İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 20 avqust — Sputnik. Qarşıdan Qurban Bayramı gəlir. Bayram günləri qeyri-iş günü olduğu üçün vətəndaşlar bayramı, əsasən, paytxatdan kənarda keçirməyə üstünlük verirlər. Sərnişinlərin rahatlığının təmin olunması məqsədilə bəzi qurumlar bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.
"Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər". Bunu Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.
Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır.
"Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir" — deyə Qədirova bildirib.
O, həmçinin qeyd edib ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi də qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikində dəyişiklik edib.
Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib. O bildirib ki, avqustun 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə, təxminən, 12 min sərnişin Avtovağzaldan yola salınır" — deyə İsakov qeyd edib.
Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada — www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər.
Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiyası nəzarət edəcək.
Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində isə qeyri-iş günüdür.