BAKI, 31 iyul — Sputnik. Ermənistandakı hadisələr ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bəyanatları ilə ziddiyyət təşkil edir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.
"Rusiya Yerevanın müttəfiqi kimi həmişə erməni dövlətinin sabitliyində maraqlı olub, ona görə də orada baş verənlər bizi narahat etməyə bilməz. Bu narahatlıq həmçinin Ermənistanın iştirak etdiyi MDB məkanında fəaliyyət göstərən təşkilatların normal işinin təminatı baxımından da mövcuddur", — deyə o bildirib.
"Son günlər biz öz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinin nəzərinə çatdırmışıq. Ümid edirik ki, vəziyyət konstruktiv məcrada davam edəcək" — nazir əlavə edib.
Onun sözlərinə görə, Moskvada Ermənistanda may ayında baş verən böhran zamanı "böyük məmnuniyyətlə bu böhranın həllinin bütün aparıcı partiyaların iştirakı ilə kompomis əsasında tapılmasını qeyd edirdilər". "Biz ümid edirdik ki, bu nəticədən çıxış edərək bütün siyasi qüvvələr, ilk növbədə Ermənistanın yeni rəhbərliyi, yeni iqtidar birləşdirici yanaşmanı davam etdirəcək, milli birliyi möhkəmləndirəcək", — Lavrov bəyan edib.
"Lakin son günlərin olayları aşkar şəkildə belə müsbət başlanğıcı pozur, Ermənistanın yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bu yaxınlarda verdiyi bəyanatları ilə ziddiyyət təşkil edir", — nazir fikrini yekunlaşdırıb.
Ermənistanın Xüsusi İstintaq Xidməti iyulun 26-da keçmiş prezident Robert Köçəryana qarşı ölkənin konstitusion quruluşunu dəyişmək ittihamını irəli sürüb. Köçəryan məhkəmə qərarı ilə iki aylığına həbs edilib. Keçmiş prezident ittihamların siyası xarakterli olduğunu bəyan edib. Ondan əvvəl isə keçmiş müdafiə naziri Mikael Arutyunyan 2008-ci il 1 mart hadisələri ilə bağlı müqəssir qismində istintaqa cəlb olunub və barəsində axtarış elan olunub. KTMT baş katibi Yuri Xaçaturova da bu iş çərçivəsində ittiham irəli sürülüb. Xaçaturov zaminə buraxılıb.