…" Bir də gördüm ki, Anna – həmin erməni xanım dramaturq elə sürətli nəfəs alır ki, sanki Ermənistandan Almaniyaya qaça-qaça gəlib. Oturduğumuz sırada hamının fikri dağıldı. Başımız Annaya kömək etməyə necə qarışdısa, tamaşanın on dəqiqəsini izləmədən ötürdük. Festival təşkilatçıları Annanı da götürüb teatrı tərk etdilər.

Tamaşa bitdikdən sonra Potsdama – qaldığımız hotelə qayıtdıq. İçəri girən kimi Anna ilə maraqlandım. Otağına yaxınlaşıb qapını döydüm. İçəri girəndə yatağa halsızca uzanmış Annanı və onun ətrafına toplaşan digər dramaturqları, festival təşkilatçılarını gördüm. Hamı Anna üçün təcili yardım axtarmaqla məşğul idi. Almaniyada təcili tibbi yardım xidməti turistlərə xidmət göstərmir. Onlar turistlər üçün başqa təcili tibbi yardım xidmətinin olduğunu deyib danışığı bitirmişdilər.

Nə sirr idisə, festival təşkilatçıları da o boyda Almaniyada bir təcili tibbi yardım tapa bilməmişdilər. Dərhal Almaniyadakı səfirlikdə işləyən tanışımla əlaqə saxladım. Vəziyyəti izah edib bir neçə əlaqə nömrəsi aldım və hamısını festival təşkilatçısına verib zəng etməsini istədim. Bir neçə dəqiqə sonra ağ xalatlı iki nəfər Annanı hoteldən çıxarıb maşına yerləşdirdi və xəstəxanaya apardılar.

Bu yazını niyə yazdığıma təəccüblənsəniz, deyim ki, ötən il erməni xanım dramaturqa kömək etdiyimi yazanda kütlə məni atəşə tutmuşdu. Mən adətim üzrə susmuşdum. Bu il sosial şəbəkə mənə həmin paylaşımı xatırladanda hadisənin təfərrüatını yazmaq istədim. Məni – Azərbaycandan olan birini bütün festival iştirakçılarına qaniçən, başkəsən kimi tanıtmağa çalışan Annaya elə bütün festival iştirakçıları önündə mərhəmət göstərib cavab vermişdim.

Bu hadisədən məmnun deyiləm. Buna sevinmirəm də, öyünmürəm də. Ümumiyyətlə, bütün müharibələri siyasi oyun hesab edir, zavallı xalqları bu oyunların qurbanı kimi görürəm. Lakin Annanın bu cür siyasi oyunları sənətə qatması xətrimə dəymişdi. Susub, hər şeyin zamanını gözləmək isə təbiətimdir. O zaman gəlincə də Anna cavabını təkcə məndən yox, həm də alman teatrından, alman aktyorlarından aldı.