TƏHLİL

İdmanın hədsiz kütləviləşməsinin gələcək üçün qorxunc fəsadları

Fiziki güc qalıcı deyil, onun ömrü sahibinin ömrü qədərdir
Sputnik

BAKI, 27 avqust — Sputnik. İdman sağlamlıqdır. Həm də gözəllikdir. Bunlara şübhə yox… Bu bəsit giriş üçün əvvəlcədən üzr istəyirəm, amma hər nə qədər kütləviləşsə də, beynəlxalq arenaları fəth etsə də, sağlamlıq və gözəllik üçün yararlandığımız bir sıra hərəkətlər toplusundan başqa idmana heç bir tərif vermək doğru olmaz.

Dünyada tanınmış idmançımızla bağlı məhkəmə prosesi başladı

Lakin bu gün xüsusilə Azərbaycanda idman həddən artıq diqqət mərkəzindədir. İdman komplekslərinin çox olması, idmançılarımızın beynəlxalq yarışlarda qələbəsi, təntənəli idman tədbirləri, nəhəng stadionlar, şəhərin müxtəlif  yerlərində idmançıların, idmanla bağlı məkanların, idman yarışlarının şəkilləri və digər bu kimi hallar yetişən nəsilin idmançı olmaq arzusuna gətirib çıxarır. 

Bunu adi məişət həyatınızda özünüz də müşahidə edə bilərsiz. Azyaşlı oğlan uşaqlarının müxtəlif idman təbliğatları sayəsində dərs oxumaqdan yayınıb vaxtını daha çox idmana sərf etməsi, hansısa idman növü üzrə məşqə getmək üçün valideynlərini razı salması, orta məktəbi bitirən kimi də ən yaxşı halda İdman Akademiyasına qəbul olunması buna misaldır. Məsələn, son bir neçə ildə İdman Akademiyasına qəbul üçün müraciət edənlərin sayı dəfələrlə artıb.

Yanlış anlaşılmasın, mən əsla o niyyətdə deyiləm ki, kimsə idmanla məşğul olmasın. Buna heç bir halda ixtiyarım da yoxdur. Ən əsası isə kiminsə arzu-istəklərinə qarışmağı ən böyük ədəbsizlik hesab edirəm. Mənim üçün mühüm olan odur ki, idmanın bu qədər kütləviləşməsinin, idman təbliğatının gələcək üçün təhlükəli fəsadları var.

İdman, əsasən fiziki güc üzərində qurulmuş sahədir. Bəzən idman sahələrində ağlın, məntiqin istifadə olunduğu deyilsə də, buradakı fəndlər üçün lazım olan ağıl və məntiq ümumbəşəri faydalı zəka deyil. Əlbəttə, hamının ümumbəşəri faydalı zəkaya sahib olmaq məcburiyyəti də yoxdur. Bəs əgər kütləvi hal alan idman sevgisi gələcək üçün potensial faydalı zəkaların qarşısını alırsa, onda necə?

Mükəmməl riyaziyyat-fizika, kimya-bilogiya, tarix-ədəbiyyat kimi elmləri mənimsəmə qabiliyyəti olan uşaqlar belə, ölkədə idmana hədsiz marağı görüb gələcəklərini idman üzərində qurmağa çalışırlar. Ən pis tərəf də odur ki, gələcəyin bu idmançıları onlara adi məişət həyatında lazım olacaq qədər də elmi-mədəni biliklərə yiyələnmirlər. Bütün enerjilərini yalnız fiziki quruluşlarına, biləklərinin, əzələlərinin möhkəmliyinə sərf edirlər. Bu isə yalnız qolunun, ayağının  gücünə güvənən, elm və mədəniyyətdən yoxsul bir nəslin yetişməsi deməkdir.

İdman ictimaiyyətində şok effekti yaradan hadisəyə aydınlıq gətirildi

Uzun zaman bu barədə düşündüm. Ağlına, şüuruna inandığım kifayət qədər mühüm insanlarla müzakirələr də apardım. Bəziləri bildirdilər ki, müharibə şəraitində olduğumuz üçün bizə fiziki güc lazımdır. Bu həm də ordunun qüvvətli, cüssəli, güclü əsgərlərdən, hərbçilərdən ibarət olması deməkdir. Hər nə qədər müharibənin, savaşın əleyhinə olsam da, real dünyəvi vəziyyəti nəzərə alıb bununla da razılaşıram. Amma tarixə nəzər salanda başqa nüansı müşahidə edirik.

Çox uzağa getməyək. Dünyanın hələ ki, sonuncu dəfə gördüyü İkinci Dünya Müharibəsindən misal gətirək. 1939-cu illərdə ilk qığılcımları yaranan bu böyük savaş 1945-ci ilə qədər davam etdi. Bütün savaş ölkələri ağıla gələ biləcək hər cür fiziki gücdən, silahdan, hiylədən, tələdən yararlandılar. Sonda müharibə nəyin və daha doğrusu kimin sayəsində bitdi?

Bilənlər üçün təkrar edim, bilməyənlər üçün izah edim ki, İkinci Dünya Müharibəsinin 1945-ci ildə bitməsinin əsas səbəbi ingilis riyaziyyatçı Alan Turinqin almanların "Eniqma" şifrələrini qırması oldu. Alan Türinq almanların "Eniqma" adlı cihazla müharibədə istifadə etdikləri dəyişkən şifrəli mesajlaşmaları deşifrə edir.

Beləliklə, almanların hücum planları, silah bazaları, dəniz qüvvələrinin yeri və digər məlumatlar rəqiblərə məlum olur. Hitlerin məğlubiyyəti qaçılmaz hala gəlir. Tarixçilərin hesablamalarına görə Alan Türniq sayəsində müharibə tez bitir və 14 milyon insanın həyatı xilas olur. 

Bu tarixi həqiqət göstərir ki, müharibədə fiziki güc nə qədər mühümdürsə, ağlın, zəkanın və elmin gücü ondan qat-qat daha mühümdür. Qolu, biləyi, əzələləri qüvvətli, amma elmdən uzaq bir nəsil yetişdirməkdənsə, təhsili, elmi, mədəniyyəti güclü, bilikli və bacarıqlı bir nəsil yetişdirmək təkcə bir rəqibin deyil, dünyadakı bütün rəqiblərinin içində üstünlük qazanmaqdır.

Digər bir tərəfdən fiziki güc qalıcı deyil. Fiziki gücün ömrü sahibinin ömrü qədərdir. Zehni güc isə dünya var olduğu müddət qədər qalacaq. Məsələn, İkinci Dünya Müharibəsində vuruşan saysız-hesabsız hərbçilərdən hansı bu gün bütün dünyada Alan Türinq qədər tanınır və sevilir?

Bu barədə, xüsusilə hər bir valideyn öz övladı haqqında düşünməlidir. Uşaqlara yalnız sağlamlıqları və gözəllikləri üçün kifayət edəcək qədər idman aşılanmalı, digər vaxtlarını, enerjilərini isə elmə, təhsilə, öyrənməyə sərf etmələrini istəməlidirlər.

Əlbəttə, hədsiz sevgisi, istedadı olanlar isə onsuz da sevdikləri idman növü üzrə ixtisaslaşacaqlar. Kütləvi təbliğat gələcəyin kimyaçılarını, fiziklərini, riyaziyyatçılarını, həkimlərini, mühəndislərini, bioloqlarını, ədiblərini, bəstəkarlarını və digər böyük beyinlərini də qolzorlu idmançılara çevirməməlidir!