QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyanın Bakının şərtlərini qəbul etməkdən başqa yolu qalmayıb

Erməni baş nazir gözəl anlayır ki, Ermənistan ilə Azərbaycan arasındakı qüvvələr nisbəti birmənalı olaraq Bakının xeyrinədir
Sputnik

BAKI, 31 iyul — Sputnik. Ermənistanın yeni baş naziri siyasi rəqiblərini əzməklə, qarşıdan gələn parlament seçkilərinə rəqibsiz getmək niyyətindədir. Ermənistanda baş verənlər belə bir sual doğurur: Bütün bu proseslər Qarabağ danışıqlarına hansı dərəcədə təsir göstərə bilər?

Ermənistan hüquq-mühafizə orqanları Köçəryana sürpriz edib

Qeyd edək ki, Paşinyanın baş nazir seçilməsi ilə danışıqlarda taym-aut götürüldü. Paşinyan ölkədə apardığı repressiya siyasətinə haqq qazandırmaq üçün Qarabağ münaqişəsi ilə bağlı radikal bəyanatlar səsləndirir. Lakin yeni baş nazir erməni cəmiyyətinin ümidlərini doğrulda bilmir.

Bu gün Ermənistandakı vəziyyət Sarqsyanın hakimiyyəti dövründəki vəziyyətdən heç nə ilə fərqlənmir. Əksinə vəziyyət daha da ağırlaşmaqdadır. Məsələn, Paşinyanın davranışlarına əsasən demək olar ki, onun əsas məqsədi hakimiyyətdəki mövqelərini möhkəmləndirməkdən ibarətdir, Qarabağ, əslində onu o qədər də maraqlandırmır.

Onu da qeyd etmək lazımdır ki, hazırda iqtisadi inkişafa nail omaq üçün Ermənistanın özünün resursları yoxdur. Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır. İqtisadiyyatı birbaşa Azərbaycanla bağlı olan Gürcüstanın Ermənistana verə biləcəyi heç nə yoxdur, İran və dünya dövlətləri arasındakı münasibətlər isə hər kəsə məlumdur.

Bu baxımdan Ermənistanın kimdənsə yardım almaq imkanı yoxdur. Rusiyaya qarşı nankorluq edən Yerevan Qərb qarşısında diz çökməyə hazırdır. Onun səsləndirdiyi fikirlərdə sətiraltı məna olaraq ortaya çıxır ki, əsas vurğu Qərbin üzərindədir. Görünür, Qərbdəki bəzi əsas dairələr Paşinyanı dəstəkləyir.

Lakin Paşinyan Qarabağ danışıqları ilə bağlı cəmiyyətə mesaj verməlidir. O, Qarabağın danışıqlarda tərəf kimi iştirakını istəyir, əks halda ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edəcəkləri ilə hədələyir. Bu baxımdan, yenə də sual yaranır: Paşinyan hansı addımları ata bilər?

Siyasi araşdırmaçılar hesab edirlər ki, Yerevan qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyini" tanıya bilər. Paşinyan nəzərə almalıdr ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəf məğlub olacaq. Ermənistan bu formatdan çıxmaq istəyirsə, onun bir yolu qalır — Azərbaycanla razılıq əldə etmək.

Vüqar Rəhimzadə: "Dağlıq Qarabağ problemi tək Azərbaycana mənfi təsir göstərmir"

Bir sözlə, Ermənistanın Qarabağla birgə Qərbə inteqrasiyası mümkün deyil. Rusiyanın da artıq münasibəti fərqlidir. Beləliklə, Paşinyan iki od arasında qalıb. Rusiya ilə münasibətlər və Qərbyönümlü siyasətin həyata keçirilməsi kimi aşağıdan gələn tələblər ciddi bir sıxıntıya çevrilməkdədir. Paşinyanın özü millət vəkili olarkən Rusiyanı tənqid edən siyasətçi kimi tanınıb və Serj Sarqsyandan Rusiyadan uzaqlaşıb Qərbə üz tutmağı tələb edən bir neçə simadan biri olub.

İndi baş nazir Paşinyan Rusiya təsirindən çıxmağı düşünsə də, bunun mümkünsüz olduğunu başa düşür və çıxış yolu axtarır. Bu baxımdan, Yerevanın Qarabağ danışıqlarında güzəştə getmək niyyəti müşahidə edilir.

Əlavə etmək lazımdır ki, Nikol Paşinyan mitinqlər zamanı verdiyi vədlərə əməl edə bilmir və o, xilas kəməri kimi Azərbaycanın dövlət başçısı ilə görüşməyə can atır. Onun bir qədər əvvəl səsləndirdiyi "danışıqlarda biz yox, Qarabağ iştirak etməlidir" şüarı artıq mənasızlaşıb. Bunu Paşinyan da dərk edir və Bakıdan qarşılıqlı müzakirələri bərpa etməyi xahiş edir.

Erməni baş nazir gözəl anlayır ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti birmənalı olaraq Bakının xeyrinədir və Yerevan istəsə belə, müharibə variantını ağlından keçirə bilməz.

"Nə hərb, nə sülh" vəziyyəti də uzun müddət davam edə bilməz. Ermənistanın işğalına son qoyulmayınca, vəziyyət gərgin olaraq qalacaq. Cəbhədə toqquşmalar davam edərsə, Bakının ötən ilin aprel əməliyyatını təkrarlamaqdan başqa yolu qalmayacaq. Savaş başlayarsa, Paşinyan öz diletant bəyanatları ilə uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan, onun üçün yeganə yol Bakının və vasitəçilərin şərtlərini qəbul etməkdən keçir…