MƏDƏNİYYƏT

Dünyaca məşhur müğənni Bakıya gəlir

"Felicita" mahnısının ifaçısı kimi tanınan Al Bano Bakıda konsert verəcək
Sputnik

BAKI, 29 avqust — Sputnik. Məşhur italyalı müğənni Al Bano Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. 

Bildirilib ki, 75 yaşlı sənətçi Azərbaycana Beynəlxalq Cüdo Federasiyasının (IJF) dəvəti ilə gələcək. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimində konsert proqramı ilə çıxış edəcək.

Aygün Kazımova qumarxanada konsert verdi, kişilər heyran qaldı

Daha çox "Felicita" mahnısının ifaçısı kimi tanınan Al Bano ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının açılış mərasimində IJF-nin himnini oxuyub və yarım saatlıq konsert proqram ilə çıxış edib.

Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb. O, 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.

Bakıda təşkil olunacaq cüdo üzrə dünya çempionatı 20-27 sentyabrda keçiriləcək. Yarış üçün biletləri "Asan Xidmət" mərkəzləri, şəhərin bütün kassaları, eləcə də onlayn olaraq iticket.az saytından əldə etmək mümkündür.

Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq, səhər yarışları üçün 1 manat və 5 manat, VİP yerlərə 25 manat, final mərhələsi üçün 2 manat və 10 manat, VİP yerlərə isə 50 manatdır.